Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin
nümayəndələri Zaqatalada olmuşlar
Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri Azərbaycana işgüzar səfərləri çərçivəsində mayın 5-də Zaqatala rayonunda olmuşlar.
Mayın 8-dək davam edəcək səfər müddətində qonaqlar Azərbaycan və Almaniya arasında texniki əməkdaşlığın hazırkı vəziyyəti və gələcəkdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün müvafiq dövlət qurumlarında görüşlər keçirəcək, habelə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə həyata keçirilən layihələrlə tanış olacaqlar.
AzərTAc xəbər verir ki, Zaqatalaya səfərləri çərçivəsində almaniyalı qonaqlar əvvəlcə "Azərstar" MMC-nin fındıq emalı zavodunda istehsal prosesi ilə tanış olmuşlar. Sonra qonaqlar "Eko Zaqatala" MMC-nin arıçılıq təsərrüfatında olmuş, arı şanının hazırlanması prosesini izləmişlər. Qonaqların diqqətinə çatdırılmışdır ki, son illər rayonda gəlirli sahələrdən olan arıçılığa maraq xeyli artmışdır. Hazırda rayonun şəxsi təsərrüfatlarında 11 mindən artıq arı ailəsi vardır. 2011-ci ildə rayonda 165 ton bal istehsal edilmiş, eyni zamanda bu təsərrüfatda 64 min ədəd arı şanı hazırlanmışdır.
Qonaqlar həmçinin USAİD və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə rayonda 2 hektar sahədə yeni salınmış fındıq bağına da baxmışlar.
Sonra qonaqlar
Şəki şəhərinə yola
düşmüşlər. Bu gün almaniyalı qonaqlar
Şəki şəhərində su təchizatı
və kanalizasiya sistemlərinin yenidən
qurulması layihəsi üzrə görülmüş
işlərlə tanış olacaq, şəhərin
görməli yerlərini gəzəcək, tarixi-memarlıq
abidələrinə baş çəkəcəklər.
Azərbaycan.- 2012.- 6 may.- S. 9.