“Belarusda
KİV-lər” sərgisi mediada innovativ
üsulların tətbiqi baxımından yeni
imkanlar açmışdır
Xəbər verdiyimiz kimi, aprelin 25-dən 28-dək Minskdə 16-cı ixtisaslaşdırılmış "Belarusda KİV-lər" sərgisi keçirilmişdir. Sərgidə Belarus, Rusiya, Ukrayna, Çin, Kuba, Hindistan və Türkiyədən 40-dan çox KİV-in stendi nümayiş olunurdu. Dörd gün ərzində müxtəlif ölkələrin media nümayəndələri təcrübələri ilə bölüşdülər. Ziyarətçilərə dünya informasiya məkanında KİV-lərin əldə etdikləri nailiyyətlər nümayiş olundu. Ənənəvi olaraq hər il keçirilən bu sərgidə Azərbaycanı Dövlət Teleqraf Agentliyi (AzərTAc) təmsil etmişdir.
Sərgi çərçivəsində hər gün çap məhsulları, teleradio kanallarının, saytların təqdimatları, ustad dərsləri, seminarlar təşkil olunurdu.
Bu ilki sərgi telekommunikasiya, informasiya və bank texnologiyaları üzrə "Tibo-2012" Beynəlxalq forumu ilə birgə keçirilirdi. İki sərginin birgə keçirilməsi KİV-ləri yeni informasiya texnologiyaları ilə tanış etmək, çap KİV-lərini internetin imkanlarından geniş istifadəyə həvəsləndirmək məqsədi daşıyırdı.
Sərgidə nümayiş olunan informasiya məhsulları bu gün medianın yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi.
AzərTAc-ın təqdim etdiyi məhsulların rəngarəngliyi, multimedia vasitələrinin köməyi ilə informasiyanı çatdırma üsullarının nümayişi sərgi iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Sərgidə agentliyin son dövrdə buraxdığı videoxəbərlər, audio-slaydşoular, Azərbaycanın uğurlarını və nailiyyətlərini əks etdirən, habelə Belarus-Azərbaycan əlaqələrindən bəhs edən fotoşəkillər nümayiş olundu. Ekspozisiyada AzərTAc-ın müxtəlif illərdə nəşr etdirdiyi çap məhsulları, o cümlədən bu il çapdan çıxmış "Xocalı. XX əsrin soyqırımı" kitabı sərgi iştirakçılarına təqdim olunmuşdu. Bundan əlavə, Heydər Əliyev Fondunun buraxdığı çap məhsulları, o cümlədən "Qarabağ xanəndələri" musiqi albomu, "Azərbaycan xalçaları" kitabı nümayiş etdirilmişdir. Azərbaycan haqqında geniş təsəvvür yaratmaq üçün "Eurovision" Fan-klubunun və Milli Olimpiya Komitəsinin təqdim etdiyi videomateriallar, şəkillər və eksponatlardan da geniş istifadə olunmuşdu. Artıq "Eurovision" kimi nüfuzlu mahnı müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycanın sabah Olimpiya oyunlarını da keçirməyə hazır olması AzərTAc-ın stendinin əsas fabulasını təşkil edirdi. Dörd gün ərzində yüzlərlə ziyarətçi AzərTAc-ın buraxdığı çap məhsulları ilə böyük maraqla tanış oldu.
Sərgidə AzərTAc-ın iştirakı Belarus Respublikasının Prezidenti Administrasiyasının rəsmiləri və Belarusun İnformasiya Nazirliyinin rəhbər heyəti tərəfindən də yüksək qiymətləndirildi.
Sərginin təşkilatçıları ilə fəal əməkdaşlığa görə AzərTAc diploma layiq görüldü.
Uşaq və yeniyetmələr üçün kütləvi informasiya vasitələrinin təqdimatı ilə "Belarusda KİV-lər" sərgisinə yekun vuruldu. Bağlanış mərasimində çıxış edən Belarus informasiya nazirinin müavini Vladimir Matuseviç hər iki sərginin məhsuldar və perspektivli olduğunu bildirdi. O dedi ki, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi KİV-lərin gələcəkdə daha da uğurlu fəaliyyətinə təkan verəcək, habelə oxucu auditoriyası üçün onların cəlbedici olmasına gətirib çıxaracaqdır.
"Belarusda KİV-lər" sərgisi çərçivəsində "Ənənəvi KİV-lərin sosial şəbəkələrdə imkanları", "Regional KİV-lər və internet", "Sosial media vasitəsilə informasiyanın yayımında operatorların rolu" kimi mövzular barədə seminarlar keçirildi.
Sərginin təşkilatçıları
qismində Belarusun rabitə və
informasiyalaşdırma, informasiya, sənaye,
təhsil nazirlikləri, Milli Bank, Milli Elmlər
Akademiyası və digər qurumlar
çıxış etmişlər.
Azərbaycan.- 2012.- 5 may.- S. 10.