Konstitusiya Məhkəməsinin Plenumunun növbəti iclası olmuşdur
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun növbəti açıq məhkəmə iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclasda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin və Lənkəran Rayon Məhkəməsinin müraciətləri əsasında konstitusiya işinə baxılmışdır. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Ceyhun Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul etmişdir.
Qərarda deyilir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87.2-ci və İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin "icra məmurunun olduğu yerin məhkəməsi" müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.
Qərar dərc olunduğu
gündən qüvvəyə minir, qətidir,
heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə, yaxud
rəsmi təfsir oluna bilməz.
Azərbaycan.- 2012.- 5 may.- S. 11.