Ulu öndər Heydər Əliyev Azərbaycanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etmişdir

 

Azərbaycanın özü qədər əbədi

 

  XX əsr dünya tarixinin parlaq şəxsiyyətlərindən biri olaraq Azərbaycan xalqının müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirən və milyonların qəlbində özünə əzəmətli abidə ucaldan ümummilli lider Heydər Əliyev müstəqil respublikamızın inkişaf strategiyasının müəllifi kimi böyük rəğbət və ehtiramla yad edilir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın dünya miqyasında layiqli yerini tutması və dinamik iqtisadi inkişafı istiqamətində məqsədyönlü addımlar atdı.

Bu mərhələdən etibarən ümummilli lider Heydər Əliyevin ciddi səyləri nəticəsində daxildə möhkəm təməllərə əsaslanan ictimai-siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi prosesi başlandı. Ulu öndərin iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsi ölkə həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrildi. 1993-cü il iyunun 15-də Azərbaycan parlamentində dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev respublikanı xaos və anarxiya burulğanından çıxarmaq, xalqın etimadını doğrultmaq üçün səylə çalışacağını bəyan etdi: "...Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir il bundan öncə başladığı yolla getməkdə davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam".

Ulu öndər Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi böyük strateqin sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş və özünütəsdiq tarixidir. Bu tarixi qayıdış ilk növbədə Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Ulu öndərin Ali Sovetin sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etdi. Heydər Əliyev bu vəzifədə səylə çalışaraq ilk növbədə parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başladı, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını aldı. Müzakirə və diskussiyaların sivil demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərdi, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirdi. Parlament iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. Ümummilli liderin parlamentdəki səlis, rəvan və yüksək məntiqə əsaslanan nitqləri, əsaslandırılmış mövqeyi, mürəkkəb vəziyyətlərdə çevik qərarlar qəbul etmək qabiliyyəti bu gün də böyük rəğbətlə xatırlanır.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Azərbaycan Respublikası parlamentinə rəhbərlik etdiyi dövr Azərbaycan parlamentarizmi tarixinin qızıl səhifələrini təşkil edir. Ümummilli lider "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm" deməklə, Azərbaycanı məhv olmaqdan xilas etmişdi. Belə bir ağır şəraitdə böyük öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və mahir idarəetmə qabiliyyəti sayəsində Azərbaycan fəlakətdən qurtardı, qısa müddətdə siyasi, iqtisadi sabitlik təmin edilərək respublikanın inkişafına yol açan qanunlar qəbul edildi. 1995-ci il seçkilərindən sonra nümunəvi parlamentin formalaşmasına nail olundu.

Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda müstəqil Azərbaycan Respublikasının parlamenti ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunusosial müdafiəsini tənzimləmək məqsədilə 3 sentyabr 1993-cü ildə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun qəbul etdi. Qanuna görə şəhid adının əbədiləşdirilməsi üçün şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi nəzərdə tutulurdu. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurdular.

Azərbaycan Respublikasının qanunverici orqanı "Müdafiə haqqında" 26 noyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununu qəbul etdi. 1993-cü il dekabrın 6-da Azərbaycan Respublikasının "İstiqlal" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında" Milli Məclis qanun qəbul etdi. Azərbaycan Respublikasının ən yüksək ordeni ilə milli-azadlıq hərəkatında müstəsna xidmətlərinə, dövlət və xalq qarşısında, habelə milli dövlət quruculuğu işlərində xüsusi xidmətləri olan şəxslər təltif edildi. 

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qanunverici orqan ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, hərbi sahənin inkişafına yönələn, onun üçün hüquqi bazanı müəyyən edən qanunlar qəbul etmişdi. 1994-cü il 4 yanvar tarixli "Sərhəd qoşunları haqqında", 1994-cü il 8 fevral tarixli "Daxili qoşunların statusu haqqında", 1994-cü il 23 sentyabr tarixli "Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin təsdiqi haqqında", "Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin təsdiqi haqqında", 1995-ci il 10 yanvar tarixli "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında Əsasnamənin təsdiqi haqqında" qanunları qeyd etmək olar.

Qanunvericilik təşəbbüsü əsasında iqtisadiyyatın ayrı-ayrı sahələrini tənzimləyən qanun layihələrini Milli Məclisin müzakirəsinə göndərən Heydər Əliyev onların demokratik prinsiplərlə və aşkarlıq şəraitində müzakirəsini də vacib sayırdı. 1993-cü ildən 2003-cü ilədək Milli Məclisdə qəbul olunmuş iqtisadi sahədə qanunlar mükəmməlliyi ilə seçilərək, Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı. Bu illərdə parlamentdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdu.

2010-cu ilin 7 noyabrında IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin tamamilə azad, ədalətli və demokratik şəraitdə keçməsi son illərdə əldə olunmuş inkişaf göstəricilərinin qorunub saxlanılması, habelə ictimai həyatın bütün sahələrini əhatə edən mütərəqqi qanunların qəbulu baxımından müstəsna əhəmiyyətə malikdir. Məsələ bundadır ki, respublikamızın postkeçid mərhələsində olması bir sıra yeni qanunvericilik aktlarının qəbulunu, habelə mövcud qanunlara əlavə və dəyişiklikləri zəruri edir. IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin tərkibi deməyə əsas verir ki, parlament qarşıdakı illərdə bu missiyanın öhdəsindən layiqincə gələcəkdir.

IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyasında dərin məzmunlu nitq söyləyən dövlət başçısı İlham Əliyev deputatlara gələcək fəaliyyətlərində uğurlar arzuladı, onların qarşıdakı fəaliyyətinin məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirdi. Cənab İlham Əliyev son parlament seçkilərinin Azərbaycanın demokratik, hüquqisiyasi inkişafında keyfiyyətcə yeni mərhələ açdığını da razılıqla vurğuladı: "Parlament seçkiləri Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addımdır. Bildiyiniz kimi, seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirildi. Bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir. Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini verəcək, Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır".

Milli qanunvericilik sisteminin təkmilləşdirilməsi prosesinə xüsusi qayğı ilə yanaşan dövlət başçısı İlham Əliyevin təşəbbüsü əsasında son 9 ildə ölkə həyatı üçün son dərəcə vacib əhəmiyyətə malik çoxlu sayda qanun və qərarlar qəbul edildi, parlamentin ölkənin ictimai-siyasi həyatında rolu daha da yüksəldi. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisində qəbul edilən qanunlar hüquqi bazanı möhkəmləndirməklə yanaşı, Azərbaycan hakimiyyətinin kompleks inkişafına dair həyata keçirdiyi siyasi kursa mühüm töhfədir.

Əminliklə demək olar ki, Azərbaycan dövlətinin xilaskarı və qurucusu kimi əbədiyaşarlıq zirvəsinə yüksəlmiş Heydər Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı parlamentarizm ənənələri son illərdə möhkəmlənmiş, sivil Qərb təcrübəsinin pozitiv elementləri ilə zənginləşmişdir. Bu gün hüquqi, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edən Milli Məclis ölkə həyatının müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən mütərəqqi ruhlu qanunlar, qərarlar qəbul edir, ölkəmizin milli maraqları ilə bağlı məsələlərdə daim prinsipial, qətiyyətli mövqe göstərir.

 

 

Tahir SÜLEYMANOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2012.- 6 may.- S. 6.