Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bütün imkanlardan istifadə edir

 

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının sədri, səfir Aqşin Mehdiyev Nyu-Yorkda mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq demişdir: "Azərbaycanda müxalifət qəzetlərinin sayı yetərincədir".

Diplomat demişdir: "Mən Azərbaycanın müxalifətçi nəşrlərinin veb-saytlarının ünvanlarını sizə verə bilərəm. Siz özünüz yəqin edə bilərsiniz ki, onlar nəyi lazım bilirlərsə hamısını çap edirlər, bizdə hər hansı senzura yoxdur. Siz bunu mənim köməyim olmadan da yəqin edə bilərsiniz".

A.Mehdiyev nüfuzlu "The Wall Street Journal" nəşrinin müxbirinin Azərbaycanda jurnalistlərin guya siyasi baxışlarına görə təqib edilməsi, belə jurnalistlərdən bəzilərininsə hələ də həbsdə olması barədə sualına cavab verərək məsələnin bu cür qoyuluşu ilə razı olmadığını bildirmişdir. Azərbaycanlı diplomat demişdir: "İfadə azadlığını cinayət məsuliyyəti ilə dolaşıq salmaq lazım deyil. Mən əminəm ki, Azərbaycanda siyasi və ya peşə motivləri üzrə məhkum edilmiş məhbuslar yoxdur. Əgər cinayət törətdiyinə görə həbs edilmiş insan guya onun siyasi motivlər əsasında və ya jurnalist fəaliyyətinə görə məhkum olunduğunu bəyan edirsə, bu, bəraət sayıla bilməz".

Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının terrorizmə qarşı mübarizə məsələsinə həsr olunmuş iclasında iştirak etmək məqsədi ilə Nyu-Yorka səfəri barədə sualı şərh edərək bildirmişdir ki, dövlət başçımızın bu məsələyə diqqət yetirməsi təsadüfi deyildir. A.Mehdiyev demişdir: "Bizim ölkə hələ keçən əsrin 80-90-cı illərində dəfələrlə terror təşkilatlarının fəaliyyəti ilə üzləşmişdir. Biz hətta bu gün də ölkəmizin ərazisində terror aktları törətmək cəhdləri ilə vaxtaşırı üzləşirik".

A.Mehdiyev Əfqanıstandakı təhlükəsizliyi dəstəkləyən beynəlxalq koalisiya qüvvələrinin (İSAF) fəaliyyətində Azərbaycanın böyük rol oynamasını vurğulayaraq demişdir: "Mən bu məsələlərin bütün təfərrüatını sizə açıqlaya bilmərəm, Prezidentin bu barədə hər hansı bəyanat verib-verməyəcəyini də deyə bilmərəm, lakin onu deyə bilərəm ki, Azərbaycan tərəfi bu görüşün səmərəli keçməsi üçün maksimum səy göstərəcəkdir".

Diplomat jurnalistlərin diqqətini belə bir fakta cəlb etmişdir ki, Azərbaycanın prinsipial mövqeyi dəyişməz qalır: ölkəmizin ərazisində üçüncü dövlətlərin hərbi bazaları yoxdur, ona görə də bu mövzuda hər hansı söhbətlər yalnız əsassız ehtimallardır.

Diplomat Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun işğal olunması məsələsini gündəliyin ayrıca bir bəndi kimi BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmasının planlaşdırılıb-planlaşdırılmaması barədə sualın cavabında bildirmişdir ki, məlum olduğu kimi, bu və ya digər məsələnin Təhlükəsizlik Şurasının gündəliyinə daxil edilməsi müəyyən prosedurlara müvafiq olaraq tərəfdaşlarla razılaşdırılmalıdır.

A.Mehdiyev daha sonra demişdir: "Bu məsələ Azərbaycanın gündəliyində çox mühüm yer tutur və biz münaqişənin reallıqları barədə həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi ilə hər hansı imkandan istifadə etməyə çalışırıq. Lakin mən bu məsələnin prosedurlara uyğun olaraq ayrıca bir bənd kimi Təhlükəsizlik Şurasının gündəliyinə daxil edilməsi barədə hələlik öz hökumətimdən göstəriş almamışam".

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 5 may.- S. 11.