Rusiya bəstəkarı Arseni Avraamovun Fitlər simfoniyasının ötən əsrin 20-ci illərində ilk dəfə Bakıda ifa olunması özlüyündə maraqlı hadisə və faktdır

 

Bu sözləri AzərTAc-a müsahibəsində "YARAT!" müasir incəsənət məkanı" təşkilatının rəhbəri, rəssam Aida Mahmudova demişdir.

Bildirilmişdir ki, rəssam Əli Həsənovun "Arsenium" əsəri "012 Bakı Public Art Festivalı" çərçivəsində təqdim olunan doqquzuncu layihədir. Müəllifin multimedia incəsənət layihəsi formasında təqdim etdiyi məşhur Rusiya bəstəkarı Arseni Avraamova həsr olunmuşdur. A.Avraamov tərəfindən simfoniyanın ilk ifası üçün Bakı təsadüfən seçilməmişdi. Bəstəkar hesab edirdi ki, bu şəhərdə sənayenin inkişafı və landşaft xüsusiyyətləri onun ideyasının həyata keçirilməsi üçün mükəmməl meydança yaradır. Bakıda simfoniya bütün Xəzər gəmiçiliyi, iki artilleriya batareyası, bir neçə piyada rota, pulemyot rotası, avtomobillər və bir neçə hidroplan, habelə 200 ifaçıdan ibarət hərbi orkestrxorun iştirakı ilə ifa edilmişdir. Aidə Mahmudova vurğulamışdır ki, bəstəkar A.Avraamovun etdiyini heç də təkrarlamayan Ə.Həsənov öz əsəri ilə yalnız bu hadisəni xatırladır və öz baxışlarını təcəssüm etdirir. Təqdim olunan əsərin maraqlı və ən çox xoşladığı layihələrdən biri olduğunu söyləyən A.Mahmudova onun tamaşaçılar tərəfindən bəyəniləcəyinə əminliyini ifadə etmişdir.

Festival çərçivəsində 21 rəssamın işinin təqdim olunduğunu bildirən A.Mahmudova növbəti layihənin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri olacağını diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.- 2012.- 6 may.- S. 9.