012 Bakı Public Art Festivalı” çərçivəsində rəssam Əli Həsənovun Arsenium əsəri təqdim edilmişdir

 

Mayın 4-də Bakıdakı Gəmi Təmiri Zavodunun meydançasında "YARAT!" qeyri-kommersiya təşkilatının Birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində rəssam Əli Həsənovun "Arsenium" əsəri təqdim edilmişdir.

 AzərTAc xəbər verir ki, Ə.Həsənov "YARAT!" təşkilatına əsərinin təqdimatı, "ÜNS" yaradıcılıq səhnəsinin rəhbərliyinə və kollektivinə onu dəstəklədiyinə və iş prosesində yaradılmış şəraitə görə dərin təşəkkürünü bildirmişdir.

Diqqətə çatdırmışdır ki, "Arsenium" adlı multimedia incəsənət layihəsi keçən əsrin əvvəllərinin avanqard bəstəkarı Arseni Avraamovun akademik musiqi dairələri üçün əhəmiyyətli olan "Fitlər simfoniyası" əsərinin ilk dəfə Bakıda ifa edilməsi kimi tarixi fakta əsaslanır. "Arsenium" layihəsi "Fitlər simfoniyası"nın yenidən qurulmuş versiyası deyil, Bakının mədəni həyatının bu əhəmiyyətli faktına ithaf edilən əsərdir. Nəzərdə tutulduğu kimi, layihənin əsasını psevdoxronika üslubuna riayət olunmaqlamifologiya elementlərindən istifadə edilməklə hazırlanan video-animasiya təşkil edir. Layihənin Əli Həsənov və Natalya Qonçarova tərəfindən bəstələnmiş musiqisi məxsusi olaraq dəvət edilmiş rusiyalı musiqiçi və bəstəkar Arseni Trofimin (təsadüfi olaraq Avraamovun adaşı), əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan Dövlət xor kapellasının və simfonik orkestrin solistlərinin ifasında təqdim edilmişdir.

Rus sovet bəstəkarı və musiqi nəzəriyyəçisi, öz dövrünün görkəmli incəsənət xadimlərindən biri, musiqidə ultraxromatik temperasiyanın banisi A.Avraamov müasir dünyada klassik, hamı tərəfindən qəbul edilən musiqi alətlərinin qeyri-qənaətbəxş olduğunu iddia edir və onları daha müasir nümunələrlə əvəzləməyi təklif edirdi. Bakının geniş şəhər meydanları A.Avraamov tərəfindən meqa-konsertin ilk ifası üçün təsadüfən seçilməmişdi. Çünki o, hesab edirdi ki, bu şəhərdə sənayenin inkişafı və landşaft xüsusiyyətləri bəstəkarın ideyasının həyata keçirilməsi üçün mükəmməl meydança yaradır. Bakıda simfoniya 1922-ci il noyabrın 7-də bütün Xəzər gəmiçiliyi, iki artilleriya batareyası, bir neçə piyada rota, pulemyot rotası, avtomobillər və bir neçə hidroplan, habelə 200 ifaçıdan ibarət hərbi orkestrxorun iştirakı ilə ifa edilmişdir.

"Fitlər simfoniyası" A.Avraamovun ən məşhur əsəridir. Belə hesab olunur ki, o, XX əsrin ortalarında "konkret musiqinin" yaranacağını əvvəlcədən xəbər vermişdir. Bakıdakı premyeradan sonra "Fitlər simfoniyası" Moskvada da ifa olunmuşdur. A.Avraamovun özü simfoniyanı yaratdıqdan və ifa etdikdən sonra, 1923-1926-cı illərdə Dağıstanda, sonra isə Moskvada yaşamışdır. O, ilk sovet kinofilmlərinin yaradılmasında iştirak etmiş, 1941-ci ildən etibarən isə rus xalq xoruna rəhbərlik etmişdir.

Ə.Həsənov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmiş və Bakı Beynəlxalq Film Məktəbinin diplomunu almışdır. O, Azərbaycanda performans sənətinin inkişafına verdiyi töhfələrlə tanınır və ölkəmizi 52-ci Venesiya Biennalesində təmsil etmişdir. Ə.Həsənov həmçinin "PG Large Used Project" adlı musiqi kollektivinin rəhbəridir.

"012 Bakı Public Art Festivalı"nda həm tanınmış, həm yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri əsərlərində əks etdirmişlər. Layihə sentyabrın 1-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 6 may.- S. 9.