Nikolay Azarov: Ukrayna Transanadolu qaz kəmərinin tikintisinə qoşulmağa hazırdır

 

Ukrayna Transanadolu qaz kəmərinin tikintisində fəal iştirak etməyə hazırdır. Bu barədə Ukraynanın Baş naziri Nikolay Azarov Türkiyə Baş nazirinin müavini Əli Babacanla görüşündə bildirmişdir.

Ukrayna hökumətinin başçısı demişdir: "Energetika sahəsində əməkdaşlıq bizim üçün çox vacibdir, çünki biz hazırda qaz nəqlinin şaxələndirilməsi ilə fəal məşğul oluruq. Buna görə də biz sizin Transanadolu qaz kəmərinin inşasına dair Azərbaycan ilə danışıqlarınızı çox diqqətlə izləyirik. Bundan əlavə, biz layihədə iştirak etməyə də hazırıq. Mən maliyyə məsələlərini nəzərdə tuturam. Biz həm də tikintini borular, kompressorlar və bütün digər zəruri avadanlıqla təchiz edə bilərik".

N.Azarov vurğulamışdır ki, Ukrayna və Türkiyə energetika sahəsində mövqelərini ciddi əlaqələndirə bilərlər. O, energetika məsələləri üzrə işçi qrupunun yaxın vaxtlarda Kiyevdə keçiriləcək VI iclasında əməkdaşlıq məsələlərini müzakirə etmək təklifini irəli sürmüşdür.

Türkiyə Baş nazirinin müavini bildirmişdir ki, Türkiyə və Ukrayna energetika sahəsində əməkdaşlıq üçün müəyyən potensiala malikdirlər. Ə.Babacan əlavə etmişdir ki, Transanadolu qaz kəmərinin tikintisi işçi qrupunun iclasında müzakirə olunacaqdır.

O demişdir: "Bazar ertəsi bizim nümayəndə heyətimiz energetika məsələləri üzrə işçi qrupunun iclasında iştirak etmək üçün Kiyevə gələcək və iclasda bu məsələlər daha ətraflı müzakirə olunacaqdır".

 

 

Zeynal AĞAZADƏ

 

Azərbaycan.- 2012.- 6 may.- S. 8.