Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur

 

 Mayın 4-də Sumqayıt şəhərindəki "28 May" Mədəniyyət evində Şuşanın işğalının 20 illiyi ilə əlaqədar Qubadlı rayon ictimaiyyəti nümayəndələrinin yığıncağı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə "28 May" Mədəniyyət evinin foyesində Şuşa şəhərindən bəhs edən fotostend və rayon məktəblilərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.

Mədəniyyət evinin tamaşa zalında d avam etdirilən tədbirdə Şuşanın işğalı zamanı şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tədbiri açaraq çıxış etmişdir. Sonra rayon icra hakimiyyəti başçısının müavini Rasim Xalıqverdiyevin məruzəsi dinlənilmişdir. Məruzədə bildirilmişdir ki, mədəniyyətimizin, ədəbiyyatımızın, tariximizin, qurub-yaratmaq əzmimizin bütün məziyyətləri Azərbaycan adlı salnamənin Şuşa səhifəsinə qızıl hərflərlə həkk olunmuşdur. 

Bir yaşayış məntəqəsi - qala kimi yaradılan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin tarixi yol keçmiş, uzun müddət inzibati mərkəz olmuş, iqtisadi cəhətdən yaxşı inkişaf etmiş, füsunkar coğrafi mövqeyi ilə elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzinə çevrilmiş,  Azərbaycanın  siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynamışdır.

Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi işğalçılıq və zorakı xristianlaşdırma siyasəti Şuşa şəhərinin həm inzibati statusuna, həm də demoqrafik vəziyyətinə ciddi təsir göstərmişdir. Sovetlər dönəmində Şuşa şəhərinin inzibati statusu ciddi dəyişikliyə məruz qalmış, 1923-cü ildə qəbul edilmiş qərarla eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzi kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edilməklə bu şəhər 170 ildən artıq yerinə yetirdiyi bütün Qarabağın mərkəzi statusundan məhrum edilmişdir.

Şuşa şəhərinin yenidən dirçəldilməsi yalnız 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başlamasından sonra mümkün olmuşdur. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün ev-muzeyləri təşkil olunmuş, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdır.

Bir vaxtlar "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri 1992-ci il mayın 8-də  Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 

Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə 195 nəfər soydaşımız şəhid olmuş, 165 nəfər yaralanmış, 58 nəfər əsir düşmüş və girov götürülmüşdür. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etmiş, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtmış, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərmişlər.

Hazırda Şuşa rayonunun 30 mindən artıq əhalisi Azərbaycanın 55 rayonunda müvəqqəti məskunlaşmışdır.

Şuşalılar bu gün də respublikamızın çiçəklənməsinə, dövlətçiliyimizin möhkəmlənməsinə layiqli töhfələr verirlər.

Daha sonra Şuşa Şəhər İcra Hakimiyyətinin Sumqayıt şəhəri üzrə səlahiyyətli nümayəndəsi çıxış etmişdir.

Çıxışlarda qəti əminlik ifadə olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində Şuşa və digər ərazilər işğaldan azad ediləcəkdir. Başqa cür ola da bilməz. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur".

Tədbirdə Şuşa haqqında film nümayiş etdirilmişdir. Rayonun  mədəniyyət evinin və uşaq musiqi məktəbləri şagirdlərinin ifasında Şuşaya həsr olunmuş şeirlər səslənmiş, bədii kompozisiya nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 5 may.- S. 10.