Prezidentin əməyimizə verdiyi yüksək qiymət bizi yeni axtarışlara ruhlandırır

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" sərəncamı ölkənin bütün elmi ictimaiyyəti və ilk növbədə, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun kollektivi  tərəfindən çox böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır. 26 aprel 2012-ci il tarixdə imzalanmış bu mühüm sənəd Azərbaycan milli tarix elminin gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

Tarixi keçmişimizə dair elmi axtarışların daha da genişləndirilməsinə və təbliğinə  böyük imkanlar açan bu sənəddə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi olduğu qeyd edilir, bu elm ocağının milli tariximizin ən aktual problemlərinin müasir dövrün  tələblərinə uyğun və azərbaycançılıq məfkurəsi  işığında öyrənilməsi baxımından xüsusi rol oynadığı göstərilir.

Azərbaycan Prezidentinin  çağırışları, tövsiyə və tapşırıqları ilə  AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu son illərdə "Qarabağ: real tarix, faktlar və sənədlər", "Naxçıvan: tarixi və abidələri", "Azərbaycan tarixi atlası", "Kürəkçay-200", "Tarixi adlara qarşı soyqırım", "Ermənilərin Azərbaycan torpağında törətdiyi cinayətlərə dair", dörd kitabdan ibarət üç cildlik "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. Sənədlər toplusu", "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi", "Şimal-Qərbi Azərbaycan tarixi", "Azərbaycan xalçaları. İrəvan qrupu", "Azərbaycan xalçaları. Qarabağ qrupu", "Azərbaycan xalçaları. Naxçıvan qrupu", "Qədim Azərbaycan tarixi mixiyazılı mənbələrdə", "Şuşa-Pənahabad" və digər çoxsaylı fundamental əsərlər hazırlayıb  nəşr etdirmişdir. İnstitutun kollektivi artıq ulu öndərin həyat və fəaliyyətinin tədqiqinə həsr edilmiş iki cildlik "Heydər Əliyev" fundamental monoqrafiyasının və iki cildlik "Naxçıvan tarixi"nin akademik nəşrinə hazırlıq işlərini başa çatdırmışdır. Hazırda institutda üç cildlik yeni Azərbaycan tarixininin yazılması üçün müvafiq işlərə başlanmışdır.

Tarix İnstitutunun kollektivi milli tariximizin obyektiv elmi tədqiqini təmin etmək məqsədi ilə "Azərbaycan tarixi ilk mənbələrdə" layihəsini həyata keçirir. Həmin layihəyə uyğun olaraq dünya ölkələrinin arxiv və kitabxanalarında saxlanılan sənədlər və ilk mənbələr Azərbaycana gətirilərək elmi dövriyyəyə daxil edilir. Paris, London, Sankt-Peterburq, Moskva, Dehli, Ankara, İstanbul, Tiflis, Həştərxan və digər şəhərlərin arxivlərində saxlanılan Azərbaycan tarixinə aid materialların mühüm bir hissəsi institutumuza gətirilmiş və nəşr olunmuşdur.

Əməyimizə yüksək qiymət bizi - Akademiyanın Tarix İnstitutunun əməkdaşlarını yeni axtarışlara ruhlandırır. Azərbaycan Respublikası Prezidenti  2011-ci il aprelin 26-da AMEA-nın illik hesabat yığıncağındakı çıxışında institutumuzun fəaliyyətinə çox yüksək qiymət vermişdir:  "Tarix elmləri ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir. Biz bu məsələyə çox böyük diqqət göstəririk. Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki, bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət cavab verərək qısa müddət ərzində bu bölgənin tarixi ilə bağlı çox gözəl və real faktlara əsaslanmış əsərlər yaratmışlar. Başlıcası, İrəvan xanlığının tarixi ilə bağlı yaradılmış əsərlər xüsusi məna daşıyır. Çünki əfsuslar olsun ki, dünya birliyi demək olar bilmirdi ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır".

Ölkə başçısı respublikanın müxtəlif rayonlarına və o cümlədən cəbhə bölgələrinə səfərləri zamanı yerli ictimaiyyətin nümayəndələri ilə keçirilən görüşlərdə də tarixçilərin yazdıqları əsərlərin erməni faşizminə qarşı informasiya mübarizəsində mühüm rol oynadığını qeyd etmişdir. Əməyimizə verilən bu yüksək qiymət bizi daim yeni axtarışlara ruhlandırır.

Azərbaycan Respublikasının Prezidentinin 26 aprel 2012-ci il tarixli sərəncamı Tarix İnstitutunun kollektivi qarşısında yeni üfüqlər açır. Sərəncamda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi nəticəsində alimlərimizin sosial vəziyyəti daha da yaxşılaşacaq. Eyni zamanda tarixi tədqiqatların miqyası genişlənəcək və onların səmərəsi  artacaq, tarixçilərin yaratdıqları sanballı araşdırmaların Azərbaycan dilində və xarici dillərdə kütləvi tirajla nəşr olunaraq ölkəmizdə və xaricdə yayılmasına, qədim dilləri bilən mütəxəssislərin yetişdirilməsinə, xarici ölkələrdə saxlanılan ilk mənbə və arxiv sənədlərinin ölkəyə gətirilməsinə geniş imkanlar yaradacaqdır.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun kollektivi milli tariximizin inkişafına göstərdiyi qayğı və diqqətə görə Prezident İlham Əliyevə bir daha öz dərin minnətdarlığını bildirir, dövlət başçısına müdrik, qətiyyətli və cəsarətli siyasətilə doğma Azərbaycanı qələbədən-qələbəyə qovuşdurmaqda yeni-yeni nailiyyətlər arzulayır. Arzu edirik ki, Azərbaycanın Qurucu Prezidenti ölkəmizin tarixinə, həm də Qarabağı erməni təcavüzkarlarından azad edən Xilaskar Prezident kimi daxil olsun!

 

 

Yaqub MAHMUDOV,

AMEA A.A.Bakıxanov adına

Tarix İnstitutunun direktoru,

AMEA-nın müxbir üzvü

 

Azərbaycan.- 2012.- 6 may.- S. 4.