“Ruhum
Qarabağlıdır” filmi
təqdim olunmuşdur
Mayın 5-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin (İB) mərkəzi ofisində "Ruhum Qarabağlıdır" musiqili ədəbi-bədii kompozisiyadan ibarət filmin təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, film Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında müvafiq sərəncamının icrasını təmin etmək məqsədi ilə təsdiq olunmuş Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq ekranlaşdırılmışdır.
Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən Şuşa şəhərinin işğaldan əvvəlki və hazırkı vəziyyətini özündə əks etdirən bu filmin təqdimat mərasimində şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə İB-nin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və başqaları çıxış edərək zaman-zaman mənfur qonşularımız tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən söz açmışlar. Bildirilmişdir ki, film Milli Məclisin deputatı Qənirə Paşayevanın "Ruhum Qarabağlıdır" şeirlər silsiləsi əsasında hazırlanmış və hər bir məcburi köçkünün, öz yurd-yuvasından zorla didərgin salınmış insanların ürəklərində bəslədikləri, lakin sözün gücü ilə bu qədər dolğun ifadə edə bilmədikləri, hər gün, hər an yaşadıqları hissləri tam təfsilatı ilə əks etdirməsi baxımından çox təqdirəlayiqdir.
Sonra film təqdim edilmişdir.
Film hər bir xocavəndlinin doğma torpağa qayıtmaq əzmini bir daha əks etdirmişdir. Filmin süjet xətti də xocavəndli məcburi köçkün, şəhid atası Ağamirzə Həsənovun düşüncələri əsasında qurulmuşdur. Ömrünün ixtiyar çağında məcburi köçkünlük həyatı yaşamaq məcburiyyəti ilə barışmaq zorunda qalan el ağsaqqalının gözləri qarşısından Qarabağın, Şuşanın bəxtəvər günləri, cah-cəlallı anları bir-bir gəlib keçir. Bütün bunların fonunda onun gözlərindən sezilən doğma yurd həsrəti, torpaq nisgili tam aydınlığı ilə tamaşaçıya çatdırılmışdır.
Filmdə əsas obrazın xəyalında canlanan surətin xalq mahnısı "Sarı gəlin"i ifa etməsi birinci anlamda həmin mahnının Azərbaycan xalqına məxsusluğunu, ikinci baxış bucağında isə Qarabağın, Şuşanın, həqiqətən də, Azərbaycanın musiqi və incəsənət beşiyi olmasını xarakterizə etmişdir.
Filmin süjet xətti inkişaf etdikcə qəhrəmanın düşüncələri də reallığa uyğun olaraq dəyişir. Bu gün inkişaf edən, güclənən, qüdrətli orduya malik olan Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etmək iqtidarında olması filmin qəhrəmanında bir əminlik, sabaha böyük inam hissi yaradır.
Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı fevralın 26-da keçirilən və ön cərgəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin addımladığı əzəmətli yürüşdən filmə əlavə olunmuş kadrları həyəcansız izləmək olmur. Azərbaycanın silahlı qüvvələrinin hərbi təlimləri və bu təlimləri şəxsən Ali Baş Komandanın izləməsi anlarının filmə əlavə edilməsi ona xüsusi ruh və əzəmət gətirir. Üzü Qarabağa, öz doğma yurduna doğru əyləşib dərin fikirlərə, xəyallara dalmış ixtiyar bax elə bu cür major notlara köklənmiş halda qətiyyətlə yerindən qalxır və yola düzəlir. Bu yol Qarabağa - Şuşaya gedən yoldur. Qocanın ardınca isə bu doğma yolda hamı, hətta təzəcə yeriməyə başlamış qarabağlı körpə də addımlayır üzü Qarabağa, üzü Şuşaya, üzü əcdadının uyuduğu müqəddəs məkana doğru.
Elə filmin sonluğu da Prezident İlham Əliyevin böyük qətiyyətlə dediyi bu sözlərlə yekunlaşır: "Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmayacaq. Azərbaycan gəncləri bu vəziyyətlə barışmayacaq. Bakıda, çadır şəhərciyində doğulan, Qarabağdan olan hər bir gənc Qarabağa qayıtmaq arzusu ilə yaşayır. Qarabağ heç vaxt unudula bilməz. Heç vaxt!"
Filmin bütün çəkilişləri Dağlıq Qarabağda, Xocavənd rayonunun "Nərgiztəpə" ərazisində və Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində aparılmışdır. Filmdəki rolları canlandırmaq üçün peşəkar aktyorlar dəvət olunmamış, yalnız rayon sakinlərinin istedad və bacarıqlarından istifadə edilmişdir.
Film haqqında fikirlərini bölüşən Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Çingiz Qənizadə, Astan Şahverdiyev, Elman Məmmədov və başqaları görülmüş işi yüksək qiymətləndirmiş və belə ekran əsərlərinin çəkilməsinin vacibliyini vurğulamışlar.
Sonda mərasimin
iştirakçılarına minnətdarlığını
bildirən Qənirə Paşayeva Azərbaycanın
haqq işinin bütün dünyaya
çatdırılması istiqamətində bundan
sonra da inamla çalışacağını
söyləmişdir.
Azərbaycan.- 2012.- 6 may.- S. 5.