Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına
Akademiyasında elmi-praktik konfrans
keçirilmişdir
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.
MTN-in ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, konfransı Akademiyanın rəisi general-leytenant Ziya Yusif-zadə giriş sözü ilə açdıqdan sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilmişdir.
Ziya Yusif-zadə çıxış edərək bildirmişdir ki, xalqımızın iftixarı, bəşəriyyətin nadir şəxsiyyətlərindən olan, bütün dünya azərbaycanlılarının ümummilli liderinə və inam mənbəyinə çevrilmiş Heydər Əliyevin ideyaları və əməlləri daim qəlblərdə yaşayır. Müstəqil Azərbaycanın və onun dövlətçiliyinin banisi olan ulu öndərin xalqımız və ölkəmiz üçün etdikləri əsrlər keçsə də, tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, bəşəriyyətin zəngin xəzinəsinə çevrilmişdir. Məhz bu amilləri nəzərə alsaq, müasir Azərbaycan tarixini ümummilli lider Heydər Əliyevin həyat və çoxsahəli zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycanın 30 ildən artıq bir dövrü - istər keçmiş İttifaq dönəmində, istərsə də müstəqillik illərində əldə etdiyi nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni və dühası, ilahi uzaqgörənliklə bütün daxili və xarici maneələri dəf edərək, həyata keçirdiyi müdrik siyasi kurs dayanmışdır. Ulu öndərin misilsiz xidmətlərindən biri də odur ki, o, Azərbaycanın milli-mənəvi irsini özünə qaytarmış, adət-ənənələrini yaşatmışdır. Ana dilini, ədəbiyyatını, incəsənətini, musiqisini inkişaf etdirmək və dünyada tanıtmaq istiqamətində misilsiz xidmətlər göstərmişdir.
Akademiyanın rəisi bildirmişdir ki, Heydər Əliyev Azərbaycanın 60-cı illərdə düşdüyü ağır vəziyyətdə zamanın meydana çıxardığı lider, bənzərsiz şəxsiyyət olmuşdur. Məhz Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti sayəsində 1969-cu ildən başlayaraq respublikamızda baş verən köklü dəyişikliklər ictimai və iqtisadi sahədəki dərin islahatlar, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsi Azərbaycanın quruculuq salnaməsində əvəzsiz yer tutur. Respublikamızın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası məhz 1969-1982-ci illərdə Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır.
Natiq vurğulamışdır ki, 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etsək də, onu yenidən itirmək təhlükəsi ilə üzləşmişdik. O vaxt Azərbaycana rəhbərlik edən səriştəsiz insanların günahı üzündən ölkəmizdə vətəndaş qarşıdurması yaranmış, hərc-mərclik, bütün sahələrdə böhran günbəgün dərinləşmiş, torpaqlarımız zəbt olunmuşdur. Belə bir dövrdə və şəraitdə Heydər Əliyev xalqın tələbi ilə yenidən böyük siyasətə qayıtmış, ölkəni fəlakətdən qurtarmaq, ilk növbədə siyasi sabitliyi təmin etmək üçün gərgin fəaliyyətə başlamışdır. Heydər Əliyev titanik fəaliyyəti ilə müstəqil dövlətimizi formalaşdırmış, müstəqilliyimizi qorumuşdur. Uzun illər ulu öndər Heydər Əliyevlə birgə işləmiş və daim onunla ünsiyyətdə olmuş bir insan kimi deyə bilərəm ki, dahi insanlara xas olan bütün mənəvi keyfiyyətlər onun şəxsində qibtə ediləcək kamilliklə əks olunmuşdur. Dəmir iradə və fitri idarəetmə qabiliyyəti, müdriklik və uzaqgörənlik, fenomenal yaddaş və güclü məntiq, cəsarət və qətiyyət, vətənpərvərlik və yüksək humanizm, dövlətçilik və azərbaycançılıq. Heydər Əliyev tariximizdə təkcə milli müstəqillik ideyasını praktiki olaraq gerçəkləşdirmiş lider kimi deyil, eyni zamanda qurduğu dövləti bütün təhlükələrdən qətiyyətlə qoruyan, möhkəmliyini təmin edən və hərtərəfli inkişafı üçün sosial iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan müdrik rəhbər olaraq əbədiyaşarlıq qazanmışdır.
Bu gün Heydər Əliyevin ölkənin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr, daxili sabitliyin, siyasi həmrəyliyin və milli birliyin möhkəmləndirilməsi, xalqımızın sosial-rifahının ildən-ilə yüksəlməsi ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən böyük uğur və yaradıcılıqla inkişaf etdirilir. Bu gün müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasındadır. Bu, ulu öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaqdır" arzusunu Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin əyani göstəricisidir.
Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı və indi onun adını daşıyan Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının inkişafına ümummilli liderin diqqət və qayğısını qeyd edən natiq, bu yolun çox da asan olmadığını vurğulamışdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə, xüsusilə hərbi və xüsusi təhsilə verdiyi önəm və qayğının, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun Akademiyanın maddi-texniki bazasının və fəaliyyətinin təkmilləşdirilməsinə gündəlik diqqət və nəzarətinin nəticəsidir ki, bu xüsusi təyinatlı ali tədris müəssisəsi yüksək səviyyədə inkişaf etmiş, təhsil üçün bütün imkanlar yaradılmışdır.
Tədbirdə çıxış edən polkovnik Tariyel Əliyev və polkovnik Oqtay Zeynalov ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışlar.
Ali Baş Komandan
İlham Əliyevin Milli
Təhlükəsizlik Nazirliyinin Heydər
Əliyev adına Akademiyasında təhsil alanlara
bəslədiyi inam və etimadını qeyd edən leytenant Ramal Cəlilov və kursant
Elşad Şəmiyev bu
tədris ocağında elmlərə yiyələnən gənclərin
adından ulu öndərin ideyalarının həyata keçirilməsində fəal
iştirakçı olmaqdan şərəf
və qürur duyduqlarını
vurğulamış, Heydər Əliyev irsinə və
amallarına daim sadiq
olacaqlarını, Vətənin müstəqilliyini və suverenliyini göz bəbəyitək
qoruyacaqlarını, bütün Azərbaycan
gəncləri kimi Prezident
İlham Əliyevin ətrafında bundan sonra da
sıx birləşəcəklərini, vətənimizin daha da qüdrətlənməsi
üçün səylərini əsirgəməyəcəklərini
bildirmişlər.
Azərbaycan.- 2012.- 6 may.- S. 8.