Jurnalistika fakültələri üçün 4 yeni media fənninin tədris proqramlarının layihəsi hazırlanmışdır

 

 Mayın 4-də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində "Yeni medianın tədrisinin təkmilləşdirilməsi" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə İnternet media və dövlət qurumlarının, ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri və yeni media texnologiyaları mütəxəssisləri iştirak etmişlər.

Azərbaycan İnternet Forumunun prezidenti, Miltimedia Mərkəzinin direktoru Osman Gündüz çıxış edərək, ölkəmizdə yeni medianın bir infrastruktur kimi formalaşdığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Multimedia Mərkəzi ölkədə jurnalistika təhsili verən universitetlərdə keçirilməsini nəzərdə tutan 4 yeni media fənninin tədris proqramlarının layihəsini hazırlamışdır. Bunlar "Yeni mediaya giriş", "Onlayn jurnalistika", "Multimedia jurnalistikası" "Sosial media" fənləridir.

"Yeni mediaya giriş" fənni bu sahədə ilkin təlim-tədrisi nəzərdə tutur. "Onlayn jurnalistika" fənni onlayn jurnalistlərin, "Multimedia jurnalistikası" İnternet TV/Radio kanallarını əhatə etməklə bu sahə üzrə mütəxəssislərin, "Sosial media" isə sosial media menecerlərinin hazırlanmasını təmin edəcəkdir. Yeni tədris modulları təhsil müəssisələrinin, ekspertlərin yeni media mütəxəssislərinin məsləhətləri əsasında hazırlanmışdır. Tədris modulları hazırlanarkən beynəlxalq standartlar öyrənilmiş, ölkənin yeni media bazarında peşəkarlıq kadrlarla bağlı vəziyyət araşdırılmışdır.

Vurğulanmışdır ki, fənn modulları hazırlanarkən onlayn jurnalist hazırlanmasına qoyulan tələblərlə bərabər, kadrlara verilən tələblər nəzərə alınmışdır. Yeni modullar "Yeni medianın tədrisinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində hazırlanmışdır.

Tələbələrin praktiki vərdişlərinin artırılmasına kömək məqsədi ilə layihə çərçivəsində 9 universitetə onlayn laboratoriya təqdim olunmuş, təlimlər keçirilmişdir. Bakı Dövlət Universitetində İnternet studiyanın quraşdırılması başa çatmaq üzrədir.

Multimedia Mərkəzi yeni medianın gələcək tədris modelinin əsas istiqamətləri haqqında peşəkar müzakirələr keçirməyi, irəli sürülən təklif tövsiyələr əsasında yeni medianın tədris modullarının yenidən işlənilməsi jurnalistika təhsili verən ali təhsil müəssisələrinə təqdim etməyi nəzərdə tutur.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, müzakirələr aparılmışdır.

Qeyd edək ki, layihə ABŞ-Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənir.

 

 

Azərbaycan.- 2012.- 5 may.- S. 9.