ABŞ konqresmeni Stiv Koen: Azərbaycan xalqı tolerantlıq və açıqlıq ənənələrindən qürur duymalıdır

 

Xəbər verdiyimiz kimi, Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 20 illiyi münasibətilə Vaşinqtonda keçirilən konfransda ölkələrimiz arasında tərəfdaşlığın geosiyasi cəhətdən mühüm əhəmiyyət daşıyan bölgəmizə təsiri məsələləri təhlil olunmuş, qarşıdan gələn illərdə Azərbaycan-ABŞ strateji müttəfiqliyinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Konfransın işində ABŞ-ı təmsil edən nümayəndə heyətinin çoxsaylı konqresmensenator üzvləri yekdilliklə bildirmişlər ki, Azərbaycan ilə qurulan münasibətlər Birləşmiş Ştatlar üçün çox vacibdir.

Bu fikri Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupunun fəal üzvlərindən biri, Tennesi ştatından demokrat konqresmen Stiv Koen də təkrarlamışdır.

Müzakirələrdə çıxış edən konqresmen demişdir: "Mənim digər həmkarlarımın qeyd etdiyi kimi, ABŞ ilə Azərbaycan arasında əlaqələr vacibdir. Bu iyirmi il çox tez keçmişdir. Şadam ki, bu gün Azərbaycan Avropaya və Qərbə üz tutmuşdur. Bizim münasibətlərimizin bir hissəsi bu gün dünyanın ciddi ehtiyac duyduğu enerji resurslarına əsaslanır. Lakin mənim üçün ən əhəmiyyətli olan Azərbaycanda insanlar arasında gördüyüm xoş münasibətlərdir. Azərbaycan müsəlman ölkəsi olsa da, öz cəmiyyətinin xristian və yəhudi üzvlərinə heç bir fərq qoymur. Dünyanın bir çox başqa yerlərində olan problemlər burada yoxdur. Siz digər xalqlara nümunəsiniz.

Buraya gəlməmişdən əvvəl mən Azərbaycanın xəritəsinə bir daha nəzər saldım. Bu ölkənin torpaqlarının bir hissəsi işğal olunmuşdur. Münaqişənin davam etməsi bölgənin inkişafını çətinləşdirir. Azərbaycanın yaxın və uzaq qonşuları ilə gözəl münasibətləri vardır. Azərbaycan ilə İsrailin münasibətləri də yüksək səviyyədədir. Azərbaycanda yəhudi icmasına tarix boyu xoş münasibət olmuşdurbu, indi də belədir. Azərbaycan xalqı tolerantlıq və açıqlıq ənənələrindən qürur duymalıdır. Tolerantlıq Azərbaycanın güc mənbəyidir. Buna görə də Azərbaycana minnətdarlığımı bildirir və konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, tezliklə bölgədə sülh bərqərar olacaq, Azərbaycan ilə ABŞ arasında müttəfiqlik ənənələri yeni dəyərlərlə zənginləşəcəkdir.

 

 

Şəfəq AKİFQIZI

 

Azərbaycan.- 2012.- 6 may.- S. 5.