Azərbaycanın
və Türkiyənin biznes imkanları Londonda müzakirə olunmuşdur
Londonda Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Azərbaycan və Türkiyə arasında biznes imkanlarının müzakirə olunduğu illik forum keçirilmişdir.
AzərTAc xəbər verir ki, "Azərbaycan-Türkiyə - çoxtərəfli investisiya imkanları" mövzusunda keçirilən forumun gündəliyinə enerji, layihə maliyyələşdirilməsi və investisiya bankçılığı, informasiya-kommunikasiya texnologiyaları sənayesinin inkişafı, ərzaq və kənd təsərrüfatı kimi məsələlər daxil edilmişdir.
AAC-nin təsisçisi və sədri Tale Heydərov builki forumun 2011-ci ildəkindən fərqləndiyini qeyd etmişdir: "Biz inanırıq ki, regiondakı bir çox iqtisadi layihələr bu iki ölkəni birləşdirir. Bu, təkcə Azərbaycan və Türkiyənin qardaş ölkələr olması ilə bağlı deyil, həm də coğrafi vəziyyətlə əlaqəlidir. Azərbaycanda əsasən neft və qaz ehtiyatları hesabına sürətlə inkişaf edən iqtisadiyyat mövcuddur və bu ehtiyatlar artıq Türkiyə vasitəsilə Avropa bazarlarına ötürülür. Avropada iqtisadi geriləmə müşahidə olunduğu bir vaxtda bu layihələr həm Azərbaycan, həm də Türkiyədə böyük iqtisadi inkişafa yol açır".
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Piter Beytman vurğulamışdır ki, Azərbaycan dünyəvi, tolerant və azad bir ölkədir. O demişdir: "2005-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ən yüksək artım göstəricisi müşahidə olunmuşdur. 150-dən çox İngiltərə şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlər təkcə enerji sahəsi üzrə deyil, eyni zamanda, satış və maliyyə xidmətləri istiqamətində də fəaliyyət göstərir".
Mövzu ilə bağlı fikirlərini bölüşən Britaniya-Azərbaycan parlamentlərarası qrupun rəhbəri Mark Fild demişdir: "Azərbaycan ilə Türkiyə arasında getdikcə güclənən əlaqələr mövcuddur. İngiltərə hökuməti hər zaman Türkiyənin Avropa İttifaqına (Aİ) qəbul edilməsini dəstəkləmişdir. İngiltərə-Azərbaycan münasibətləri dərinləşdikcə bu əlaqələr üçtərəfli tərəqqini əks etdirmiş olacaqdır".
Cənub dəhlizi layihəsi haqqında müzakirələr zamanı qeyd olunmuşdur ki, Aİ artıq bu ideyanın reallaşmasını istəyir. Azərbaycan ilə Türkiyə arasında imzalanmış protokollar bu reallaşmanın carçısıdır. Bütün bu proseslərin fonunda Azərbaycan Xəzər regionu üçün tranzit mərkəzə çevriləcəkdir.
Tədbirdə Azərbaycan, Türkiyə və
Aİ arasında əlaqələrin bundan
sonrakı onilliklərdə də uğurla
davam edəcəyinə inam
ifadə olunmuşdur.
Azərbaycan.- 2012.- 5 may.- S. 9.