“İrəli” İctimai Birliyinin
ikinci hesabat-seçki
konfransı keçirilmişdir
Mayın 5-də Heydər Əliyev Sarayında "İrəli" İctimai Birliyinin nizamnaməsinə əsasən, təşkilatın ikinci hesabat-seçki konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransın təşkilat komitəsinin sədri Hikmət İsmayılov iştirakçıları təbrik etmiş və tədbirin əhəmiyyətindən danışmışdır. O, bugünkü tədbirin təşkilatın həyatında önəmli bir tarix olduğunu diqqətə çatdırmışdır. H.İsmayılov konfransda 1784 nəfər qeydiyyatdan keçmiş iştirakçıdan 1693-nün iştirak etdiyini bildirmişdir. Natiq konfransda təşkilatın yeni loqotipinin təqdim olunacağını, həmçinin yeni sədrin və nəzarət-təftiş komissiyasının üzvlərinin seçiləcəyini bildirmişdir.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra təşkilatın fəaliyyətini əks etdirən "İrəli 2008-2012" hesabat filmi nümayiş etdirilmişdir.
Konfransda əvvəlcə say və katiblik komissiyalarının üzvləri seçilmişlər.
"İrəli" İctimai Birliyinin sabiq sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı ötən dövr ərzində həyata keçirilən layihələr və görülən işlər barədə məlumat vermişdir.
C.Osmanlı Azərbaycanın Vətən uğrunda canlarından belə keçməyi bacaran qəhrəman oğullarından, ölkəmizi ən ali tribunalarda təmsil etməyi bacaran, dünyada tanıdan gənclərindən danışmış və bildirmişdir ki, bu gün hər bir gənc tariximizə, keçmişimizə, mədəniyyətimizə, incəsənətimizə dərindən bələd olmalıdır. O, tarix boyu demokratik təfəkkürə sahib olan Azərbaycanın bu gün də həmin ənənələri davam etdirdiyini diqqətə çatdırmışdır.
C.Osmanlı bildirmişdir ki, "İrəli" Vətən deyib, öndə olanların təşkilatıdır. O qeyd etmişdir ki, bugünkü Azərbaycan gəncliyi dövlətimizin, onun seçilmiş hakimiyyətinin və qazanılan bütün uğurlarının qədrini bilməli, ona sahib çıxmalıdır. Şərqin ilk demokratik dövləti olan Azərbaycanı, onun parlamentini yaradan şəxsiyyətlərimizi xatırlayan təşkilatın sabiq sədri, bizə miras qalan ənənələrin qorunmasının vacibliyini vurğulamışdır.
Konfransda "İrəli" İctimai Birliyinin mərkəzi nəzarət-təftiş komissiyası adından Mahir Məmmədov təşkilatın cari dövr üçün fəaliyyət hesabatı barədə iştirakçıları məlumatlandırmışdır.
Bildirilmişdir ki, "İrəli" yalnız Azərbaycanın deyil, regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biridir. Təşkilatın cari dövr ərzində bir çox layihələr həyata keçirdiyini diqqətə çatdıran M.Məmmədov layihələr çərçivəsində nəşr edilmiş kitablar və s. barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Gənclər və idman naziri Azad Rəhimov "İrəli"nin yarandığı vaxtdan ətrafında fəal, intellektual səviyyəli, vətənpərvər gəncləri birləşdirməyi qarşısına məqsəd qoyduğunu bildirmişdir. Nazir təşkilatın təkcə Bakı ilə məhdudlaşmadığını, həm də regionlara üz tutduğunu, beləliklə, bütün Azərbaycan gəncliyini ətrafında birləşdirdiyini mühüm amil kimi vurğulamışdır.
A.Rəhimov bildirmişdir ki, "İrəli" bu gün Azərbaycanın rayonlarında yaşayan gənclərin də ictimai sahədə və vətəndaşlıq məktəbi istiqamətindəki fəaliyyətlərinin genişləndirilməsinə yaxından köməklik göstərməyə çalışır.
A.Rəhimov təşkilata üzv olan 20 mindən artıq gəncin öz ideyaları ilə "İrəli"ni gücləndirdiyini və inkişaf etdirdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu, Azərbaycan gənclərinin təşəbbüskar, sözün yaxşı mənasında, əsl vətəndaş kimi yetişməsinin sübutudur. Nazir "İrəli"nin fəal təşkilat olmaqla çoxsaylı sahələri əhatə etdiyini vurğulamışdır.
Azad Rəhimov öz sıralarında Azərbaycanın bilikli, yüksək dünya görüşünə malik gənclərini birləşdirən "İrəli"nin bundan sonra inkişaf sahələrini daha da genişləndirəcəyinə, böyük uğurlara nail olacağına əminlik ifadə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov konfrans iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik etmişdir. O, bütün demokratik ənənələrə riayət edilərək keçirilən konfransın istər "İrəli" İctimai Birliyinin, istərsə də Azərbaycanın digər qeyri-hökumət təşkilatlarının tarixində uzun müddət qalacağını bildirmişdir.
Şöbə
müdiri qeyd etmişdir ki, "İrəli" 20 minlik bir
ordudur. Bu ordunu Prezident Administrasiyası adından salamlayan
Elnur Aslanov Azərbaycan gəncliyinə gələcək fəaliyyətində
də daim təşəbbüskarlıq nümayiş etdirməyi,
uğurlu layihələr həyata keçirməyi və
yüksək intellektual potensialını qoruyub
saxlamağı tövsiyə etmişdir.
E.Aslanov
konfransın iştirakçısı olan gənclərə
müraciətlə demişdir: "Siz böyük millətin,
qədim tarixi və zəngin mədəniyyəti olan bir məkanın
övladlarısınız. Siz Cavanşirin, Tomrisin, Pənah
xanın, Cavad xanın, Əhməd bəy Ağaoğlunun, Əlibəy
Hüseynzadənin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy
Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin və
Heydər Əliyevin övladları və tələbələrisiniz.
Sizlər Azərbaycanın bu günü və
sabahısınız.
Sizlər
Azərbaycanın 28 may, 15 iyun, 18 oktyabr tarixlərini
yaşadan gənclərsiniz. Siz Azərbaycanımızı
parlaq gələcəyə doğru aparan bir qüvvəsiniz.
Azərbaycan gəncliyi olaraq siz bu ölkəni inkişaf etdirən,
gələcək nəsillərə təhvil verən, onun
siyasi və iqtisadi potensialını yeni mərhələyə
qaldıran şəxslərsiniz. Biz də bu yolda sizinlə
birlikdəyik".
Prezident
Administrasiyasının şöbə müdiri bildirmişdir
ki, Azərbaycanın gənclər siyasətinin həyata
keçirilməsində iki əsas prioritet vardır. Birinci
prioritet təşəbbüskar və intellektual gəncliyin
formalaşdırılmasıdır. Razılıq hissi ilə
qeyd etmək olar ki, hazırda bu müsbət tendensiyanı gənclərimiz
arasında görmək mümkündür. İkinci prioritet
isə Azərbaycan gənclərinin iş yerləri ilə təmin
olunmasıdır. Şöbə müdiri Prezident İlham Əliyevin
müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramının bu
istiqamətdə görülən işlərin sübutu
olduğunu bildirmişdir.
Prezident
Administrasiyasının siyasi təhlil və informasiya təminatı
şöbəsinin müdiri son illər ərzində ölkədə
900 min iş yerinin açıldığını və bu
istiqamətdə tədbirlərin davam etdirildiyini diqqətə
çatdırmışdır.
Azərbaycan
iqtisadiyyatının bütövlükdə Cənubi Qafqaz
iqtisadiyyatının 80 faizini təşkil etdiyini bildirən
Elnur Aslanov ölkəmizin bu gün regionun lider dövlətinə
çevrildiyini demişdir. Başlıca problemimizin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi olduğunu
vurğulayan şöbə müdiri torpaqlarımızın
sülh yolu ilə işğaldan azad edilməsinə nail ola
bilməsək, Ali Baş Komandanın əmri ilə hər
bir azərbaycanlının əsgərə çevrilərək
ərazilərimizi azad etməyə hazır olduğunu diqqətə
çatdırmışdır.
Konfransda
"İrəli" İctimai Birliyinin yeni loqotipinin təqdimatı
olmuşdur.
Daha
sonra təşkilatın mərkəzi nəzarət-təftiş
komissiyasının yeni üzvləri müəyyənləşmişdir.
Komissiya üzvlüyünə səs çoxluğu ilə
Leyla Yolçiyeva, Orxan Əmrahov, Kövsər Orucova, Xəqani
Fərəcov və Dünya Fərzəliyeva
seçilmişlər.
Konfransda
"İrəli" İctimai Birliyinin yeni sədri vəzifəsinə
isə Rauf Mərdiyev seçilmişdir.
"İrəli"nin
yeni sədri bu gün ətrafında 20 mindən artıq Azərbaycan
gəncini birləşdirən bir təşkilatın fəaliyyət
istiqamətlərinin gələcəkdə daha da genişləndirilməsinə
çalışacağını bildirmişdir. R.Mərdiyev
bir neçə il bundan əvvəl cəmi altı nəfərlik
heyətlə fəaliyyətə başlayan təşkilatın
bu gün Azərbaycan dövlətinin inkişafı istiqamətində
daha böyük potensialla çalışmaq gücündə
olduğunu demişdir. O, "İrəli"nin
sıralarının bundan sonra daha da genişlənəcəyinə,
ətrafında daha çox gənci birləşdirəcəyinə
əminliyini ifadə etmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 6 may.- S. 5.