İrəli İctimai Birliyi azərbaycançılıq ideologiyasına inananların təşkilatıdır

 

  Altı nəfərlə hərəkata başlayan və qısa vaxtda Azərbaycanın gənclər sektorunda aparıcı bir təşkilata çevrilən "İrəli" İctimai Birliyi bu gün sıralarında 20 mindən artıq gənci birləşdirir. Təşkilat üç ildə 500-dən çox layihə həyata keçirmişdir. Bu layihələr ölkəmizin 66 rayonunu və 11 şəhərini əhatə etmişdir. Eyni zamanda, təşkilatın reallaşdırdığı layihələr çərçivəsində 20-dən artıq kitab, o cümlədən "Azərbaycanı tanı" kitabı nəşr olunaraq oxucuların ixtiyarına verilmişdir.

AzərTAc xəbər verir ki, bu sözləri mayın 5-də "İrəli" İctimai Birliyinin (İB) Heydər Əliyev Sarayında keçirilən ikinci hesabat-seçki konfransında təşkilata rəhbərlik etmiş Ceyhun Osmanlı jurnalistlərə müsahibəsində demişdir.

C.Osmanlı bildirmişdir ki, yeni seçiləcək sədrin üzərinə daha böyük məsuliyyət düşür. Çünki onu 1700-dən çox "İrəli" İB-in üzvü seçəcəkdir. Məni isə sədrliyə 380 gənc seçmişdi.

O qeyd etmişdir ki, Azərbaycan dövlətinin inkişafı naminə qurulan bu təşkilat heç zaman bitməyən bir ideya, həyat tərzidir. "İrəli" İB Azərbaycana üz tutanların, milli mənəvi dəyərləri uca tutanların, azərbaycançılıq ideologiyasına inananların təşkilatıdır. "İrəli həm də ailədir. Burada tanış olan 12 cütlük xoşbəxt ailə həyatı yaşayırlar.

 

 

Azərbaycan.- 2012.- 6 may.- S. 5.