Şuşa səsləyir adlı tədbir Azərbaycanın bu dilbər guşəsinin işğalının 20 illiyinə həsr edilmişdir

 

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20 illiyinə həsr edilmiş "Şuşa səsləyir" adlı tədbir keçirilmişdir.

Tədbirdə Şuşa şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Muzeyin direktoru Röya Tağıyeva vurğulamışdır ki, tədbirin məqsədi ictimaiyyəti işğaldan əvvəl muzeyimizin Şuşa filialından fədakarlıqla xilas olunmuş eksponatlarla tanış etmək və bu gün Qarabağ xalça sənətinin inkişafı yönümündə görülən işlər haqqında məlumat verməkdir.         

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev Şuşanın işğalından dərin kədər hissi ilə söz açmışdır. Bildirmişdir ki, Azərbaycan torpaqları dəfələrlə işğal olunmuşdur. Amma Azərbaycan bu gün yaşayır və müxtəlif sahələrdə başqa ölkələrə nümunə göstərir. Vaxt gələcək, biz yenə Qarabağa, Şuşaya qayıdacağıq.

F.Babayev vurğulamışdır ki, Şuşa Qarabağda muzey eksponatları bütünlüklə xilas edilən yeganə şəhərdir.

Tədbirdə Şuşa filialının şöbə müdiri Hicran Əliyeva, Mədəniyyət və Turizm Nazirliyi muzey işi sektorunun böyük məsləhətçisi Əli İsmayılov Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialındakı muzey eksponatlarının necə xilas edilməsindən söz açmışlar.

İştirakçılar Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialından xilas edilmiş eksponatlardan ibarət "Şuşanın sənət inciləri" sərgisi ilə tanış olmuşlar. Sərgidə XIX əsrə aid "Dəryanur", XX əsrin əvvəlinə aid "Bağçada güllər", "Ləmpə", "Atlı-itli", "Buynuz", "Xanlıq", "Balıq", "Açma-yumma", "Bəhmənli", "Malıbəyli", "Qasımuşağı", "Şuşa", "Şabalıd buta" kimi xovlu xalçalar, xalça məmulatları, tikmələr, geyimlər, zərgərlik nümunələri təqdim edilir. Ümumilikdə sərgidə 100-ə yaxın eksponat nümayiş olunur.

Tədbirdə, həmçinin "Dəyişən zamanda dəyişməyən dəyərlər" - Şuşanın əjdahalı xalçası "Vərni"nin toxunma prosesini göstərən ustad dərsi və muzeyin "Nənəmin cəhrəsi, babamın dəhnəsi, qoruyun bizi" uşaq teatrının ifasında "Vərni" xalçasına həsr olunmuş musiqili tamaşa təqdim edilmişdir.

Bədii hissədə ədəbi kompozisiyalar - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında Şuşaya həsr olunmuş kiçik tamaşa göstərilmiş, Bülbül adına orta ixtisas musiqi məktəbinin muğam üçlüyü Şuşaya həsr olunmuş xalq mahnıları ifa etmişlər.

Sonra İCOM Azərbaycan Milli Komitəsi tərəfindən hazırlanmış "Oda qalanmış mədəniyyət" fotoalbomları və CD-nin (Şuşa  şəhərində qalmış mədəniyyət sərvətlərindən nümunələr) nümayişi keçirilmişdir.

Qeyd olunmuşdur ki, hər ay muzeydə "Ayın xalçası" proqramı keçirilir. Proqrama əsasən bir xalça haqqında tamaşaçılara ətraflı məlumatlar verilir. May ayı üçün Qarabağın "Vərni" xalçası seçilmişdir. Tədbirdə, eləcə də sonrakı günlərdə təşkil ediləcək ekskursiyalarda ziyarətçilərə həmin xalça barədə ətraflı məlumat veriləcəkdir.

Tədbirdə vurğulanmışdır ki, muzeyin Şuşa filialı bu gün öz fəaliyyətini Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində davam etdirir. Filial qaçqın və məcburi köçkün sənətkarları muzeyə cəlb edir, onların əl işlərindən ibarət sərgilər açır, Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu ilə informasiya mübadiləsi aparır, Qarabağ xalçalarının təbliği, tədqiqi, inkişafı ilə bağlı işlər görür, Şuşa xalçaları haqqında elmi-tədqiqat məqalələri nəşr etdirir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 6 may.- S. 10.