Gürcüstanda qalan izlər
Ulu öndər Heydər Əliyev ən
ağır günlərdə soydaşlarımıza arxa-dayaq olub
Bu günlərdə eşitdik ki, qonşu Gürcüstanın Marneuli rayonunda N.Nərimanovun adını daşıyan mədəniyyət evindən onun barelyefini götürürlər. Düzü, məəttəl qaldıq. 1993-cü ilin qanlı-qovğalı günləri yada düşür. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanov və akademik Məmmədtağı Cəfərovla soydaşlarımızın görüşünə getmişdik. N.Nərimanovun abidəsini ziyarət etməyə gələndə A.Aslanovun təkidi ilə Ermənistan Respublikası Tavuş quberniyasının qubernatoru və qeyri-erməni mənşəli məmurlar da bizə qoşuldular. Onlar da bizimlə birgə Nərimanovun abidəsi önünə gül-çiçək qoydular. Bunu görən soydaşlarımız necə qürur hissi keçirirdilər!
Təlatümlü 90-cı illərin ən ağır günlərində ölkəmizin öz problemlərinin başdan aşdığı bir dövrdə ulu öndər Heydər Əliyev əzabkeş soydaşlarımızı əsla unutmur. Gürcüstanla əlaqələri yaxşılaşdırmağı, soydaşlarımızın didərgin düşmələrinin qarşısını almağı, azərbaycanlılara məxsus olan abidələrə qayğı və diqqət göstərməyi ön plana çəkirdi. Bu barədə ulu öndər o zaman Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olan Aslan Aslanova bir sıra konkret tapşırıqlar verdi. Tale elə gətirdi ki, qərb bölgəsinin müxbiri kimi mən o gərgin günlərdə Gürcüstan görüşlərinin iştirakçısı, görülən işlərin canlı şahidi oldum.
İlk növbədə Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində soydaşlarımızın itirilmiş inamını, etibarını, tapdalanmış milli hisslərini dirçəltmək, elindən-obasından, bir növ, əllərini üzmüş insanları yenidən öz dədə-baba yurdlarına bağlamaq kimi mühüm bir prosesin həyata keçirilməsi vacib idi.
Şəmkirdən ilk humanitar yardım maşın karvanı Dmanisi rayonuna yola salındı. Həftələr, aylar keçdikcə xeyriyyə karvanları daimi xarakter aldı. Həm də ziyalıların səfərləri xoş təsir bağışlayırdı. Soydaşlarımız hiss edirdilər ki, dünya şöhrətli Heydər Əliyev mövcud problemlərlə dərindən maraqlanır və onlara hər an, hər cür kömək göstərməyə hazırdır.
Heydər Əliyevin müdrik siyasəti sayəsində əsrlərdən bəri mehriban qonşuluq şəraitində yaşamış xalqlarımız arasında dostluğun yeni mərhələsi başlandı. Müntəzəm görüşlər, əlaqə-ünsiyyət, səmimi münasibətlər, qayğı və kömək insanların psixologiyasına, əhval-ruhiyyəsinə güclü təsir edirdi. Beləliklə, soydaşlarımızın öz dədə-baba yurdlarından perikməsinə son qoyuldu. Minnətdar insanlar o zaman "Ümid çırağı" adlı bir kitab da buraxmışdılar.
1996-cı ilin mart ayında Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan Respublikasına ilk rəsmi səfəri ilə iki qonşu ölkənin dostluğunun qədim tarixinə yeni səhifələr yazıldı. Qardabanidə köhnə, uçulub dağılmaqda olan məscid binası ulu öndərin tapşırığı ilə bərpa edildi. Marneuli rayonundakı Kosalı kənd orta məktəbinə xeyli miqdarda yanacaq və tədris ləvazimatı verildi. Bolnisi rayonunun Arkivan kənd orta məktəbi təmir edildi. Tbilisidə azərbaycanlı balalarının oxuduqları 73 saylı orta məktəbin binası əsaslı təmir olundu, onun bağlanmaq təhlükəsi aradan qaldırıldı. Qısa müddət ərzində burada şagirdlərin sayı təqribən beş dəfə artdı.
"Gürcüstan" qəzeti 75 illik yubileyə hazırlaşırdı. Qəzetin maddi-texniki bazası isə çox zəif idi. Söhbətlərdən birində dövlətimizin başçısı Aslan Aslanova tapşırıq verdi ki, bu işin sahmana salınmasına çalışsın. Prezidentin tövsiyəsi dərhal reallaşdırıldı. Redaksiyaya bir neçə ton kağız, kompyuter dəsti, faks, surətçıxaran aparat, iki ədəd printer və digər avadanlıq hədiyyə edildi. Əməkdaşların bir neçə aylıq əməkhaqqı ödənildi. Kollektivə "Qaz-24" markalı "Volqa" maşını bağışlandı.
O qanlı-qadalı günlərdə Tibilisinin "İveriya" mehmanxanasında olan bir görüşü həyəcanla xatırlayıram. Şəmkirlilər Abxaziyada milli münaqişələrdən sonra doğma ev-eşiklərindən, yurd-yuvalarından qaçqın düşmüş gürcülərə, eləcə də ölkənin müxtəlif bölgələrindən gəlib sığınacaq tapan qaçqınlara xeyli ərzaq aparmışdılar. Heç yadımdan çıxmaz: sovqatlar paylanan zaman Gürcüstanın xalq yazıçısı Quram Pançikidze həyəcanla dedi: "Mənim xalqım gözütox, zadəgan, knyaz nəslindəndir. Onlar acından və şaxtadan ölsələr də, öz qürurlarını saxlayaraq heç kimə əl açmazlar. Bu gün şəmkirlilərin sovqatını qardaş payı kimi qəbul edirik. Bilirik ki, bu yardımlar gürcü ziyalıların sevimlisi Heydər Əliyevin tapşırığı ilə gətirilib".
Bir dəfə də soyuq qış günlərində din xadimlərinə təbii qaz balonları və mer-meyvə aparılanda Ümumgürcüstan katolikosu patriarx II İlya Azərbaycan xalqının xeyirxahlığından ürək dolusu söz açdı. Bu qayğı və köməyə görə dövlətimizin başçısının müdrikliyini xüsusi vurğuladı. "Cənab Heydər Əliyevin qədrini bilin, - dedi. - O, bütün Qafqazın ağsaqqalıdır. Həmişə insanlar arasında səmimiyyət, mehribanlıq yaratmağa çalışır. Çətinə düşənlərə, darda olanlara əl tutur, qayğı göstərir. Qoy Tanrı onu hifz eləsin".
Hələ ötən əsrin əvvəllərində Tbilisi şəhəri Zaqafqaziyanın mədəni mərkəzi sayılırdı, Xalq Cümhuriyyəti süqut edəndə Azərbaycanın azadlıq fədailərinin sığınacaq məkanlarından birinə çevrilmişdi. Ulu öndər bu qədim şəhərdə dünyasını dəyişən ziyalıların taleyi, Azərbaycan mənşəli ünvanlarla müntəzəm maraqlanırdı.
Bununla əlaqədar olaraq Aslan Aslanov maraqlı bir faktı yada saldı. "1996-cı ilin soyuq qış günlərindən biri idi. Prezident Heydər Əliyevin tapşırığı ilə soydaşlarımızla görüş üçün Tbilisiyə getmişdik. İşimizi görüb evə qayıtmağa hazırlaşırdıq. Axşam saat doqquz olardı. Xəbər verdilər ki, ağbirçək bir qadın mənimlə görüşmək, nəsə demək istəyir. Görüşdük, söhbətdən bəlli oldu ki, o, mənə xalqımız üçün xüsusi əhəmiyyətə malik bir sirrin üstünü açmaq istəyir. Müəllimə illər boyu heç kimə bildirmədiyi bir həqiqəti - Fətəli xan Xoyskinin dəfn edildiyi yeri mənə açıqladı: O zaman Fətəli xan Xoyskini allahsız adam kimi Şeyx Sənan dağının ətəyindəki qəbiristanlıqda, mənim qardaşımın yanında basdırıblar".
Sonra qadın həmin yeri göstərdi. "Buradakı ermənilər xəbər tutsalar, - dedi, - Xoyskinin qəbrini dağıdarlar, bu məsələni cənab Heydər Əliyevə çatdırmağınızı xahiş edirəm".
Axşam Şəmkirə qayıdanda ağbirçək müəllimənin dediklərini ulu öndərə çatdırdım. Heydər Əliyev dərhal soruşdu: "Bu məsələdən daha kimin xəbəri var?" Cavab verdim ki, məndən başqa sürücüm və daha iki nəfər bilir.
Tapşırdı ki, "elə indi geri qayıdıb orada keşik çəkin. Səhər isə Tbilisi Cümə məscidinin axundunu da götürüb müsəlman adət-ənənəsi ilə, deputatlarımızın və digər ziyalılarımızın iştirakı ilə Xoyskinin qəbrini M.F.Axundovun büstünün yanına köçürün. Qəbirüstü abidənin açılışında mən özüm iştirak edəcəyəm".
1996-cı il mart ayının 9-da cənab Heydər Əliyev Fətəli Xan Xoyskinin büstünün açılışında şəxsən iştirak etdi.
Ulu öndərin tapşırığı ilə Tbilisidəki səfalı Nəbatat bağında iki yüz kvadratmetrdən çox ərazi abadlaşdırıldı. Azərbaycanlı şəxsiyyətlərin əbədiyyətə qovuşduğu bu müqəddəs yer əsl ziyarətgaha çevrildi. Mütəfəkkir Mirzə Fətəli Axundovun büstü bərpa edildi. Unudulmaz şairimiz Mirzə Şəfi Vazehin qəbirüstü abidəsi ucaldıldı. Görkəmli ziyalı Həsən bəy Ağayevin büstü qoyuldu. Tanınmış mübarizlərin, elm və mədəniyyət nümayəndələrinin, ictimai-siyasi xadimlərin adları yazılmış fəxri guşə yaradıldı. Zərli boya ilə "Azərbaycan övladları" sözləri yazılmış mərmər lövhədə Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, Əliqulu Qəmküsar, Hüseyn Əfəndi Qayıbov, Eynalı bəy Sultanov, Behbudağa Şahtaxtinski, Nazlı xanım Məmmədquluzadə, Müzəffər Nərimanov və onlarca başqalarının adları həkk olundu.
Dövrün ən önəmli işlərindən biri də budur ki, şəmkirli ustaların əli ilə Mirzə Fətəli Axundovun evində genişmiqyaslı təmir-bərpa işləri aparıldı. Bu tarixi bina rəsmi surətdə azərbaycanlıların mədəniyyət mərkəzinə çevrildi. Sonra Nəriman Nərimanovun doğma ocağı erməni əsilli nankorlardan təmizləndi. Mirzə Cəlilin mənzilində, "Molla Nəsrəddin" jurnalının redaksiyasında, "Qeyrət" mətbəəsində təmir-bərpa işləri aparılaraq xatirə muzeyləri yaradıldı.
Daha bir önəmli olay yada düşür. Ulu öndər Heydər Əliyevin tapşırığı
ilə 2001-ci ilin avqust ayında Marneuli şəhərində
Azərbaycan uşaq ədəbiyyatının görkəmli
nümayəndəsi Abdulla Şaiqin 120 illik yubileyi ilə əlaqədar şairin dədə-baba ocağında
ev muzeyinin
və barelyefinin açılışı oldu.
Muzeyin yerləşdiyi küçəyə
Abdulla Şaiqin adı
verildi. Şairin oğlu, ədəbiyyatşünas-alim
Kamal Talıbzadə öz çıxışında
bu qayğı və diqqətə görə ulu öndər Heydər Əliyevə dərin minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı iki
qonşu xalq arasında mehribanlığın,
səmimi dostluğun,
əlaqə-ünsiyyətin günü-gündən inkişafı
üçün mümkün
olan hər bir tədbirdən istifadə edirdi. Həyatın hər sahəsində, istər mənəvi münasibətlər, istərsə
də ədəbi-mədəni
əlaqələr getdikcə
genişlənirdi. Eduard
Şevardnadzenin "Mənin
seçimim" kitabı
gürcücədən Azərbaycan
dilinə, "Azərbaycan-Gürcüstan
- dostluğumuzun təntənəsi"
adlı məqalələr
toplusu isə azərbaycancadan gürcü
dilinə çevrilərək
nəşr olunub.
Görkəmli türk
publisisti İrfan Ülkünün ulu öndər Heydər Əliyevin həyatından
bəhs edən "Qızıl ulduzdan hilala doğru" əsəri türk dilindən Azərbaycan dilinə, Mir Cəlalın
"Bir gəncin manifesti" romanı, Aşıq Ələsgərin
"Qoşmalar"ı gürcü
dilinə tərcümə
edilib, gürcücə-azərbaycanca
lüğətlər nəşr
olunub, Nodar Dumbadzenin, Quram Pançikidzenin, Çansuq
Çarkvianinin, Moris Posxişvilinin və başqalarının
əsərləri, ümumən
50-dən çox kitab
Azərbaycan oxucusuna çatdırılıb.
Qlobal düşüncəli
siyasətçi Heydər
Əliyev bir sıra beynəlxalq əhəmiyyətli problemlərin,
möhtəşəm proqramların
həyata keçirilməsində
də qonşu Gürcüstan Respublikasının
maraqlarına xüsusi
önəm verirdi. 2007-ci ilin
may ayında Tbilisidə
Heydər Əliyevin büstünün təntənəli
açılış mərasimində
Gürcüstanın Prezidenti
Mixeil Saakaşvili tarixin reallıqlarına söykənən çıxışında
demişdir: "Regionumuzun
geosiyasəti məhz Heydər Əliyevin qərarından sonra dəyişdi... Heydər Əliyev müasir
Azərbaycan dövlətinin
banisi, müasir Azərbaycan millətinin atasıdır. Sıx
birləşmiş Azərbaycan,
dost Azərbaycan, uğurlu
Azərbaycan isə Gürcüstanın özünün
daxilində inteqrasiya və müvəffəqiyyətin,
ümumi gələcəyimizin
rəhnidir".
Bu gün Heydər
Əliyevin müqəddəs
işlərini hər
sahədə onun layiqli davamçısı
Prezident İlham Əliyev uğurla aparır. Hər il Gürcüstan-Azərbaycan
dostluğunun tarixinə
yeni-yeni səhifələr
yazılır. Bu isə öncə dahi Heydər Əliyevin siyasi kursunun real bəhrəsidir.
Bütün bunları yada saldıqca böyük siyasətçi Eduard Şevardnadzenin
müdrik sözləri
yada düşür:
"Qafqazın müstəqilliyi
və azadlığı
işində Heydər
Əliyev fenomeninin indinin özündə nə qədər böyük rol oynadığını xalq
hələ sonra biləcək".
Əhməd
İSAYEV
Azərbaycan.- 2012.- 6 may.- S. 7.