Gənclərlə görüş keçirilmişdir

 

Bakı şəhəri Nizami Rayon Ağsaqqallar Şurasında ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev və gənclik" mövzusunda konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev açaraq dünya şöhrətli siyasətçi Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan və Azərbaycanda müstəqil dövlətin qurulması istiqamətində gördüyü işlərdən danışmışdır. Sonra respublika Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov çıxış edərək Heydər Əliyevin gənclərin inkişafına xüsusi diqqət göstərdiyini, elmə, mədəniyyətə, incəsənətə böyük dəyər verdiyini, sovetlər dönəmində azərbaycanlı gənclərin Rusiyada təhsil almaları üçün göstərdiyi qayğıdan, onlarla hər il keçirilən görüşlərdən söhbət açdı. Budaq Budaqov xatırlatdı ki, ulu öndərin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, rayon Gənclər və  İdman İdarəsinin rəisi Qiyas Nəcəfov çıxış edərək vurğuladılar ki, əsası ümummilli lider  Heydər Əliyev tərəfinən qoyulan uğurlu gənclər siyasəti nəticəsində bu gün azərbaycanlı gənclərin səsi dünyanın ən mötəbər məclislərindən eşidilir, onlar iqtisadiyyatın müxtəlif sahələrində aparıcı qüvvəyə çevriliblər.

 

 

Azərbaycan.- 2012.- 5 may.- S. 9.