Finlandiyanın siyasi gənclər təşkilatlarının nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur

 

 Milli Məclisin deputatı, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvəti ilə Finlandiyanın siyasi gənclər təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

AzərTAc xəbər verir ki, nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadovla görüşmüşlər.

Görüşdə qonaqlara ermənilər tərəfindən ölkəmizə qarşı həyata keçirilən təcavüz və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi barədə ətraflı məlumat verilmişdir.

Finlandiyalı qonaqlar Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanadayeni salınmış yaşayış kompleksində olmuşlar. Həmçinin "İrəli" gənclər təşkilatında tanışlıq görüşü keçirmişlər. Görüşdə hər iki ölkə gənclərini narahat edən qayğılar və ikitərəfli işgüzar əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılmışdır.

Finlandiyalı qonaqlar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyasında təşkilatların həyata keçirdiyi layihələrlə tanış olmuş, gələcək əməkdaşlıq barədə ümumi razılıq əldə edilmişdir.

 Finlandiyalı gənc liderlər bu səfərin Azərbaycan-Finlandiya əlaqələrinin daha yüksək səviyyədə inkişaf edəcəyinə töhfə verəcəyini bildirmişlər.

Finlandiyanın Sol Gənclər Təşkilatının rəhbəri Andersson Li Sigrid bildirmişdir ki, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağın işğaldan azad edilməsi və öz yurd-yuvalarından qovulan insanların hüquqlarının müdafiəsi daim diqqətdə saxlanılmalı, Avropanın siyasi gündəmində və ayrı-ayrı Avropa ölkələrinin ictimai fikrində dönə-dönə vurğulanmalıdır.

Qeyd edək ki, finlandiyalı gənclər səfər zamanı Bakının görməli yerləri və tarixi abidələri ilə tanış olmuş, onlara ölkəmizin iqtisadi, sosialsiyasi uğurları və dinamik inkişafı barədə ətraflı məlumat verilmişdir.

 

 

Azərbaycan.- 2012.- 5 may.- S. 10.