Haqqı və ədaləti uca tutan
lider
Azərbaycanın
özü qədər əbədi
Dünyanın
ən aparıcı dövlətlərinin tarixində
onları sınağa çəkən, inkişaf yolunda maneəyə çevrilən
hadisələr az olmamışdır. Bu hadisələr istər
başlanğıcda, istərsə də sonralar həmin
xalqları tutduqları yoldan sapındırmağa
çalışsa da, böyük iradə həmin
xalqların firavan inkişaf yoluna çıxmasına kömək
etmişdir. Dünya xalqları buna görə məhz şəxsiyyətlərə,
onların adı ilə bağlı olan zəngin siyasi irsə
minnətdardır. Yəni tarix şəxsiyyətləri
insanlara sanki özlərinin sınaqları üçün bəxş
etmişdir. Onlar zaman adlanan orduya sərkərdəlik
missiyasını öz üzərlərinə götürərək
bir-birinin ardınca əldə olunan qələbələrlə
bu ordunun özünün də ruhunu dəyişib yeniləşdirməyə
müvəffəq olurlar.
Ruslar
üçün əgər bu şəxsiyyət Rusiya
dövlətinin müasir dövlətçilik ənənələrini təmin etmiş I Pyotr,
amerikalılar üçün Corc Vaşinqton, ingilislər
üçün Uinston Çörçill, fransızlar
üçün Şarl de Qoll, türklər
üçün Mustafa Kamal Atatürkdürsə, biz azərbaycanlılar
üçün ümummilli lider Heydər Əliyevdir!
Dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyev müstəqil
Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını
yaratmış, xalqın müstəqil və güclü
dövlətə sahib olmaq arzusunu praktik şəkildə
gerçəkləşdirmiş strateq kimi çağdaş
tariximizdə əbədiyaşarlığını təmin
etmiş, hələ sağlığında canlı əfsanəyə
çevrilmişdir.
Hər
bir siyasi lider həm də müəyyən ideoloji-siyasi irsin
daşıyıcısıdır. Bu mənada əminliklə
demək olar ki, Heydər Əliyevin yüksək dövlətçilik
təfəkkürü sayəsində həyata vəsiqə
alan milli azərbaycançılıq ideologiyası hər bir
vətəndaşın maraqlarını özündə
ehtiva etməklə, xalqın daimi birliyi və həmrəyliyində
vacib amildir. Hər bir fərd bu ideologiya və baxışlar
sistemində özünün ictimai dəyərlər dərəcəsinə
yüksəlmiş istək və arzularının dolğun
ifadəsini tapır, özünü inkişaf prosesinin
müşahidəçisi deyil, fəal
iştirakçısı qismində görür. Yəni Azərbaycanın
davamlı inkişafının Heydər Əliyev
konsepsiyası praktik fəaliyyətə transformasiya edərək
insanların fərdi davranışını
stimullaşdırmaq qüdrətinə malik olan dəyərlərin
məcmusunu özündə ifadə edir. Həmin dəyərlər
sistemi ümummilli ideyanın təmin edilməsi ilə
yanaşı, hər bir fərdin şəxsi idealının
həyata keçirilməsini nəzərdə tutan prinsip və
vəzifələri üzvi şəkildə əks etdirir. Əslində,
Heydər Əliyev ideyalarını müstəsna edən və
onun uğurunu şərtləndirən başlıca cəhətlərdən
biri də məhz budur.
Ümummilli
lider Heydər Əliyev minilliklər boyu davam edən dövlətçilik
tariximizin yalnız 35 ilinə sahiblik edir. Fəqət əsrin
üçdə birini ehtiva edən bu zaman kəsiyinin mahiyyətində
xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər,
məramlar gerçəyə çevrilmişdir. Bu mərhələ
Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz
xarakter alması, sabit dövlət quruluşunun yaranması,
xalqın təbii və konstitusion hüquqlarına sahib
çıxması, milli-mənəvi yüksəlişə
nail olması, fərdin özünü vətəndaş
olaraq dərk etməsi və millət tək
mövcudluğuna qədər inkişafı kimi şanlı
mərhələni əhatələyir.
Antik yunan
filosofu Aristotel "Politika" əsərində yazır ki,
inam uğuru təmin edən mühüm vasitə kimi siyasətin
ayrılmaz hissəsidir. Həqiqətən də fərqli
ictimai-iqtisadi formasiyalarda cəmiyyətin dəstəyinə
iddia edən hər bir siyasi qüvvənin cidd-cəhdlə
can atdığı yeganə meyar məhz ictimai inam
olmuşdur. Bu mənada, ulu öndər Heydər Əliyev də
böyük siyasətdə və dövlət idarəçiliyində
bütün uğurlara məhz xalqın yüksək mənəvi
dəstəyi, etimadı sayəsində nail olmuşdur. Məhz
bu keyfiyyəti ilə Heydər Əliyev müstəqillik illərində
də birləşdirici şəxsiyyətə
çevrilmiş, cəmiyyətin mənəvi
bütövlüyünə nail olmuşdur.
Əsl
lider bütünlükdə mühitdən asılı olan
adamlardan onunla seçilir ki, ətrafda baş verən hadisə
və proseslərə münasibətdə passiv
müşahidəçi mövqeyindən
çıxış edərək biganəlik, laqeydlik
göstərmir. Ulu öndər Heydər Əliyevin müstəqilliyin
ilk illərində milli dövlətçiliyi qorumaq
üçün nümayiş etdirdiyi qətiyyət və
prinsipiallıq, bu mənada, onun həm də yüksək
liderlik əzmini nümayiş etdirir. Böyük strateqin
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə
edilmiş milli birlik də respublikanın ən qiymətli mənəvi-ideoloji
sərvətlərindən biridir.
Ulu
öndər malik olduğu yüksək dövlətçilik
və idarəçilik səriştəsi ilə çiyinlərini
son dərəcə ağır bir yükün altına
vermiş, məsuliyyətdən çəkinməmişdir.
Çətinliklərə, maneələrə, dövlət
çevrilişi cəhdlərinə mətinliklə sinə
gərərək, təbiətin ona bəxş etdiyi fədakarlıq,
mübarizlik, əyilməz iradə, dəmir məntiq,
özünəinam və siyasi uzaqgörənlik, ideya və
fikirlərini sadə şəkildə geniş xalq kütlələrinə
təlqin etmək kimi fövqəlkeyfiyyətlərindən məharətlə
bəhrələnərək, xalqı vətəndaş
qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən
qurtarmışdır.
Ümummilli
lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycan
Ali Sovetinin Sədri seçilməsi isə ölkədə
qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə
möhkəmlənməsini təmin etməklə
yanaşı, qanunverici orqanın cəmiyyətdəki
nüfuzunu qaldırmış, onun təşəkkülünə,
ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə,
habelə milli parlamentarizm ənənələrinin
inkişafına böyük zəmin yaratmışdır. Ulu
öndər bu mərhələdən etibarən ictimai-siyasi
sabitliyi tam təmin edərək sonrakı mərhələdə
həyata keçirdiyi çoxşaxəli islahatlarla bir daha
sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil
xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə
malik olmayan xalq güclü dövlət qura bilməz.
Böyük strateq iqtisadi və hüquqi islahatların
paralelliyini təmin etməklə məhz bu prinsipə əsaslanmışdır
ki, hüquqi dövlət insanların birgə fəaliyyətinin
təşkili və tənzimlənməsinin mühüm
amili, onların qarşılıqlı münasibətlərinin
qaydaya salınmasının, cəmiyyətdə
nizam-intizamın və sabitliyin təmini vasitəsidir.
Bəşəriyyətin
tarixi təkamül prosesi də təsdiqləyir ki, yalnız ədalət,
müdriklik, humanizm kimi ali dəyərləri öz şəxsiyyətində
bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş
liderlər qanuna söykənən cəmiyyət yaratmaq
idealı ilə yaşamış və fəaliyyət
göstərmişlər. Heydər Əliyev dühası da
gücün siyasətinə qarşı siyasətin
gücünü qoyaraq "haqlı adam həmişə
güclüdür" düsturunu işə salan belə
xariqüladə şəxsiyyətlərin biri kimi
çağdaş tariximizdə əbədiyaşarlıqlarını
təmin etmişdir. Liberalizmin fərdi hüquq və
azadlıqların müstəsna prioritetinə əsaslandığını
peşəkar strateq kimi daim nəzərə alan Heydər Əliyev
dövlətin maraqlarına xələl gətirmədən hər
bir vətəndaşın qanuni hüquqlarının yüksək
səviyyədə təmin edildiyi təkmil idarəçilik
sisteminin formalaşmasına
çalışmışdır.
1995-ci ildə
xalqın azad iradəsi əsasında Azərbaycanın
mütərəqqi ənənələrə söykənən
ilk Konstitusiyasının qəbuluna nail olan ümummilli lider
sonrakı mərhələdə dövlət-vətəndaş
münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi,
insan və vətəndaş hüquq və
azadlıqlarının yüksək səviyyədə
qorunduğu, humanizm ideyalarının möhkəm təmələ
çevrildiyi ədalətli cəmiyyətin formalaşdırılması,
idarəçilikdə demokratik ənənələrin tam bərqərar
olması naminə misilsiz xidmətlər göstərmişdir.
İctimai həyatın ən müxtəlif sahələrində
haqq-ədalət prinsipinin qorunmasına çalışan,
bunu əsl məmurluğun formuluna çevirən Heydər Əliyev
yalnız bu yolla dövlətlə xalq arasında möhkəm
mənəvi, siyasi və hüquqi bağlantıya,
qarşılıqlı etimada nail olmağı mümkün
hesab etmişdir.
Ümumi
şəkildə ifadə etsək, 1993-cü ildə
ölüm cəzası üzərində moratorium
qoyulması və 1998-ci ilin fevralında bu cəzanın tam ləğvi;
32 əfv, 8 amnistiya aktının imzalanması, 1996-cı ildə
Hüquq İslahat Komissiyasının yaradılması və
"Məhkəmələr və hakimlər haqqında",
"Konstitusiya Məhkəməsi haqqında", "Vəkillər
və vəkillik fəaliyyəti haqqında",
"Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış
tədbirləri haqqında", "Notariat haqqında" və
s. mütərəqqi ruhlu qanunların qəbuluna start verilməsi;
üçpilləli müstəqil məhkəmə sisteminin
yaradılması və hakimlərin test üsulu ilə
seçilməsi; 1998-ci ilin 22 fevralında "İnsan və
vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında" fərmanın imzalanması; 1998-ci il iyulun 18-də
"İnsan hüquqlarının müdafiəsinə dair
Dövlət Proqramı"nın təsdiq olunması; Azərbaycanın
ən müxtəlif beynəlxalq konvensiya və sazişlərə
qoşulması; 2001-ci ilin 17 yanvarında Avropa Şurasına
tamhüquqlu üzv qəbul edilməsi; İnsan
Hüquqları üzrə Müvəkkil İnstitutunun
formalaşdırılması; 2002-ci il 24 avqust tarixində Azərbaycan
Respublikasına yeni dövrün tələblərindən irəli
gələn mütərəqqi ruhlu əlavə və dəyişikliklərin
edilməsi kimi mühüm islahatlar məhz ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır.
Müasir
Azərbaycan dövlətinin banisi - ulu öndər Heydər Əliyev
güclü dövlət yaratmaqla yanaşı, onu
özündən sonra inamla idarə edəcək,
çoxşaxəli mütərəqqi islahatların
varisliyini uğurla təmin edəcək peşəkar lider də
yetişdirmişdir. Hələ 2003-cü ilin oktyabrında ulu
öndər Heydər Əliyevin "Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük ümidlər
bəsləyirəm" deməklə cəmiyyətə
özünün layiqi davamçısı kimi təqdim etdiyi
cənab İlham Əliyevin 9
illik prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər
saldıqda, həmin fikrin təxmin deyil, qəti qənaət
olduğunun bir daha fərqinə varırıq.
Ulu
öndər Heydər Əliyevin zəngin irsinə əsaslanan
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla həyata keçirilən inkişaf
strategiyasının təhlili onun üç fundamental prinsipə
söykəndiyini söyləməyə əsas verir. Bunlar
güclü dövlət, səmərəli iqtisadiyyat və
azad insandır. Azərbaycanın İlham Əliyevin rəhbərliyi
altında qazandığı nailiyyətlər hər
üç başlanğıcın qarşılıqlı
ahəngdar fəaliyyətinin ölkənin yüksək
inkişafına, hərtərəfli tərəqqisinə xidmət
edən əzəmətli vasitəyə çevrilmək
gücündə olduğunu sübuta yetirir.
Ölkənin
və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq
şəraitində və rifah halında yaşaması
güclü dövlətin ən mühüm şərti kimi
sosial-siyasi və milli-əxlaqi mühitin, birgəyaşayış
norma və qaydalarının mövcudluğunu özündə
ehtiva edir. Ölkədə
sabitliyi, əmin-amanlığı, dövlət
intizamını təmin etmək, qanunçuluğu və
hüququn aliliyini gözləmək sahəsində
atdığı addımlar Prezident İlham Əliyevin Azərbaycanı qüdrətli
dövlətə çevirmək istəyindən irəli gəlir.
İqtisadi sahədə reallaşdırılan islahatlar - azad
sahibkarlığın möhkəmləndirilməsi,
işgüzar mühitin liberallaşdırılması, investisiyalara
dövlət təminatının gücləndirilməsi,
qeyri-neft sektorunun, informasiya-kommunikasiya texnologiyalarının
inkişafı, vətəndaşların təşəbbüskarlığına
geniş meydan verilməsi kimi mühüm tədbirlər Azərbaycanda
səmərəli iqtisadiyyatın
formalaşdırılmasına xidmət edir. Nəhayət,
bütün bu addımlarla paralel şəkildə siyasi və
hüquqi azadlıqların dərinləşdirilməsi, vətəndaş
cəmiyyəti quruculuğuna yönəlmiş islahatların
davam etdirilməsi ölkədə şəxsiyyətin və
fərdin azadlığına xidmət edir.
Hikmət MİRZƏYEV,
Ali Məhkəmənin
İnzibati-iqtisadi
kollegiyasının sədri
Azərbaycan.- 2012.- 6 may.- S. 6.