Aztəminatlı
vətəndaşlara ünvanlı aktiv sosial dəstək mexanizmi
genişlənəcək
Müstəqil Azərbaycan dövlətinin sosial siyasəti cəmiyyətin sürətli inkişafı üçün vacib amil olan sosial rifah səviyyəsinin yüksəldilməsini, respublikada mövcud əmək potensialının səmərəli şəkildə reallaşmasını, iqtisadi tərəqqinin nəticələrinin hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsinə yönəldilməsini nəzərdə tutur. Bu siyasətin əsasında məhz insan amili, onun firavan sabahının təminatı dayanır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunlarına dair iclasında "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır", - deyə vurğulamışdır. İlbəil dinamik xarakter alan, əhalinin həyati mənafeyinin təmin olunmasına xidmət edən bu siyasətin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.
XX əsrin son onilliyində mürəkkəb bir şəraitdə öz dövlət müstəqilliyini bərpa edən Azərbaycanda görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın iradəsi ilə yenidən hakimiyyətə qayıtması nəticəsində milli dövlətçilik konsepsiyasının əsası qoyulmuş və inkişaf etdirilmişdir. Dövlətçilik tarixinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan makroiqtisadi sabitlik, dinamik inkişaf yoluna səfərbər olmuşdur. Ölkədə aparılan iqtisadi islahatların sosialyönümlülük prinsipinə istinad etməsi və yüksək səmərəliliyi iqtisadiyyatda artım tempi ilə paralel olaraq sosial problemlərin uğurlu həlli, rifah səviyyəsində yüksəliş dinamikasına münbit şəraitin yaradılması, dövlətin sosial siyasətinin ilbəil güclənməsi ilə nəticələnmişdir.
Əhalinin maddi-rifah halının daim yüksəlməsinə, etibarlı sosial təminat mexanizminin qurulmasına xüsusi önəm verilməsinin nəticəsi kimi, dövlət büdcəsinin xərclərinin sosial xarakerli olması ənənəvi hal almışdır. 1997-2005-ci illərdə büdcədən xərclənən vəsaitin orta hesabla 50 faizdən çoxu əməkhaqqı, pensiya və müavinətlərin verilməsinə istiqamətləndirilmişdir. Ümumiyyətlə, ulu öndər tərəfindən imzalanan 60-dan artıq sənəd müstəqil ölkədə sosial sahədə inkişafın təmin olunmasına xidmət etmişdir.
Respublikamızın iqtisadi inkişaf konsepsiyasının mühüm tərkib hissəsi olan sosial siyasət ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə daha da zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. ÜDM-nin artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq edən Azərbaycanda yoxsulluğun azaldılması, regional və konkret sahəvi inkişafın təmin edilməsi məqsədilə aparılan məqsədyönlü siyasət nəticəsində əhalinin maddi rifah halının, yaşayış, o cümlədən məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi prosesi davamlı xarakter almışdır.
Yüksək rifahlı cəmiyyətin qurulması, sosial dövlət statusunun gücləndirilməsi məqsədilə atılan mühüm addımların nəticəsi olaraq, son 8 ildə yeni yaradılan iş yerlərinin sayı bir milyonu ötmüş, işsizlik səviyyəsi daha da azalaraq 5,4 faizə enmişdir. Əhalinin gəlirlərində davamlı artım dinamikası, ardıcıl və səmərəli sosial müdafiə tədbirləri yoxsulluq səviyyəsinin kəskin şəkildə azalaraq 2012-ci ilin əvvəlində 7,6 faizə düşməsinə səbəb olmuşdur. 2006-cı ilin ortalarından nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı proqramı icra olunur. Qeyd edim ki, ötən dövr ərzində bu mexanizm daha da təkmilləşdirilmiş, onun əhatə dairəsi genişləndirilmiş, yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları artırılmışdır. 2012-ci ilin birinci rübünün yekununa əsasən, 566 472 nəfər ailə üzvünü əhatə edən 127 234 ailə yardım alır ki, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 106,45 manat, adambaşına isə 23,66 manat təşkil edir. Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə təxminən 3 dəfəyə yaxın artırılaraq cari ilin əvvəlindən 84 manata çatdırılmışdır. Əgər 2006-cı ildə ehtiyac meyarı yaşayış minimumuna nisbətdə 51,7 faiz təşkil edirdisə, hazırda bu nisbət 77,8 faizə yüksəlib. Bu müsbət dinamikanın davam etməsi nəticəsində 2015-ci ilədək ehtiyac meyarının məbləğinin yaşayış minimumuna çatdırılması gözlənilir. Əlbəttə, ünvanlı yardım proqramı aztəminatlı ailələrin yaşayışında mühüm rol oynayır və onları yoxsulluğun doğurduğu çətinliklərdən xilas edir. Lakin öz mahiyyəti etibarilə bu, passiv xarakterli yardım proqramıdır və belə proqramların uzunmüddətli tətbiqi aztəminatlı ailələrdə dövlət yardımlarından daimi asılılığa şərait yarada bilər. Ona görə də mütərəqqi dünya təcrübəsindən irəli gələn iş mexanizmlərinə üstünlük verilməklə, yoxsulluğun aradan qaldırılmasına ünvanlı yardım sistemi ilə paralel şəkildə, aktiv formada da dəstək verilməsi, daha təsirli və effektli olan yeni aktiv sosial müdafiə proqramlarının hazırlanaraq işə salınması bizim fəaliyyətimizdə prioritet isitiqamətlərdən birinə çevrilmişdir.
Bununla bağlı olaraq aztəminatlı ailələrin potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri, beləliklə, gəlirlərini artırmaları üçün onlara aktiv şəkildə dəstək verilməsi, nəticədə onların dövlətin sosial yardımından asılılığının aradan qaldırılması və yoxsulluqdan çıxmalarına şərait yaradılması üçün birdəfəlik ünvanlı sosial yardım - Özünədəstək proqramı hazırlanmışdır. Azərbaycan Prezidentinin sərhədyanı yaşayış məntəqələrinin əhalisinə göstərdiyi diqqət və qayğıya uyğun olaraq, 2011-ci ildə Tovuz rayonunun Vahidli kəndində həmin proqramın sınaq işlərinə başlanılmışdır. Təxminən bir il sonra, yəni cari ilin fevralında biz həmin kənddə Özünədəstək proqramına cəlb olunmuş ailələrlə görüşərək onların mövcud vəziyyəti ilə tanış olarkən proqramın müsbət nəticələrini gördük. Əldə olunan bu müsbət təcrübə aztəminatlı vətəndaşlara aktiv sosial dəstək mexanizmini genişləndirməyə əsas yaratdı. Beləliklə, cari ilin ilk rübündə Füzuli rayonunda icrası davam etdirilən bu proqramın cəbhəyanı bütün kəndlərimizdə, ümumən ölkənin hər bir rayonunda icrasına hazırlıq işləri artıq başa çatdırılır. Masallı, İsmayıllı, Xaçmaz və Bakının Nizami rayonlarında isə Özünədəstək proqramının icrasına başlanılıb.
Aztəminatlı vətəndaşlara aktiv sosial dəstək verilməsi istiqamətində yeni bir addım kimi biz cari ildən ölkəmizdə ilk dəfə olaraq aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsini nəzərdə tutan sosial kreditləşmə proqramına hazırlıq işləri aparırıq.
Ünvanlı sosial yardımdan - ünvanlı dəstəyə keçidi təmin edəcək bu proqramın yaxın perspektiv üçün hətta ikiqat səmərəli olacağı gözlənilir. Yəni güzəştli kreditlər müvafiq potensiallara malik yoxsul ailələrin ilkin mərhələdə şəxsi təsərrüfatlarını inkişaf etdirmələrinə və yoxsulluq səviyyəsindən çıxmalarına, sonrakı mərhələdə isə onların təsərrüfatlarını mütəmadi genişləndirərək yeni işçilər qəbul edilməsinə, son nəticədə aztəminatlı vətəndaşın artıq sahibkara çevrilməsinə imkan verəcək.
Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması möhtərəm Prezidentin diqqət mərkəzindədir. Artıq bu vaxta qədər 5000 nəfərə qədər əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Ötən il noyabrın 17-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Qəbələ rayonunda əlil və şəhid ailələrinə yeni mənzillərin təqdim olunması mərasimində bir daha bəyan etdi ki, "növbəti bir neçə il ərzində növbədə dayanan hər bir əlil və şəhid ailəsi gözəl mənzillərlə təmin ediləcək". Əlbəttə, bu, nazirliyin qarşısında yeni vəzifələr müəyyən edir.
Hazırda Gəncə şəhərində, Sabunçu və Suraxanı rayonlarında hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları inşa olunur və cari ilin sonunadək həmin binalar əlil və şəhid ailələrinin istifadəsinə veriləcək. Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası tikilməkdədir. Yaxın aylarda Səbail rayonunda 12 mərtəbəli 96 mənzilli, Bərdə, Xaçmaz, Şamaxı, Qax rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan, Ağdam rayonlarında isə hər biri 6 mərtəbəli 54 mənzilli yaşayış binalarının inşasına başlanacaq.
Əlillərin dövlət hesabına avtomaşınlarla təminatı işləri də uğurla davam etdirilir. İndiyədək dövlət hesabına minik avtomobili alan müharibə əlillərinin sayı 3250 nəfərdir. 7500-dən çox əlil insan isə əlil arabası, xeyli sayda əlil müxtəlif reabilitasiya vasitələri ilə təmin edilib.
Görülən hər bir işdə müasir yanaşma tərzinə, qabaqcıl dünya təcrübəsinə istinad edilməsi ilə bağlı ölkə rəhbərinin verdiyi tapşırıqlar nazirliyin fəaliyyətində daim rəhbər tutulur. Nazirlik sosial cəhətdən həssas vətəndaşların reabilitasiyası və cəmiyyətə inteqrasiyası işinin daha dolğun və səmərəli təşkilinə, bu sahədə effektli və təsirli ola biləcək yeni layihələrə, mütərəqqi iş üsullarına xüsusi önəm verir.
Dövlət başçısının Bakıətrafı qəsəbələrin inkişafı ilə bağlı təsdiqlədiyi Dövlət Proqramı həmin yaşayış məntəqələrində yeni sosial müdafiə əhəmiyyətli müəssisələrin yaradılması baxımından da qarşıda imkanlar açmışdır. Artıq cari ilin birinci rübündə Bakıətrafı qəsəbələrdə Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın, həmçinin Bilgəhdə Qocalar evi üçün ikinçi korpusun inşasına başlanılmışdır.
Yeni sosial layihələr kimi, Bakı şəhərində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi üçün inzibati binanın, Mingəçevir şəhərində Çernobıl əlilləri üçün Reabilitasiya Mərkəzinin, Penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş insanlar üçün Sosial Adaptasiya Mərkəzinin, ayrı-ayrı bölgələrdə sosial reabilitasiya mərkəzləri və sosial sığınacaqların inşası nəzərdə tutulur.
Son illərdə Bakı və Göyçay şəhərlərində yaradılmış Regional Peşə Tədrisi mərkəzləri vətəndaşların peşə-əmək qabiliyyətinin əmək bazarının mövcud tələblərinə uyğunlaşdırılması üçün peşə hazırlığı kurslarının təşkilində müvafiq maddi-texniki bazaya malik mərkəzlər kimi xüsusi əhəmiyyət kəsb edir. Bu mərkəzlər müasir tələblərə cavab verə biləcək bir səviyyədə yenidən qurulmaqdadır. Eyni zamanda, belə bir mərkəzin Gəncə şəhərində də yaradılması üçün işlər aparılır.
Heydər Əliyev Fondunun dəstəyi ilə nazirliyin Saray və Şağan qəsəbələrindəki internat evlərində artıq nümunəvi şərait yaradılmışdır. Bakıətrafı qəsəbələrdə, həmçinin regional inkişaf proqramına uyğun olaraq, ölkənin bölgələrindəki sosial xidmət müəssisələrində də əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün layihə-smeta sənədləri hazırlanır. Yaxın gələcəkdə onlarda da müasir standartlara uyğun şərait yaradılacaqdır. Hər il 8 000 nəfərdən çox əlilə xidmət göstərən tibbi bərpa müəssisələrində çoxşaxəli sosial reabilitasiya metodlarının tətbiqi, həmin mərkəzlərin əsaslı təmiri və yenidən qurulması, onlarda xidmət səviyyəsinin yüksəldilməsi, yeni müasir tələblərə cavab verən mərkəzlərin yaradılması ilə ölkə üzrə reabilitasiya şəbəkəsinin genişləndirilməsi prioritet istiqamətlərdən biridir.
Möhtərəm Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunlarına dair iclasında korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq təcrübənin tam şəkildə tətbiq edilməsinin, burada həm inzibati, həm də cəza tədbirlərinin gücləndirilməsinin, eyni zamanda, sistemli, institusional xarakter daşıyan islahatların daha da sürətlə aparılmasının vacibliyini bildirmişdir. Nazirlik vəzifəsinin icrasında nöqsanlara, qanun pozuntularına yol verən əməkdaşlar barədə ciddi cəza tədbirləri görür.
Nazirlik xidməti kontingenti olan təxminən 1,5 milyonadək insanla mütəmadi ünsiyyət şəraitində işləyir. Sosial müdafiə işi ilə bağlı həmin insanların rəyinin öyrənilməsi üçün onlara daha da yaxın olmaq məqsədilə nazir Füzuli Ələkbərov və nazirliyin digər rəhbər şəxsləri tərəfindən müxtəlif bölgələrdə əhali ilə müntəzəm görüşlər keçirir, vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri onların yaşadıqları bölgədə özlərinin iştirakı ilə araşdırılır. 2011-ci il və cari ilin ötən dövrü ərzində yalnız nazir tərəfindən bölgələrdə vətəndaşlarla 20-yə yaxın görüş keçirilmiş, onların müraciətlərinə baxılmışdır.
Ümumilikdə, bu müddətdə müxtəlif bölgələrdə 800 nəfərdən çox vətəndaş qəbul edilərək müraciətləri araşdırılmış, bu müraciətlərin böyük qisminin daha çox sorğu xarakterli olduğu məlum olmuşdur. Qəbullar zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensialları olan vətəndaşlar da müəyyən edilir ki, bundan sonra onların aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən "Özünədəstək" proqramına cəlb edilməsi işləri aparılır. Onu da bildirim ki, həyata keçirilən belə tədbirlər nazirliyin fəaliyyət dairəsinə aid sahələrlə bağlı şikayət xarakterli müraciətlərin sayının azalması ilə nəticələnir.
Nazirlikdə yaradılan VC (videokonfrans) sistemi vasitəsilə ayrı-ayrı bölgələrdə yaşayan vətəndaşların distant qəbulu təşkil olunur. Naxçıvan, Gəncə, Göyçay, Lənkəran, Şəki, Abşeron rayonlarında mövcud olan bu sistemin cari il ərzində 30-dan çox rayonda quraşdırılması nəzərdə tutulur.
Hələ ötən ilin əvvəllərində biz ilk addım olaraq, ünvanlı sosial yardım təyin olunmuş vətəndaşlara yardımları almaq üçün kartların rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən deyil, ödənişi həyata keçirən banklar tərəfindən verilməsi prosesinə başladıq. Bu tədbir ünvanlı yardımların təyinatında hər hansı korrupsiya halının baş verməsi riskinin aradan qaldırılmasında mühüm rol oynayır.
Ünvanlı yardımların təyinatında şəffaflığın artırılması və məmur-vətəndaş əlaqəsinin minimuma endirilməsi, qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə ötən ildən ünvanlı sosial yardım üçün poçt və elektron qaydada alternativ müraciət mexanizmlərinin pilot rayonlarda tətbiqinə başlanılmışdır. Cari ilin əvvəlindən artıq 27 rayonda icrası davam etdirilən bu mexanizmlər bütün ölkədə tətbiq ediləcək.
Bu sahədə, ümumən vətəndaşlara xidmət səviyyəsinin yaxşılaşdırılmasında, vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar birbaşa müraciət və xidmətlərdən yararlanmaq imkanlarının xeyli artmasında elektron xidmətlərin təşkili mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin 23 may 2011 tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası olaraq, nazirliyin fəaliyyət istiqamətləri üzrə 11 növ elektron xidmət növünün tətbiqi istiqamətində müvafiq işlər görülməkdədir. Artıq bir hissəsi fəaliyyət göstərən elektron xidmətlərin yaxın vaxtlarda tam tətbiqi təmin ediləcəkdir.
Nazirlik görülən işlərdə şəffaflığın artırılması istiqamətində, həmçinin sosial təminat sisteminin cəmiyyətin real sifarişlərinə uyğun qurulması üçün ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verir. 2011-ci ilin ortalarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin nümayəndələrinin təmsil olunduğu İctimai Şuranın yaradılması nazirlik rəhbərliyinin vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıqda fəaliyyət göstərmək üçün nümayiş etdirdiyi siyasi iradənin əməli təsdiqidir.
Məlum olduğu kimi, "Şəffaflığın artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın (2007-2011-ci illər) icrası 2011-ci ilin sonunda başa çatıb. Bununla bağlı olaraq, korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin Məlumatlandırma və Əməkdaşlıq Şəbəkəsinin həmtəsisçilərindən olan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində dövlət orqanlarının həyata keçirdiyi fəaliyyətlərlə bağlı aparılan monitorinqin nəticələrinə əsasən, 2011-ci ildə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində effektiv fəaliyyət göstərən 3 dövlət orqanından biri kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilib.
İş yerlərində sağlam və təhlükəsiz şəraitin yaradılması istiqamətində sosial tərəfdaşların təşəbbüs və səylərinin birləşdirilməsi və əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təmsil olunduğu Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura yaradılmışdır.
Digər sahələrdə də artıq ənənəvi olaraq ictimai təşkilatlarla birgə işlər aparılır. Əlil və şəhid ailələri üçün mənzillərin bölgüsünü həyata keçirən müvafiq komissiyanın tərkibində də nazirliyin məsul işçiləri, rayon (şəhər) icra hakimiyyəti başçılarının müavinləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrin İctimai Birliyinin, "20 Yanvar" Cəmiyyətinin, Çernobıl Əlilləri İttifaqının, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədrləri təmsil olunur. Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərindəki "Ünvanlı yardım təyin edən Komissiya"ların iclaslarında da mütəmadi olaraq vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakına şərait yaradılır. Eyni zamanda, bu iclaslar sona qədər videokamera ilə çəkilərək saxlanılır və komissiyanın çıxardığı qərardan hər hansı bir narazılıq olduqda həmin videoyazılar əsasında araşdırma aparılır.
İxtisaslamış vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq yeni sosial layihələrin icrası işlərində da davam etdirilir və bu da ümumi nəticələrə müsbət təsirini göstərir. İxtisaslaşmış qeyri-hökumət təşkilatları olan "Ümidli Gələcək" Gənclər Təşkilatı və Uşaq Hüquqları Klinikasının nümayəndələri ilə müntəzəm görüşlər keçirilir və yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası tədbirlərinin təkmilləşdirilməsi, həmçinin nazirliyin nəzdində yaradılacaq yetkinlik yaşına çatmayanlar üçün sosial reabilitasiya mərkəzləri və sosial sığınacaqların fəaliyyət istiqamətləri, müvafiq sosial xidmət standartları, bu sahədə qeyd olunan təşkilatlarla mümkün əməkdaşlıq perspektivləri və s. məsələlər müzakirə olunur. Sosial xidmət müəssisələrinin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi və onların gələcək inkişaf perspektivlərinin hazırlanması məqsədilə BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyi və ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq əlaqələri davam etdirilir.
Elnur KƏLƏNTƏROV,
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi
Aparatının
rəhbəri
Azərbaycan.- 2012.- 5 may.- S. 8.