ABŞ senatoru Çak Şumers: Azərbaycan ABŞ-ın həm
çətin, həm də yaxşı günündə onunla birlikdə olan
azsaylı dövlətlərdəndir
Ötən həftə Vaşinqtonda Azərbaycan-ABŞ münasibətlərinin 20 illiyinə həsr edilən konfransda Nyu-York ştatının Senatdakı təmsilçisi Çak Şumers də iştirak etmişdir.
ABŞ qanunvericisi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının ildönümü ilə bağlı Azərbaycan xalqına və hökumətinə xoş arzularını çatdırmış, bundan sonrakı 20 ildə də Birləşmiş Ştatlar ilə Azərbaycan arasında dostluğun möhkəmlənəcəyinə ümidvar olduğunu bildirmişdir.
Senator Ç.Şumers çıxışında demişdir: "Burada olmağımdan məmnunluq duyur və məni dəvət etdiklərinə görə konfransın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Xüsusilə Bakıdan gələn iştirakçıları salamlamaq istəyirəm. Bu qədər geniş və əhəmiyyətli nümayəndə heyətini görmək çox xoşdur. Bir az əvvəl Azərbaycanın ABŞ-dakı sabiq səfiri Hafiz Paşayevlə söhbət edərkən o mənə xatırlatdı ki, Kapitolidə ilk görüşdüyü adam mən idim. O zaman mən mühüm adam deyildim, konqresmen idim. Lakin o gəlib mənimlə söhbət etmişdir. Mən bunu yüksək qiymətləndirdim. O vaxtdan bəri biz onunla möhkəm dostluq münasibətləri qurmuşuq.
Mən konfrans iştirakçılarının hamısını salamlayıram. Bəziləriniz uzun məsafə qət etmisiniz, amma bilin ki, bu məsafə yalnız məcazidir. Azərbaycan və ABŞ bir-birilərinə yaxındırlar. Biz Azərbaycan ilə möhkəm dostluq əlaqələri qurmuşuq. Sizin bizimlə İraq, Kosovo və Əfqanıstanda çiyin-çiyinə döyüşdüyünüzü heç vaxt unutmuruq. Azərbaycan ABŞ ilə həm çətin, həm də yaxşı günündə onunla birlikdə olan azsaylı dövlətlərdəndir. Biz bunu heç vaxt unutmamalıyıq.
Hamımız terrorla mübarizənin əhəmiyyətini başa düşürük. Hamımız azadlıq bəxş etməyin nə qədər vacib olduğunu bilirik. Diplomatik münasibətlərimiz 20 il əvvəl qurulmuşdur. Arzu edirəm ki, bunlar davam edərək uzunmüddətli olsun.
Bu gün biz, iki böyük demokratiya - Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin tarixini bayram edirik. Hamınıza "Xoş gəlmisiniz" deyirəm. Azərbaycan ilə uğurlu münasibətlərimizin davamlı və sarsılmaz olacağına ümid edirəm".
Şəfəq AKİFQIZI
Azərbaycan.- 2012.- 5 may.- S. 10.