Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir

 

Mayın 5-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.

Şənbə günü "Təzə bazar" MMC-nin həyətin dəki yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdir.

Burada şəhər sakinlərinə Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 11 tondan çox məhsul, o cümlədən 1,5 ton ət, 0,7 ton ağartı, 3 ton tərəvəz, 3 ton kartof, 3 ton meyvə, 0,3 ton taxıl məhsulları, 0,05 ton bal, 3 min ədəd yumurta təklif olunmuşdur.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə, mal əti 5 manata, soğan 25-30, kələm 30-50, yumurtanın biri 7 qəpiyə və s. satılır.

Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkaya bu əraziyə təhkim edilmiş Salyan, Qusar, Astara, Şabran rayonlarının, bundan əlavə, Quba və Gədəbəy  rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri satış üçün 33,6 ton meyvə-tərəvəz, ət, ağartı və digər kənd təsərrüfatı məhsulları gətirmişdilər. Budəfəki yarmarkada ciddi səliqə-sahmanın mövcudluğu, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə nümunəvi şəraitin yaradılması  diqqəti daha çox  cəlb edirdi.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, yarmarkada satışa çıxarılan 33,6 ton məhsulun əksəriyyətini mövsümi tərəvəz, o cümlədən xiyar, pomidor, bibər, badımcan, yerkökü, çuğundur, kələm, soğan, kartof, göyərti, həmçinin meyvələrdən alma, armuds. təşkil edir. Yarmarkada bu ilin nübar məhsullarından olan lobya, alça, çiyələk və digər meyvə- tərəvəzlər  də nəzərə çarpır. Məhsullar bazarlardakından 20-25 faiz ucuz satılır. Alıcılar qiymətlərdən razılıq edirlər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 12 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları daxil olmuşdur.

Yarmarkaya ilk dəfə Sabirabaddan çiyələk və alça gətirilmişdir. Burada çiyələyin kiloqramı 2 manata, alça isə 1 manat, 1 manat 50 qəpiyə təklif edilirdi. Qəsəbə sakinləri təklif edilən məhsulları yüksək həvəslə alırdılar.

Yarmarkada fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox zəruri məhsul çıxarmaları üçün hər cür imkan yaradılmışdır.

Qəsəbə sakinləri yarmarkaların davamlı təşkilinə görə minnətdarlıqlarını bildirirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, şənbə günü  Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - "Günəş" ticarət mərkəzində (17,7 ton) və "Suraxanı Maşınqayırma Zavodu" Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (1,8 ton) satışa Kürdəmir, Samux, Quba, Biləsuvar, Cəlilabad və Lənkəran rayonlarından gətirilmiş ümumilikdə 19,5 ton məhsul çıxarılmışdır. Hər iki yarmarkada nübar meyvələrdən çiyələk, alça, həmçinin alma, armud, naringi, tərəvəzlərdən pomidor, xiyar, soğan, kartof və digər mövsümi məhsulların, xüsusilə yazın gəlişi ilə əlaqədar göyərti və ağartı məhsullarının  alıcıları çoxluq təşkil edir. Bazarlarla müqayisədə qiymətlər 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.

Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığındakı yarmarkaya  Ağcabədi, Salyan, Biləsuvar, Qəbələ, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından 119 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdir.

Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığındakı yarmarkaya  Ağcabədi, Salyan, Biləsuvar, Qəbələ, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından 110 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynovun verdiyi məlumata  görə, yarmarkada bazarlardakından 20-30 faiz ucuz qiymətə satılan məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.

Yarmarkada şəhər sakinlərinə sərfəli qiymətə kartof, soğan, pomidor, xiyar, çiyələk, kələm, alma, badımcan, göyərti və digər məhsullar təklif olunur.

Şəhər sakinləri yarmarkada yaradılan bolluqdan razıdırlar.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya  Xaçmaz, Tərtər, İmişli, Salyan rayonlarından 27,5 ton kənd təsərrüfatı məhsulları və Giləzi broyler fabrikindən 13 min ədəd yumurta gətirilmişdir.

Xaçmaz rayonunun Qusarçay kənd sakini Məhbubə Fərzəliyeva həmişə olduğu kimi, yenə də yarmarkaya meyvə-tərəvəz və süd məhsulları gətirmişdir. O, gələn həftə isə paytaxt sakinlərinə nübar çiyələk gətirəcəyinə söz vermişdir.

Gündəlik tələbat mallarına ehtiyaclarını ödəmək üçün hər həftənin şənbə-bazar günləri yarmarkaya gələn alıcılar süd məhsulları, yumurta, göyərti, kartof, soğan, kələm, kök, çuğundur kimi kənd təsərrüfatı məhsullarını həvəslə alırdılar. Onlar yarmarkadakı məhsulların təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-35 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.

Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər

Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada fermerlər müxtəlif çeşiddə meyvə-tərəvəzlər, süd məhsulları satırdılar. Həvəslə bazarlıq edən şəhər sakinləri aldıqları məhsulların qiymətlərinin bazardakından 25-30 faiz ucuz olduğunu söyləyirdilər.

Paytaxt sakinləri yarmarkada onlara təklif olunan kələmi, almanı, kartofu, yerkökünü, çuğunduru, göyərtiləri daha çox alırdılar. 

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, yarmarkaya Goranboy, Ağstafa, Siyəzən, Bərdə və digər rayonlardan 18 ton məhsul gətirilmişdir. 

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 6 may.- S. 9.