Kaspi Təhsil Mərkəzi 5 illik yubileyini qeyd etmişdir

 

Mayın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan təhsil sahəsində yenilikləri ilə seçilən "Kaspi" Təhsil Mərkəzinin 5 illik yubileyi qeyd olunmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə əvvəlcə mərkəzin fəaliyyəti, gördüyü işləri əks etdirən film nümayiş olunmuşdur. 

"Kaspi" Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva tədbir iştirakçılarına mərkəzin yaranması tarixi barədə ətraflı məlumat vermiş,  5 illik fəaliyyət dövrünə nəzər salaraq ötən müddətin nailiyyətlərlə yadda qaldığını vurğulamışdır. Şirkətlər qrupunun rəhbəri bugünkü yubiley tədbirinin hesabat xarakterli olduğunu qeyd etmişdir. S.Vəliyeva bildirmişdir ki, mərkəzin yaradılmasında məqsəd təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən bir sistem yaratmaq olmuşdur.

Mərkəzin təsisçisi rəhbərlik etdiyi qurumun əsas vəzifələrinin  Azərbaycan vətəndaşlarına xarici dilləri mükəmməl öyrətmək, kompyuter biliklərini genişləndirmək, beynəlxalq arenaya inteqrasiyanı sürətləndirmək olduğunu qeyd etmişdir. Xanım Sona Vəliyeva bildirmişdir ki, hazırda "Kaspi" Təhsil Mərkəzində dünya standartlarına cavab verən magistr, xaricdə təhsil, məktəbəqədər və abituriyent hazırlıqları şöbələri  fəaliyyət göstərir. O, 5 il ərzində müxtəlif yaş qrupundan olan minlərlə tələbənin "Kaspi"də  ingilisrus dillərini öyrəndiyini, "Azercell"in jurnalistlər üçün ingilis dili kursları layihəsi çərçivəsində 30-dan çox jurnalistin ingilis dili hazırlığı keçdiyini diqqətə çatdırmışdır.

Sona Vəliyeva 5 ildə mərkəzin xaricdə təhsil şöbəsinin 100-dən çox tələbənin xarici ölkələrin aparıcı universitetlərinə qəbul olunmasına nail olduğunu, hazırda "Kaspi"nin dünyanın 120-dən çox nüfuzlu universiteti ilə əməkdaşlıq etdiyini demişdir.

Milli TeleviziyaRadio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Milli Məclisin deputatı Gülər Əhmədova və başqaları "Kaspi" Təhsil Mərkəzinin həyata keçirdiyi layihələrdən, 5 ildə mərkəzin Azərbaycanın təhsil sahəsinə verdiyi töhfələrdən danışmışlar.

"Kaspi" Təhsil Mərkəzi 2007-ci il mayın 4-dən fəaliyyət göstərir.

 

 

Azərbaycan.- 2012.- 5 may.- S. 10.