“Baku Crystal Hall” - Azərbaycan
paytaxtından Avropaya açılan yeni pəncərə
İnsanın gözləri ilə gördüyünə inanmağı
gəlmir. İnanmağın gəlməsə də, hər halda, qısa zaman kəsiyində belə bir gözəl
məkana çevrilmiş
bu əraziyə nəzər yetirdikcə təbiətin və insan əli ilə yaradılanın
tam vəhdət təşkil
edərək bir nöqtədə qovuşduğunun
şahidi olursan.
Azərbaycan paytaxtının özünəməxsus
memarlıq ənənələrinə
yeni forma və üslub gətirən bu ünvan Xəzərin
mavi suları ilə bir harmoniya
yaradır desək, yəqin ki, mübaliğəyə yol
vermiş olmarıq. Sanki Xəzər də bu nadir memarlıq abidəsinin ərsəyə
gəlməsini səbirsizliklə
gözləyirdi. Hələlik Günəşin şüalarını
əks etdirən, Bakının küləkləri
ilə əylənən
bu saray özü də tezliklə ətrafa nur saçacaqdır.
O zaman isə bu yeni memarlıq
ansamblı sayı on minlərlə ölçüləcək
qonaqlarına insan zəkası və əməyi nəticəsində
xəyalların gerçəkliyə
çevrilməsini əyani
şəkildə nümayiş
etdirəcəkdir.
Bəli, bu gün sivil
dünyanın gözü
qarşısında əsrlər
boyu möhtəşəm
arxitektura nümunələri
ilə məşhur olmuş, ta qədimdən səyyahların
yol qeydlərində öz əksini tapmış Azərbaycanın
zəngin memarlıq ənənələrinə yeni
bir inci əlavə olunur. Bu, "Ginnesin
rekordlar kitabı"na
düşmüş əzəmətli
Dövlət Bayrağı
Meydanının yaxınlığında
yerləşən ərazidə
özünə "vətəndaşlıq"
hüququ qazanmış
"Baku Crystal Hall"dur. Bu
nadir inci öz memarlıq üslubu ilə Şərq və Qərb
arasında yeni əməkdaşlıq körpüsü
yaradan ən mükəmməl sənət nümunəsidir
desək, yəqin ki, səhv etmiş olmarıq.
Bakının modernləşməsi istiqamətində, paytaxtımızda ən müasir idman-konsert kompleksinin fəaliyyət göstərməsi məqsədilə tikilmiş bu möhtəşəm bina ilk olaraq qapılarını müasir Avropanın ən nüfuzlu musiqi yarışması olan "Eurovision-2012" mahnı müsabiqəsinə açacaqdır.
Burada yaradılanlara nəzər salarkən bir daha qəti şəkildə əmin olursan ki, Bakıda mahnı müsabiqəsinin keçirilməsi üçün təklif olunmuş üç ünvan (Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika stadionu, "Baku Crystal Hall") arasından seçilmiş bu məkan mötəbər musiqi layihəsinin reallaşması üçün bütün tələblərə cavab verəcək ən uğurlu seçimdir.
"Baku Crystal Hall"un tikintisinin həvalə edildiyi Almaniyanın "ALPINE Bau Deutschland AG" şirkəti işinin öhdəsindən uğurla gəlmişdir. Şirkətin bir çox ölkələrin idman obyektlərinin (Polşada futbol üzrə Avropa çempionatının keçirilməsi üçün stadionun, Münhendə "Allianz Arena"nın) inşasında möhürü vardır. Həmçinin Avstriyanın, Dubayın məşhur idman tikililərinin genişlənməsi və yenidən qurulması da bu şirkətin adı ilə bağlıdır.
Maraqlıdır ki, tikintidə əsasən yığma metal konstruksiyadan istifadə olunmuşdur. Kompleksin tezliklə ərsəyə gəlməsinin sirri isə işlərin eyni vaxtda bütün istiqamətlərdə - yer, fasad və dam örtüyündə aparılmasındadır. Bina Bakının ən güclü küləyinə belə davamlıdır. Həmçinin kompleksin təhlükəsizlik sistemində xüsusi hallarda dünya standartlarına uyğun, ən qısa müddətə evakuasiya nəzərə alınmışdır.
Binanın fasadında xüsusi materiallar üzərində yerləşdirilmiş lampaların yaradacağı çoxsaylı parlaq çalarlar və maraqlı vizual effektlər ətrafa xüsusi gözəllik bəxş edəcəkdir.
"Baku
Crystal Hall"un çox geniş meydanı vardır. Ümumilikdə 25 min nəfərlik tamaşaçı tutumu olan zalın bir hissəsini səhnə tutduğundan burada müsabiqəni 20000
nəfər izləyə
biləcəkdir.
Artıq
şou hazırlıqları
üçün təhvil
verilmiş "Baku Crystal Hall"un binasının daxilində səhnə avadanlıqlarının quraşdırılması
prosesi başa çatmaqdadır.
Quraşdırılmış kreslolar, VİP loja, sərinlik sistemi seyrçilərin bütün
rahatlığını təmin
edəcəkdir.
"Eurovision-2012"
mahnı müsabiqəsinə
son hazırlıq işlərinin
gedişini izləyərkən
bir daha əmin olursan ki, təxminən 16 gün sonra burada həm ifaçıları, həm
də tamaşaçıları
möhtəşəm bir
səhnə gözləyir.
Modern üslubda hazırlanmış səhnə seyrçilərə
üçölçülü
(3D) təsir bağışlayacaqdır. Xarici mütəxəssislər
və ekspertlər təsdiqləyirlər ki, mahnı
müsabiqəsi tarixində belə şou
hazırlıqları olmamışdır.
Səhnənin,
tamaşaçı yerinin, gözləmə
otağının (green-room) ən müasir avadanlıqla və
texniki vasitələrlə təchizatı "Baku Crystal
Hall"un özəlliklərindəndir. Bakı şousunda 80
min işıq diodların, 2500-dən çox proyektorun istifadə
olunması nəzərdə tutulur. Bu zalın gözləmə
otağı əvvəlkilərdən mahiyyəti üzrə
köklü surətdə fərqlənəcəkdir.
Bütün istiqamətlərdə işlər əsasən
layihənin şou tərəfdaşı, Almaniyanın
"Brainpool GmbH" şirkəti tərəfindən həyata
keçirilir. Dünya standartlarına uyğun və sonuncu nəsil
avadanlıqdan istifadə isə şounun və onun efirdə
görüntüsünün keyfiyyətinə çox ciddi təsir
edən faktdır. "Brainpool GmbH" dünyada müxtəlif
şouların hazırlanmasında və işlənməsində
lider olan bir şirkətdir. Bu şirkət keçən il
Düsseldorfda keçirilən 56-cı "Eurovision"
yarışması zamanı üzərinə düşən
vəzifəni yüksək səviyyədə yerinə
yetirmişdir.
Kompleksin
maraqlı hissələrindən biri də Mətbuat Mərkəzidir.
İndiyədək
"Eurovision" mahnı müsabiqəsində
jurnalistlərin istifadəsinə verilmiş obyektlərin
içində ən müasiri və həcm etibarilə (5000
kv.m) ən genişidir. Konsert zalı ilə məharətlə
əlaqələndirilən bu hissə ən müasir
standartlara uyğun olmaqla, maneəsiz giriş-çıxışı
təmin edir. Burada 1500-dən artıq jurnalistin eyni vaxtda
işləməsi üçün hər bir detal nəzərə
alınmışdır. Mərkəzdə yüksək
sürətli
Wi-Fi
sistemi quraşdırılmışdır. Ətrafdakı
monitorlar vasitəsilə isə həm müsabiqə
iştirakçılarının məşqlərini, həm
mətbuat konfranslarını, həm də bilavasitə
şouları müşahidə etmək mümkündür.
Xüsusi
kabinələrdə jurnalistlər müsahibələr ala biləcəklər.
Mərkəzin bir küncündə yaradılan studiyada isə
televiziya müsahibələrinin çəkilişlərini həyata
keçirmək mümkün olacaqdır. Məlumdur ki,
"Eurovision" mahnı müsabiqəsi həm də mətbuat
konfranslarının çoxluğu ilə seçilir. Bu
baxımdan, jurnalistlərin ixtiyarına mərkəzin daxilində
veriləcək konfrans zalının həcmi 500 nəfərlikdir.
Kafeteriyanın olduğu istirahət guşəsi isə
jurnalistlərin rahatlığını təmin edəcəkdir.
Ənənəvi
olaraq bütün iştirakçı ölkələrin
jurnalistlərinin öz efirlərinə
canlı bağlantıları üçün arenadan xaricdə
müvafiq texnika ilə təchiz edilmiş xüsusi yer
ayrılacaqdır. Jurnalistlər sifariş etdikləri saatda gəlib
fonun qarşısında (təbii ki, "Kristal" zalın
arxada görünməsi nəzərdə tutulur) stand-up edə
biləcəklər.
Dünya
standartlarının bütün tələblərinə ən
yüksək səviyyədə cavab verən bu kompleks həm
də ölkəmizin iqtisadi potensialının göstəricisidir.
Yalnız Azərbaycan Prezidenti İlham Əliyevin dəqiq,
aydın, uzaqgörən strategiyasının uğurlu
icrası nəticəsində belə möhtəşəm
layihə reallaşa bilərdi. Göründüyü kimi,
reallaşdı da!
Bütün
bunlardan sonra qətiyyətlə deyə bilərik ki, "Baku
Crystal Hall" müasir üslubu və dizaynı ilə
"Eurovision-2012" mahnı müsabiqəsini
dolğunlaşdıraraq ən gözəl təəssüratları
yaradacaqdır.
Gözəl AĞAYEVA
Azərbaycan.- 2012.- 6 may.- S. 9.