Əli
HƏSƏNOV: Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına sədrlik etməsi ölkəmizin dünyada söz sahibi olmasının nəticəsidir
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi ölkəmizin dünyada söz sahibi olmasının nəticəsidir.
Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 5-də jurnalistlərə müsahibəsində söyləmişdir.
Əli Həsənov demişdir ki, BMT Təhlükəsizlik Şurasına üzv seçilmək və bu mötəbər quruma sədrlik etmək Azərbaycan üçün çox qürurverici haldır. Biz bu hadisəni həm də dünya dövlətlərinin ölkəmizə olan etimadı kimi qəbul edirik. Ötən il Azərbaycan dünyanın 155 dövlətinin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Belə nəticəyə çox az rast gəlinir. Buna görə də biz dünya ölkələrinin Azərbaycana bəslədiyi etimadı doğrultmalı, qlobal məsələlərin həllində fəal iştirak etməliyik. Çalışmalıyıq ki, BMT dünyanın idarəçiliyində ən optimal yolları seçsin və beynəlxalq hüququn normalarına əməl etsin.
Professor Əli Həsənov bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasına üzv seçilmək və bu quruma sədrlik etmək ölkəmizə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq normalarına əməl olunması məsələsinin gündəmə gətirilməsi və dünyada bu kimi hallara yol verilməməsi üçün mexanizmlərin tapılması və qəbul olunması baxımından əlavə imkanlar yaradır.
AzərTAc
Azərbaycan.- 2012.- 6 may.- S. 5.