Sənətdə
keçən ömürlər
Şuşanın
işğalından 20 il ötür
Adlarını mədəniyyət tariximizə pozulmaz naxışlarla həkk etdirən insanların yaradıcılığını araşdıranda əksəriyyətinin bioqrafiyasında diqqətimizi çəkən "Şuşada doğulub" ifadəsi bizi xeyli düşündürdü. Çünki həqiqətən də mədəniyyətimizin, ədəbiyyatımızın, musiqi və elmimizin elə bir sahəsi yoxdur ki, Şuşadan gələn şəxsiyyətlər orada öz sözlərini deməmiş olsunlar. Maraqlısı da budur ki, qədim və dilbər guşədən pərvazlananların çoxu sənətin sıra nəfəri yox, azman, korifey, görkəmli nümayəndəsi olub. Elə sahələr də var ki, onların yaradıcısı da məhz şuşalılardır. Bunun da səbəbi Şuşanın əsrarəngiz və müqayisə edilməz təbiətidir. Bu şəhərdə doğulan sənətkarlar harada çalışmağından, işləməyindən asılı olmayaraq Azərbaycan mədəniyyətinin inkişafında, təşəkkülündə fədakarlıq göstəriblər. Bu sırada kişilərlə bərabər şuşalı qadınların da sənət aləmində özlərinə məxsus sözü və izi olub. Belə unudulmaz həyat və yaradıcılığa malik olan şuşalı ulduzlar haqqında qələmə aldığımız bu yazıda məhz məşhur aktrisaların ömür yoluna işıq salırıq.
Barat Şəkinskaya
Biz nəsil Barat Şəkinskayanı səhnədə görməmişik. Radiotamaşalardan, verilişlərdən səsini dinləmişik. Filmlərdə yaratdığı obrazlara baxmışıq. Xanımlığı, yaratdığı surətdən asılı olaraq bəzi hallarda sadəlöhvlüyü, səsinin ahəngindəki titrəyiş, bütövlükdə gözəlliyi diqqətimizi çəkib. Xoşbəxtlikdən bir vaxt ondan müsahibə almaq qismətimə düşüb. Barat Şəkinskaya canlı ensiklopediya idi. Teatr tariximizi incəliklərinə qədər bilirdi. Ayrı-ayrı həmkarları haqqında maraqlı söhbətlər edərdi. Heç yerdə yazılmayan, deyilməyən əhvalatlar danışardı. Böyük sənətkar idi. Soyadına görə mənə elə gəlirdi ki, Barat xanım şəkilidir. Demə, şuşalı imiş.
O, 1914-cü ilin iyun ayında Şuşada anadan olub. Anası Ağca xanım Əbdürrəhim bəy Haqverdiyevin bacısı qızı olub. Soyları da qollu-budaqlı xan nəsli imiş. Soyadının Şəkinskaya olmasının səbəbini isə özü belə izah edirdi: "Ulu babam İbrahim xan Dağıstan xanının baldızı acar qızı Yelena Abaşidze ilə evlənib. İbrahim xanın həmin xanımdan iki övladı doğulub: Gövhər ağa və İsgəndər xan. İbrahim xan acar qızına Zəngəzuru bağışlayıb. Şəki də həmin mahalda səfalı bir kənddi". Elə ona görə də Barat xanımgil sonralar öz soyadlarını Cavanşirlər yox, Şəkinskaya yazdırıblar. Doğrudur, bəzi tədqiqatçılar bu soyadı aparıb Şəki ilə (yəni Nuxa) bağlayırlar. Amma qətiyyən belə deyil. Çünki Şəkinin də öz xanı var idi. Bu Şəki isə məhz birbaşa Şuşa qəzasına məxsus idi. Zəngəzur bölgəsi o vaxt İbrahim xanın torpaqları sayılırdı.
Barat Şəkinskaya ilk təhsilini Şuşada alıb. XI qırmızı ordunun Azərbaycanın işğalı ilə əlaqədar Gövhər ağanın oğlu (İbrahim xanın nəvəsi) Həbib Şəkinski (Barat Şəkinskayanın atası) vətəni tərk etmək məcburyiyətində qalıb. Bütün var-dövlət, mülk, bağ əldən gedib. Həyat yoldaşı Ağca xanım da balalarını qanadının altına çəkərək Gəncəyə pənah aparıb. Körpə Barat da Gəncədə böyüyüb. Əvvəlcə orta, sonra isə pedaqoji məktəbdə oxuyub. Bir müddət müəllim işləsə də, teatra böyük həvəsi olub. O, burada Gənc Qadınlar Klubunun dram dərnəyinə üzv yazılıb. Onun yaradıcılığının əsas dövrü 1935-ci ildə indiki Akademik Milli Dram Teatrı ilə bağlı olub. Bir maraqlı faktı mütləq xatırlatmalıyıq. 1937-ci ildə Bakıda Şekspirin "Romeo və Cülyetta" faciəsi oynanıldı. Barat Şəkinskaya ilk dəfə Şekspirin əsərində iştirak edirdi. Aktrisa bu mürəkkəb obrazın öhdəsindən çox məharətlə gəldi. Onun ifa etdiyi rol olduqca təsirli alındı. O gündən hamı azərbaycanlı aktrisanı "Cülyetta" deyə çağırırdı. "40-50 il mənə belə müraciət etdilər" söyləyən Barat xanım öz xatirələrində yazırdı: "...Cülyetta mənim səadətim idi. Yaşlılar bir yana, lap cavan teatrşünaslar da mənim haqqımda bir söz demək istəyəndə Cülyettadan başlayırdılar". Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti - yəni oğlan rolları oynayan aktrisası olub. Onun Gəncə Teatrında yaratdığı Kostya, Bakıda təqdim etdiyi Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə tariximizə yazılıb. Çoxlu saydı uşaq rolları yaradıb.
Milli Dram Teatrının səhnəsində yaratdığı obrazların sayı isə lap çoxdur. 150-yə yaxın rolun ifaçısı olub. Səmərəli səhnə fəaliyyətinə görə 26 yaşında əməkdar, 35 yaşında isə xalq artisti fəxri adlarına layiq görülüb. Qazandığı orden, medal və fəxri fərmanların da sayı çox olub. Səhnədə Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Mirzağa Əliyev, Sidqi Ruhulla, Möhsün Sənani kimi korifey aktyorlarla, Adil İsgəndərov, Mehdi Məmmədov, Aleksandr Tuqanov kimi məşhur rejissorlarla çalışıb.
Teatr və kino sənətimizin inkişafında böyük zəhməti olan Barat Şəkinskaya 10-dan çox filmdə obraz yaradıb. Bu gün də o filmlərə maraqla baxılır: "Görüş", "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Kölgələr sürünür", "Qəribə əhvalat", "Telefonçu qız", "Onun bəlalı sevgisi" və başqaları.
Səhnədən çəkildikdən sonra isə xatirələrini qələmə alıb, monoqrafiyalar yazıb. Ömrünün son çağlarında Şuşanı tez-tez yuxuda görürdü. Jurnalistlərə verdiyi müsahibəsində də belə deyirdi: "Son vaxtlar uşaqlığımı keçirdiyim Şuşanı, Merdinli məhləsindəki evimizi görürəm". Həyatda Şuşanı görmək arzusu ilə bir qış gecəsində 1999-cu ildə dünyasını dəyişib.
Məhluqə Sadıqova
Bu gün də onun adı çəkiləndə öncə yada Azərbaycan radiosunda səslənən "Bulaq" verilişi düşür. Folklor nümunələri, el yaradıcılığı, şifahi xalq ədəbiyyatından seçmələr onun nəfəsində elə qəribə səslənirdi ki... Məhluqə Sadıqovanın səsi ulu keçmişimizdən gəlirdi. Tərəf-müqabili Səməndər Rzayevlə birlikdə "Bulaq"ı həqiqətən sevilən, həvəslə gözlənilən bir veriliş kimi təqdim edirdilər. Onların vəfatından sonra "Bulaq"ın suyu qurudu.
Məhluqə xanım 1917-ci ilin aprelində Şuşada sənətkar ailəsində anadan olub. Uşaqlıq dövrü bu şəhərdə keçsə də, orta məktəbi Bakıda bitirdi. Lap kiçik yaşlarından teatra maraq göstərirdi. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Rəqs Ansamblının üzvü kimi səhnəyə çıxan Məhluqə Sadıqova o zaman diş texnikliyi məktəbində oxuyurdu. Sonralar bədii qiraətə həvəs göstərdi. İstedadı onu öyrənmək istədiyi peşədən ayıraraq ürəyinin çəkdiyi teatra bağladı. 1936-cı ildə indiki Azərbaycan Dövlət Milli Dram Teatrında ilk rolunu - Firuzə obrazını ("Şahnamə") yaratdı. Həvəskar aktrisa kimi səhnəyə gəlişi sonralar ona böyük uğur gətirdi. Görkəmli sənət ustaları ilə ünsiyyəti, öyrənməyə can atması, aktyor sənətinin sirlərini rahat mənimsəməsi, müxtəlif rolları fərqləndirməyi bacarması, obrazı olduğu kimi canlandırması tezliklə onu həm kollektivə, həm də tamaşaçılara sevdirdi.
Azərbaycan dramaturqlarının əsərlərindəki maraqlı obrazları onun sənət taleyinə yaşıl işıq yandırdı. Səhnədə əsasən lirik, xarakterik obrazlar yaradan Məhluqə Sadıqova istər müasir ədiblərin, istərsə də klassiklərin əsərlərindəki obrazları ustalıqla canlandırırdı. Onun səhnədə qazandığı adlar çox idi: Tərlan, Mehriban, Fitnə, Tükəzban, Şirin, Səlimə, Sona, Yaxşı, Pəri, Zəhra, İnci, Zabitə və onlarca başqaları. Həm epizodik, həm də baş rolların mahir ifaçısı olan Məhluqə Sadıqova ən kiçik rolu da elə təqdim edirdi ki, tamaşaçıların yadında məhz onun yaratdığı obraz qalırdı. Bədii qiraət ustası kimi də şöhrət qazanan Məhluqə xanım "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsinin işində də yaxından iştirak edirdi.
1949-cu ildə əməkdar, 1978-ci ildə xalq artisti fəxri adına layiq görülən Məhluqə Sadıqova can verdiyi obrazları yüksək bədii səviyyəyə qaldırmaq məharətinə malik korifey sənətkar idi. Onun repertuarındakı ana obrazları həssaslığı, qayğıkeşliyi, mehribanlığı ilə diqqət çəkirdi. O, bu obrazları oynayanda çalışırdı ki, içindən gələn bir sevgi ilə təqdim etsin. Bu səbəbdən də Məhluqə xanımın yaratdığı ana obrazları sevilirdi.
Ömrünün ahıl çağlarında Şuşanın ermənilər tərəfindən işğal edilməsi onun əfsunlu səsinə kədər notları qatmışdı. Danışdırmaq olmurdu. Xəyalı uzaqlara qanadlanırdı, gözləri dolurdu. Səbəbini də anlamaq çətin deyildi. Çünki Şuşa hər bir azərbaycanlının qibləsidir. 2003-cü ildə Bakıda vəfat edən görkəmli səhnə ustasının ruhu, yəqin ki, o dağlara qanadlandı.
Tamilla Ağamirova
Seyid nəslindən olan şuşalı Mirsüca ağanın qızıdır. Teatr və kino aktrisasıdır. Bakı Teatr Texnikumunu bitirdikdən sonra (1950) Azərbaycan SSR Mədəniyyət Nazirliyinin xətti ilə Rusiyaya göndərilmiş, orada da sənət və həyat xoşbəxtliyinə qovuşmuşdu. Moskva Bədaye Akademik Teatrının nəzdindəki məktəb-studiyada bir il təcrübə keçdikdən sonra aktrisalığa başlayıb. Uzun müddət "Romen" Musiqili Dram Qaraçı Teatrının aparıcı aktrisalarından biri olub.
Elə bu teatrın səhnəsində də rus və xarici ölkə klassiklərinin əsərlərində 50-dən artıq obraz yaradıb. Azərbaycanlı aktrisanın istedadı kinorejissorların da diqqətini çəkib. 11 filmdə baş rol yaratmış Tamilla Ağamirova Rusiya Sovet Sosialist Federativ Respublikasının xalq artisti fəxri adına layiq görülüb. Taleyini Moskvaya bağlayan Tamilla xanım ailə səadətini də bu şəhərdə tapıb. "Romen" Musiqili Dram Qaraçı Teatrının bədii rəhbəri, SSRİ xalq artisti Nikolay Alekseyeviç Sliçenkonun həyat yoldaşıdır.
Görkəmli aktrisa hazırda ictimai fəaliyyətlə də məşğul olur. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Mühafizəsi Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Teatr Akademiyasının fəxri magistridir. Mixail Lomonosov mükafatı laureatıdır. "Dostluq", "Böyük Pyotr", "I dərəcəli böyük Yekaterina", "Xeyirxahlığa və ədalətə görə" ordenlərinə və "İncəsənətə xidmət" gümüş medalına layiq görülüb.
Yollara iz düşür...
Şuşalı aktrisaların sənət aləmində saldığı yola yeni izlər də düşüb. 1959-cu ildə Şuşada anadan olan xalq artisti Firəngiz Mütəllimova 1980-ci ildən peşəkar səhnə fəaliyyəti ilə məşğuldur. Milli Dram Teatrında əmək fəaliyyətinə başlayan Firəngiz Mütəllimova burada səmərəli fəaliyyət göstərməklə bərabər, eyni zamanda müxtəlif televiziya tamaşalarında iştirak edir. Aktrisa Azərbaycan televiziyasında hazırlanan 20-dən çox teletamaşada müxtəlif obrazlar yaradıb.
İstedadlı və sevilən aktrisanın adı kino tariximizdə də həkk olunub. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmiş "Qaçaq Nəbi", "Qocalar, qocalar", "Bəyin oğurlanması", "Mənim ağ şəhərim", "Şərəf", "Adam ol", "Ömür yolları", "Yad qızı", "İblis qadın", "Sabiqlər", "Bəyaz həyat", "Bizim qəribə taleyimiz", "Yeddi oğuldan biri", "Qala"...E kimi telefilmlərə və tammetrajlı bədii filmlərə çəkilib.
Barat xanımın sənətdə yandırdığı işığın nurunda teatr aləminə gələn, Məhluqə Sadıqovadan, eləcə də ona səhnənin sirlərini açan müəllimlərindən öyrənən Firəngiz Mütəllimova bu korifeylərin saldığı yolda özünəməxsus şəkildə inamla addımlayır. Ürəyimizdən keçir ki, yuxuları çin olsun. Şuşaya qayıtdığı günü röyalarda yox, həyatda görsün!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 6 may.- S. 10.