Tərtərdə
Şuşa şəhərinin Ermənistan
silahlı qüvvələri tərəfindən
işğalının iyirminci ildönümü dərin kədər hissi ilə qeyd edilmişdir
Tərtər Rayon İcra Hakimiyyətində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar yığıncaq keçirilmişdir.
AzərTAc xəbər verir ki, rayonda məskunlaşan Şuşa sakinlərinin də iştirak etdikləri tədbirdə Şuşa şəhərinin müdafiəsi zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirmişdir ki, 289 kvadratkilometr ərazisi olan Şuşanın işğalı zamanı 195 nəfər şəhid olmuş, 165 nəfər yaralanmış, 58 nəfər itkin düşmüşdür. İşğal nəticəsində Azərbaycan muğam sənətinin, Qarabağ xalçalarının, mədəniyyətin beşiyi Şuşada 279 dini, tarixi və mədəni abidə, 2 sanatoriya, 70 yerlik turist bazası, 1200 yerlik internat, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, şərq musiqi alətləri fabriki dağıdılmış və yandırılmışdır. 20 ildir ki, erməni işğalçılarının nəzarəti altında olan Şuşa şəhəri digər işğal edilmiş ərazilər kimi istismara və dağıntılara məruz qoyulur, Azərbaycan xalqına məxsus olan abidələr məhv edilərək erməniləşdirilir.
Qeyd edilmişdir ki, Tərtər rayonunda Şuşadan olan 44 ailə məskunlaşmışdır. Onlar dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunsalar da, Şuşa nisgili, doğma yurd həsrəti ilə yaşayırlar.
Tədbirdə Şuşa
şəhər sakini Atlas
Rüstəmova, "İgidliyə görə" medalı
ilə təltif edilmiş İlqar
Məmmədov və başqaları çıxış edərək
işğal altında olan
torpaqlarımızın, o cümlədən
mədəniyyət beşiyimiz
Şuşanın tezliklə Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham
Əliyevin qətiyyəti sayəsində mənfur
düşməndən azad
olunacağına əminliklərini ifadə etmişlər.
Azərbaycan.- 2012.- 6 may.- S. 10.