Almaniyada ermənilərin daha bir təxribat cəhdinin qarşısı alınmışdır

 

 Almaniyada ermənilərin Dağlıq Qarabağda mövcud olan separatçı rejimi müstəqil dövlət kimi təqdim etməyə yönəlmiş növbəti təxribat cəhdi iflasa uğramışdır. Belə ki, www.trivago.de internet ünvanında qondarma "Dağlıq Qarabağ Respublikası"nda mövcud olan mehmanxanaların siyahısı yerləşdirilmişdi. Almaniyanın Hannover şəhərində yaşayan həmyerlimiz S.Cəbrayılov tərəfindən sözügedən şirkətə müraciət ünvanlanmış, ermənilərin bu saytdan siyasi təbliğat məqsədilə istifadə etməyi nəzərdə tutduqları bildirilmiş, resursdan tanınmamış separatçı rejimin təbliğatının həyata keçirilməsi məqsədilə istifadənin yolverilməz olduğu diqqətə çatdırılmış və bunun qarşısının alınması üçün müvafiq addımların atılması tələb edilmişdir.

S.Cəbrayılovun tələbinə uyğun olaraq, şirkətin internet ünvanında mehmanxanaların kataloqu bölməsindən Dağlıq Qarabağ haqqında bütün məlumatlar çıxarılmışdır.

 

 

Azərbaycan.- 2012.- 5 may.- S. 11.