Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a
işgüzar səfəri
Dövlət
başçısının sədrliyi ilə Nyu-Yorkda BMT Təhlükəsizlik
Şurasının yüksək səviyyəli iclası keçirilmişdir
Mayın 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilmişdir.
İclasda Azərbaycanın təşəbbüsü ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda müzakirələr aparılmışdır.
Ötən ilin oktyabrında Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməklə müstəqil olduğumuz 20 ildə xarici siyasətin ən böyük uğurlarından birini qazanmışdır. Bu məqsədlə keçirilən seçkilərdə 155 ölkənin səsini qazanaraq tarixi nailiyyətə imza atan ölkəmiz 2012-ci il yanvarın 1-dən Təhlükəsizlik Şurasında səlahiyyətlərinin icrasına başlamışdır. ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın da dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı ölkəmizin tutduğu yolun dünya tərəfindən dəstəklənməsinin əyani təsdiqidir. Bu, həm də beynəlxalq birliyin Azərbaycanda yürüdülən siyasətə və Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürü, dünya ictimaiyyətinin ölkəmizə olan inamı və etimadının ifadəsidir.
Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında iştirak etmək üçün Prezident İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına gəldi.
BMT Təhlükəsizlik Şurasının Prezident İlham Əliyevin sədrliyi ilə keçən iclasında dövlətimizin başçısı bu dəfəki gündəliyin "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusuna həsr olunduğunu diqqətə çatdırdı.
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibi Pan Gi Muna bu iclasda iştirak etdiyinə görə təşəkkürünü bildirdi.
BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan Prezidenti İlham Əliyevi ölkəmizin Təhlükəsizlik Şurasına sədrlik etməsi münasibətilə təbrik etdi və dövlətimizin başçısının bu iclasa sədrliyini alqışladığını dedi. Baş katib bildirdi ki, beynəlxalq ictimaiyyət terrorizmə qarşı davamlı mübarizə aparır və dünyanın müxtəlif nöqtələrindəki terror təşkilatları hələ də təhlükə mənbəyi olaraq qalır. "Ötən il Liviyaya göndərilən faktaraşdırıcı missiya oradakı terror təşkilatlarına kənardan yardımların olduğunu göstərdi", - deyən Pan Gi Mun qeyd etdi ki, əsas məqsəd terrorla mübarizəni gücləndirib insan haqlarının müdafiəsinə zəmin yaratmaqdır. BMT-nin baş katibi terrorla mübarizədə ortaq konsepsiyanın yaradılmasının zəruriliyini vurğuladı.
Almaniyanın xarici işlər naziri Guido Vestervelle Azərbaycan Prezidentinə Təhlükəsizlik Şurasına sədrlik etməsi münasibətilə təbriklərini çatdırdı. "Bizim birgə fəaliyyətimiz terrorçu mənbələri zəiflətmişdir", - deyən Guido Vestervelle İraq və Əfqanıstanda bu baxımdan uğurlu nəticələrin əldə olunduğunu bildirdi. Nazir vurğuladı ki, Almaniya hər zaman BMT-nin anititerror strategiyasının həyata keçirilməsinə dəstək verəcəkdir.
Toqonun xarici işlər və əməkdaşlıq naziri Eliot Ohin də Azərbaycan Prezidentini ölkəmizin Təhlükəsizlik Şurasına sədrliyi münasibətilə təbrik etdi. Nazir terrorizmin sülhə və təhlükəsizliyə ən böyük təhdid olduğunu dedi. Eliot Ohin terror təşkilatlarının fəaliyyəti nəticəsində Afrika qitəsinə vurulan zərərin miqyası barədə məlumat verdi.
Obama kabinetinin üzvü, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Susan Rays bildirdi ki, terror bizim dünyamızdan hələ də əl çəkməmişdir və ona qarşı mübarizə tədbirləri davam etdirilməlidir. "Əl-Qaidə" terror təşkilatının fəaliyyəti nəticəsində günahsız insanların həlak olduğunu deyən Susan Rays qeyd etdi ki, ABŞ terrora qarşı dünyanın hər bir yerində mübarizə aparır və bu məsələdə Birləşmiş Ştatlar hökuməti müttəfiqlərinin və dostlarının yardımından faydalanır.
Mərakeşin xarici işlər və əməkdaşlıq naziri Yusif Əmrani belə bir əhəmiyyətli iclasa sədrlik etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi ki, bu, ölkəmizin terrorizmə qarşı əməliyyatlara verdiyi xüsusi önəmdən irəli gəlir.
Rusiya Prezidentinin terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xüsusi nümayəndəsi Aleksandr Zmeyevski bildirdi ki, terrorizmə heç cür bəraət qazandırmaq olmaz və onunla mübarizə yalnız beynəlxalq əməkdaşlıq sayəsində mümkündür.
Kolumbiyanın çoxtərəfli işlər nazirinin müavini Patti Londono bu cür böyük əhəmiyyətə malik bir iclasa sədrlik etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək bir neçə ay əvvəl Azərbaycana səfərini xatırlatdı. O, terrorizmə qarşı mübarizənin onun ölkəsinin də prioritetləri sırasına daxil olduğunu diqqətə çatdırdı.
Çin Xalq Respublikasının nümayəndəsi may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək Azərbaycana "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda yüksək səviyyəli iclas keçirmək təşəbbüsünə görə təşəkkürünü çatdırdı. İyirmi ildir BMT-nin üzvü olan Azərbaycanın beynəlxalq birliklə əməkdaşlığını yüksək qiymətləndirən Çinin nümayəndəsi ölkəmizin bu əməkdaşlığa böyük töhfələr verdiyini dedi. BMT-nin prinsiplərinin qorunub saxlanmasında və həyata keçirilməsində Azərbaycanın böyük səylər göstərdiyini diqqətə çatdıran Çinin nümayəndəsi ölkəsinin bu səyləri dəstəklədiyini bildirdi.
Pakistan, Böyük Britaniya, Hindistan, Cənubi Afrika Respublikası, Qvatemala, Fransa və Portuqaliya nümayəndələri də çıxışlarında Azərbaycanın tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyini bildirərək bu münasibətlə təbriklərini çatdırdılar. Beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən terrorizmin hazırda dünya üçün ən böyük bəla olduğunu və BMT-nin bu sahədə həyata keçirdiyi mübarizə tədbirlərini dəstəklədiklərini bildirdilər.
Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- İndi isə mən Azərbaycan Respublikasının Prezidenti kimi öz bəyanatımla çıxış edəcəyəm.
Terrorçuluq beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən bütün üzv dövlətlərdə insan hüquqlarının, fundamental azadlıqların, demokratiyanın, siyasi müstəqilliyin, suverenliyin, ərazi bütövlüyünün və nəhayət, sosial və iqtisadi inkişafın bərqərar olunmasına ciddi təhdiddir.
Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti surətdə pisləyir. Biz hesab edirik ki, bütün terror aktları ağır cinayətdir, onlar pislənməli və bunu törədənlər isə cəzalandırılmalıdırlar. Terrorçulara öz əməllərini əsaslandırmaq üçün heç vaxt imkan verilməməlidir. Səbəblərindən asılı olmayaraq, heç bir terror aktı əsaslandırıla bilməz. Terrorçuluğun dəyişən mahiyyəti və siması, bir çox hallarda onun təcavüzkar separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlığa bağlılığı vardır.
Silahlı münaqişələrə məruz qalan yerlərdə, xüsusən də xarici hərbi işğal altında olan ərazilərdə terrorçuluq ilə həmin məkanda olanlar arasında bir qayda olaraq, sövdələşmənin yaranmasına şəraitlər formalaşır. Azərbaycan müxtəlif yollarla terrorçuluğa məruz qalmışdır. Azərbaycan kənardan təşkil olunan terror fəaliyyətinin birbaşa hədəfinə çevrilmişdir. Ermənistan Respublikası Azərbaycanın mülki əhalisi və infrastrukturuna qarşı onlarca terror aktı törətmişdir. Bunun nəticəsində 2 mindən artıq azərbaycanlı həyatını itirmişdir. Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törətmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəal fazasında Ermənistan etnik təmizləməyə nail olmaq üçün hərbi təcavüzlə yanaşı, mülki əhaliyə qarşı geniş şəkildə terror aktlarından da istifadə etmişdir. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt 613 günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar öz həyatı ilə vidalaşmışdır. Yüzdən artıq qadın, altmış üç uşaq qətlə yetirilmişdir. Ermənistan həmçinin münaqişə zonasından uzaq məsafədə də ictimai nəqliyyatda və mühüm infrastruktur yerlərində, 1994-cü ildə Bakı metrosunda bomba partlayışı və digər əməllər kimi terror aktlarını törədərək mülki əhaliyə qarşı mübarizə apardı.
Bu gün Ermənistanın terror risklərindən irəli gələrək biz əsasən terror hədələrinin tərəfimizdən zərərsizləşdirilməsinə baxmayaraq, bu risk yenə də yüksək olaraq qalır. Bir sıra terror aktlarının, o cümlədən Azərbaycanın mülki infrastrukturlarına, xüsusən su rezervuarları və bəndlərinə, neft kəmərləri şəbəkəsinə hücum edilməsi kimi əməllərin legitim hərbi taktikası olması ilə bağlı açıq bəyanatlar və fikirlər hələ də müşahidə edilir. Bunlar birmənalı surətdə mülki əhali arasında yüz minlərlə tələfatın olması ilə nəticələnə bilər. Beynəlxalq terror təşkilatlarının elementləri Ermənistanın təhlükəsizlik və müdafiə sektoruna inteqrasiya edilib. Avropa dəyərlərinə və universal dəyərlərə sadiq olduğunu göstərməyə çalışan ölkə tərəfindən beynəlxalq terror təşkilatlarının üzvlərini qəhrəman kimi qələmə vermək və onlara abidələr ucaltmaq səylərini görmək təəssüf doğurur.
Azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin iyirmi faizinin işğalı ilə nəticələnmişdir. Bir milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurdlarından didərgin salınmışdır. BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan təxminən iyirmi il ərzində bu qətnamələrə məhəl qoymur.
Azərbaycanın işğal edilmiş əraziləri terrorçuluqla separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlıq, o cümlədən narkotik maddələrin dövriyyəsi, çirkli pulların yuyulması və silah qaçaqmalçılığı arasında olan əlaqə baxımından böyük narahatlıq mənbəyidir. Ermənistanın terror hədələrinə əlavə olaraq, Azərbaycan beynəlxalq terror qruplarından irəli gələn risk və təhlükələrlə hələ də üzləşir. Ölkəmizin həssas regionlara yaxınlığı bu hədələri bizim üçün daha qabarıq şəklə salır. Buna görə Azərbaycan təbii olaraq milli səviyyədə genişmiqyaslı tədbirləri görməkdədir və terrorçuluğun qarşısının alınması üçün beynəlxalq səylərə fəal şəkildə töhfə verir.
Təhlükəsizliyin bölünməzliyinin carçısı olan Azərbaycan beynəlxalq antiterror koalisiyasına fəal şəkildə töhfə verən ölkədir. Beynəlxalq ictimaiyyətin terrorçuluğun qarşısının alınmasında böyük nailiyyətlər əldə etməsinə baxmayaraq, bu bəlanın qarşını almaq, ona qarşı mübarizə aparmaq üçün hələ də çox işlər görülməlidir. Beynəlxalq hüquqda terrorçuluğun aydın tərifinin olmaması nəinki ayrı-ayrı terrorçuları və terror təşkilatlarını, o cümlədən terror fəaliyyətini təşviq edən və maliyyələşdirən dövlətləri məsuliyyətə cəlb etməkdə beynəlxalq ictimaiyyətin səylərinə maneə yaradır. Bu baxımdan, Azərbaycan terrorçuluğa qarşı mübarizənin aparılmasında səmərəli vasitə kimi xidmət edəcək beynəlxalq terrorçuluqla bağlı əhatəli konvensiya üzərində razılığın əldə edilməsinin vacibliyini vurğulayır.
Terrorçuluğun aydın tərifi və beynəlxalq terrorçuluqla bağlı konvensiya həll olunmamış bəzi məsələlərin, o cümlədən terror hərəkətlərinin təşkil edilməsi, maliyyələşdirilməsi, təşviq edilməsi, təlimatlandırılması, digər birbaşa və ya dolayı yolla dəstəklənməsindən çəkindirmək məsələlərinin həllinə töhfə verə bilər. Bu cür razılığın əldə olunması terrorçuluğun əsas səbəblərinin əhatəli və açıq şəkildə müzakirəsinə əsaslanmalıdır. Biz sosial və iqtisadi inkişaf, eləcə də təhsil məsələlərinin həlli üçün bu sahəyə hazırkı beynəlxalq səylər çərçivəsində, o cümlədən Birləşmiş Millətlər Təşkilatının mexanizmləri vasitəsilə birmənalı olaraq lazımi diqqət yetirməliyik. İqtisadi çətinliklərlə müşayiət olunan məhdud təhsil imkanları bir çox hallarda dinləri təfsir etmək adı altında terror təşviqatının aparılmasına zəmin yaradan amillər hesab edilə bilər. Terrora qarşı mübarizə hər hansı konkret din və ya mədəniyyətə hücum çəkmək üçün istifadə edilə bilməz. Bu gün biz məhdud dini məlumatlılıq şəraitində yaşayırıq və bu, müəyyən hallarda şişirdilmiş forma alır, bəzən etnik, dini və mədəni köklərə malik münaqişələrin qızışdırılması üçün məkrli şəkildə sui-istifadə olunur. Son illər ərzində bəzi ölkələrdəki islamofobiyanın qəbuledilməz səviyyədə olması bu cür böhtan xarakterli hərəkətlərin və səhv konsepsiyaların qarşısının alınmasında birgə səylərin və dialoqun olduqca böyük əhəmiyyətini təsdiqləmişdir.
Azərbaycan sivilizasiyaların dialoqu işinə töhfə verməyə çalışır. Ölkəmiz müxtəlif dinlərin nümayəndələri arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edən çoxsaylı tədbirlər keçirir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir, bütün millətlərin və dinlərin nümayəndələri ölkəmizdə sülh, anlaşma şəraitində yaşayırlar.
Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Azərbaycan tolerantlıq ölkəsidir və biz keçmişin bu irsini yüksək dəyərləndiririk. Bu gün isə biz bütün xalqların və dinlərin nümayəndələri arasında tərəfdaşlıq və qardaşlıq ruhunu yaratmaq məqsədilə səylərimizi artırmağa çalışırıq.
İqtisadi inkişafdan danışdıqda bu, terrorçuluğa qarşı mübarizə aparmağın, yaxşı idarəçiliyi təmin etməyin və xalq üçün daha yaxşı şərait yaratmağın ən mühüm aspektidir. Son on il ərzində Azərbaycan iqtisadi dəyişikliklər sahəsində böyük irəliləyişə nail olub. Ölkəmizin müstəqilliyinin tarixi qısadır. Yalnız iyirmi il öncə müstəqilliyi bərpa etmişik. Lakin bu illər islahatlar, dəyişikliklər, inkişaf və tərəqqi illəri olub. On ildən az müddətdə iqtisadiyyatımız üç dəfə artıb. Yoxsulluq təxminən əlli faizdən yeddi faizə düşüb. Bir milyon iş yeri açılıb. Bir çox sosial layihələr və proqramlar həyata keçirilir. Eyni zamanda, beynəlxalq maliyyə təsisatları gördüyümüz işləri dəyərləndirir. "Fitch", "Moody's" və "Standard & Poor" kimi üç əsas beynəlxalq təşkilat bu yaxınlarda kredit reytinqimizi yaxşılaşdırmışdır. Bu, xüsusən də maliyyə və iqtisadi böhran illərində inkişafın yaxşı göstəricisidir. Buna görə, yoxsulluğa qarşı mübarizə, yeni iş yerlərinin açılması, mükəmməl qanunvericilik bazasının formalaşması, qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə kimi bütün bu amillər ölkənin inkişafına və eyni zamanda, terrorçuluğa qarşı mübarizədə səylərin səfərbər olunmasına xidmət edir.
Əminəm ki, terrorçuluğa qarşı mübarizənin aparılması işində bütün səylərimizi birləşdirməliyik. Terrorçuluğun hazırkı siması və onun beynəlxalq sülh və sabitliyə təhlükə olan digər hədələrlə bağlılığı dövlətlər arasında daha sıx əməkdaşlığı, o cümlədən BMT-nin daha yaxşı, əlaqələndirilmiş, ahəngdar və sistemli yanaşmasını tələb edir. Bununla belə, dövlətlər arasında münaqişələrin olması, xarici hərbi təcavüz və təcavüzkar separatizm terrorçuluq üçün münbit şərait yaradır. Buna görə, beynəlxalq ictimaiyyət beynəlxalq hüququn ümumi qaydada qəbul edilmiş normaları və prinsipləri əsasında münaqişələrin, xüsusən ərazi bütövlüyünün təmin edilməsi və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına aid məsələlərin həllinə çalışmalı və ölkələrə öz əraziləri üzərində suverenliyin bərpa edilməsinə yardım etməlidir.
Fürsətdən istifadə edərək, BMT-nin bütün üzvlərinə Azərbaycanın namizədliyini dəstəklədiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Ötən ilin oktyabrında qısa tariximizdə ilk dəfə olaraq Azərbaycan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, böyük məsuliyyətdir və biz bu məsuliyyəti üzərimizə götürməyə hazırıq. Azərbaycan ədalət ideallarını, beynəlxalq hüququ və bütün ölkələr arasında sülh şəraitində əməkdaşlığı müdafiə edəcəkdir. Biz bölgəmizdə region ölkələrini bir araya gətirmək üçün çox çalışırıq. Təşəbbüslərimiz regional əməkdaşlığın dostluq, tərəfdaşlıq və yaxşı qonşuluq ruhunda genişləndirilməsinə yönəlib.
Biz birmənalı olaraq Təhlükəsizlik Şurasında sədrliyimiz zamanı böyük töhfəmizi verəcəyik. Mən BMT-dəki bütün dostlarımızı və üzv dövlətləri əmin edə bilərəm ki, Azərbaycan bütün ölkələr qarşısında etibarlı və dost tərəfdaş olacaqdır. Biz əməkdaşlıq və tərəfdaşlığımızı genişləndirmək istəyirik. Bu dəstəyə görə çox minnətdarıq.
Ölkəmizin böyük tarixi, mədəniyyəti və adət-ənənələri vardır. Lakin müstəqil ölkə kimi bizim hələ iyirmi yaşımız vardır. Bu illər dəyişikliklər, inkişaf və dünyaya təqdimat illəri olmuşdur. Namizədliyimizin 155 ölkə tərəfindən dəstəklənməsi faktı bir tərəfdən göstərir ki, biz özümüzü təqdim etməyi bacardıq. Eyni zamanda, bu, beynəlxalq ictimaiyyətin bizə verdiyi dəstəyi, bizə olan etimadı və inamını nümayiş etdirir, bu məsuliyyəti bizə həvalə edir. Sizi əmin edə bilərəm ki, biz bu məsuliyyəti üzərimizə götürməyə hazırıq. Bizə etimad göstərənlərin etimadını doğruldacağıq və əlimizdən gələni edəcəyik ki, hamımız üçün daha da proqnozlaşdırılan və təhlükəsiz dünyanı yaradaq. Çox sağ olun.
***
Azərbaycan bu ilin mayında və 2013-cü ilin sentyabrında BMT Təhlükəsizlik Şurasına sədrlik edəcəkdir. Azərbaycan bu estafeti aprel ayında ABŞ-dan qəbul etmiş və bir aydan sonra onu Çinə təhvil verəcəkdir. Ölkəmiz Təhlükəsizlik Şurasına sədrliyi dövründə bu qurumun fəaliyyət gündəliyini müəyyən etməklə dünyadakı hadisələrlə bağlı qərar qəbuletmə prosesinin fəal iştirakçısına çevriləcəkdir. Azərbaycan Yaxın Şərq, Afrika və Balkan regionlarında cərəyan edən proseslər, o cümlədən dünya ictimaiyyətinin diqqət mərkəzində olan sülh və beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə və münaqişələrin həll edilməsi kimi digər qlobal əhəmiyyətli məsələləri Təhlükəsizlik Şurasının gündəliyi çərçivəsində müzakirəyə çıxaracaqdır. Ən vacibi isə Azərbaycan Dağlıq Qarabağ münaqişəsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayacaqdır.
AzərTAc
Azərbaycan.- 2012.- 6 may.- S. 1; 2.