İstiqlal
şairi
Əhməd Cavad - 120
XX əsrin 30-cu illərində Azərbaycanın bir çox yazıçıları, şairləri, dövlət xadimləri sovet quruluşunun əleyhinə çıxdıqlarına görə illərlə göz dustağı edildilər, həbsxanalara salındılar, bəziləri işğal və işgəncəyə etiraz əlaməti olaraq qürbətdə mühacir həyatı yaşamaga məcbur oldular. Onlardan bir qismi isə Uzaq Sibirin və Şimali Qazaxıstanın qarlı-şaxtalı çöllərinə sürgün edildi, bəziləri də güllələndi...
Dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra xalqın mənəvi dünyasından və tarixin yaddaşından silinməyən belə insanlar ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində gündəmə gəldilər. Onlardan biri də Azərbaycan ədəbiyyatına dəyərli töhfələr vermiş Əhməd Cavad Axundzadədir.
Xalqımızın müstəqillik ideyalarına bütün həyatı boyu sadiq qalan, Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoyan Əhməd Cavad klassik ədəbiyyatımızda müstəsna rola malikdir. Onun zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivləri aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini özündə dolğun əks etdirir.
Şairliklə yanaşı tərcüməçi, maarifçi-pedaqoq və ictimai xadim kimi də tanınan, Azərbaycanın Dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) bu il may ayının 5-də anadan olmasının 120 illiyi tamam olur. Prezident İlham Əliyev fevralın 9-da Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır.
Əhməd Cavad Şəmkir mahalının Seyfəli kəndində ruhani ailəsində anadan olmuşdur. Yazıb-oxumağı atası Molla Məhəmmədəlidən öyrənsə də, ilk təhsilini üç il kənddəki mollaxanada almışdır. Cavad yeddi yaşında olarkən Qurani-Kərimi sərbəst oxuyar, bəzi surələri hətta əzbərdən deyərdi. Lakin 1900-cü ildə Cavadın atası Axund Məhəmmədəli dünyasını dəyişəndən az sonra anası Yaxşı xanım Cavadı da götürüb Gəncəyə köçür. Burada xalça sexinə işə düzəlir. Cavad isə Yelizavetopol (Gəncə) Müsəlman-Ruhani Seminariyasında təhsilini davam etdirir. 1906-cı ildə seminariyaya daxil olan Cavad Axundzadə 1912-ci ildə oranı müvəffəq qiymətlərlə bitirir. Təhsil illərində Cavad müəllimlərinin sevimlisi olur, istedadlı gənc kimi tanınır. 1910-cu ildə Cavadın müəllimi Abdulla Tofiq (Abdulla Sur) dostu Abdulla Şaiqə göndərdiyi məktubunda yazır: "Tələbələrimin içində Cavad adlı gənc bir yazar var. Mənə oxuduğu ilk mənzumələri gələcəyə böyük ümidlər verir. Lisanı (dili - R.S.) sadə və gözəldir".
Gəncə mədrəsəsində Hüseyn Cavid, Abdulla Sur, Savad Cavad, İdris Axundzadə, Mirzə Abbas Abbaszadə, Əli Razi, Əli Nəzmi, M.Axundzadə, Ə.Ş.Ruhi və digər görkəmli pedaqoqlardan dərs alan Əhməd Cavad 1912-ci ildə seminariyanı 10 fəndən əla qiymətlərlə bitirir.
1912-ci ildə Çar Rusiyasının Osmanlı Türkiyəsinə qarşı Balkan yarımadası ətrafında müharibəyə başlaması türk-müsəlman dünyasında ciddi narahatlığa səbəb olmuşdu. Bakıdan, Gəncəbasardan, Qarabağdan, Şirvandan, Qubadan, bir sözlə, Azərbaycanın müxtəlif bölgələrindən vətənpərvər insanlar Qafqaz könüllüləri tərkibində Türkiyəyə - düşmənlə savaşa yollanır, kimi də cəbhədəki könüllülərə və döyüş gedən ərazilərdəki əlillərə, imkansızlara müxtəlif yardımlar edir. Əhməd Cavad da əqidə dostları İdris Axundzadə, İsa Əlizadə, Əli Əsədulla və digərləri ilə birlikdə İstanbula gedib Balkan müharibəsində bir əlində silah, bir əlində qələm döyüşür.
1913-cü ildə Balkan müharibəsindən geri dönən Əhməd Cavad Gəncədə Qafqazın Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verib "şərəfli türk və fars dilləri müəllimi" adını alandan sonra Gəncədə 1 nömrəli qızlar məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayır.
Əhməd Cavadın müəllim, şair və ictimai xadim kimi formalaşmasına Gəncə ədəbi mühiti böyük təsir göstərmişdir. Əhməd Cavad 1914-cü ildə Gəncəyə gəlmiş doktor Xosrov paşa Sultanov ilə Nəsib bəy Yusifbəylinin vasitəçiliyi ilə tanış olur. Ələkbər bəy Rəfibəyli və Nəsib bəy Yusifbəylinin zəmanəti ilə "Xeyriyyə cəmiyyəti"nin katibi və cəmiyyətin sədri Xosrov bəyin müavini təyin edilir.
1915-ci ildə Türkiyənin Anadolu torpaqlarının şərq hissəsini işgal edən çar ordusunun əsgərləri Qars və Ərzurum əhalisini kütləvi qırğına məruz qoyurdu. Çar ordusuna arxalanan ermənilər türk-müsəlman kəndlərinə hücum edərək dinc əhalini qılıncdan keçirirdi. Məqsəd qədim türk torpaqlarında Ermənistan dövləti yaratmaq idi. Bu zaman Azərbaycan türklərinin taleyi üçün narahatlıq keçirən Əhməd Cavad ikinci dəfə Türkiyəyə dönür, əsas dayanacaq yeri Batum olmaqla, burada xeyriyyə işləri ilə məşğul olmağa başlayır.
Şair qardaş xalqın çətin günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni "Nə gördümsə" adlı şeirində belə təsvir edir:
Ərməğanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim
gördüm dost elində
Nə bir səs var, nə bir layla.
Vicdan mənə
əmr edər ki:
Belə gündə bayram etmə.
Quran mənə
yol göstərir:
"Yoxsulları məyus etmə".
1915-ci il martın 22-də qələmə
aldığı bu şeirdən görünür ki, Əhməd
Cavad həmin vaxt Novruzu bayram kimi keçirə bilmir. Çünki Qars çar ordusu tərəfindən
işğal edilərkən oradakı türk
soydaşlarını çar əsgərləri və ermənilər
qılıncdan keçirmişdilər, Qars
xarabazarlığa çevrilmişdi. Əhməd
Cavadın bu hadisədən həyəcanlanmaması
mümkün deyildi. O, vəzifəsini
təkcə şeir və məqalə yazmaqla bitmiş hesab
etmirdi. Əlində silah cəbhədə də
vuruşurdu. Şair bu barədə
"İmdad" şeirində deyir:
Ziyafət
görmədim, yaslıdır ellər,
Çoxalmış məzarlar dərdini söylər.
Talanmış
şanələr, yolunmuş tellər
Olduğunu duydum, imdadə gəldim.
Qarlarla
boyammış məzlumlar qanı,
Ölənlər çox, fəqət, məzarı
hanı?
Ayaqlar
altında şövkəti, şanı
Qalanları görüb fəryada gəldim.
O
dövrdə də qaçqınlar, köçkünlər,
didərginlər, evsiz-eşiksizlər saysız-hesabsız
idi. Belələrinə Bakıdan əsasən
milyonçu Hacı Zeynalabdin Tağıyev və
başqaları kömək göstərirdilər. Əhməd Cavad 1916-cı ildə böyük
xeyriyyəçi Z.Tağıyevin maliyyə dəstəyi ilə
Batumda yaşayan 2500-ə yaxın azərbaycanlı ailəsi
üçün məktəb açmış, yeni
yaradılan məktəblərdə həm də müəllimliklə
məşğul olmuşdur. 1917-ci ildə
Ə.Cavadın vasitəsilə 2500 nəfərdən
çox türk qaçqın və didərgini Gəncə
və Bakı ətrafında yerləşdirilmişdi.
Əhməd Cavadın şeirləri 1913-cü ildən
çap edilmişdir. Yaradıcılığa lirik şeirlə
başlayan şairin 1916-cı ildə "Qoşma",
1919-cu ildə isə "Dalğa" adlı kitabları nəşr
olunmuşdur. Şeirlərində və
ictimai fəaliyyətində əsas qayəsi xalqı itaətkar
vəziyyətə salmaq istəyənlərə qarşı
milləti oyatmaq, azadlıq, müstəqillik uğrunda
mübarizəyə səfərbər etmək idi.
1918-ci
ilin əvvəllərində bolşeviklərin təpədən-dırnağadək
silahlandırdığı erməni qoşunları
"Daşnaksütyun" partiyasının xüsusi
tapşırığı ilə Naxçıvanda,
Bakıda, Qubada, Şamaxıda, Göyçayda və digər
bölgələrdə müsəlman əhalini kütləvi
surətdə güllələyir, süngüdən
keçirir, evini-eşiyini dağıdıb
yandırırlar. Mart qırğınları zamanı
amansız qətliamlar, işgəncələr və vandalizm siyasəti nəticəsində
Bakı qan içində boğulanda qardaş Türkiyədən
Nuru paşanın komandanlığı altında türk
ordusu köməyə gəlir. Əhməd
Cavad həmin ordunun tərkibində Gəncədən
Bakıyadək döyüşlərdə iştirak edir.
Bakıda, Yasamalda, Güzdəkdə əsgərlərə mənəvi
dəstək olur. "Osmanlı ordusuna" həsr etdiyi
şeirində bu barədə yazır:
Şu
qarşıkı duman çıxan bacadan,
Sən gəlmədən iniltilər
çıxardı.
Geciksəydin,
məzlumların fəryadı
Yeri, göyü, kainatı yıxardı.
1918-ci ildə
yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Əhməd Cavadın həyatında müstəsna rol
oynamışdır. Müstəqil Azərbaycan Respublikasının
tarix səhnəsinə qədəm qoymasını ürəkdən
alqışlayan, onun mövcudluğuna, dövlət rəmzlərinə,
milli ordusuna alovlu şeirlər yazan və bu siyasi hərəkatda
fəal iştirak edən 26 yaşlı Əhməd
Cavadın həyatının ən xoşbəxt anları Azərbaycan
Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. Ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyev
də Əhməd Cavad yaradıcılığının
milli respublika dövrünü yüksək qiymətləndirərək,
şairin bu zaman kəsiyində yazılmış şeirlərini
onun ən yaxşı əsərləri sırasına daxil
edir.
1920-ci il
aprel ayının 28-də XI
sovet ordusu tərəfindən Azərbaycan işğal edildikdən
sonra Ə.Cavad ailəsi ilə birlikdə Qusarın Xuluq kəndinə
(o vaxtlar Qubanın ərazisi hesab edilirdi) köçərək
orada müəllim, sonra isə Quba Xalq Maarif Şöbəsinin
müdiri işləyir. 1922-ci ildə
Azərbaycan Ali Pedaqoji İnstitutunun Ədəbiyyat və
tarix fakültəsinə qəbul olunduqdan sonra Bakıya
köçür, savadsızlığı ləğvetmə
kurslarında və
Nərimanov adına Pedaqoji Texnikumda müəllimlik fəaliyyətini
davam etdirir, Bakı ədəbi mühitində çox
böyük şöhrət və nüfuz qazanır.
Cəmiyyətin
ruhunu, mənəvi simasını şeirlərində
dolğun əks etdirən Ə.Cavad 1924-1926-cı illərdə Azərbaycan
Şura Yazıçıları Cəmiyyətinin məsul
katibi vəzifəsində çalışır. Bu dövrdə
şairin paxıllığını çəkənlər,
gözü götürməyənlər də az deyildi. O, böhtan və tənələrdən
qurtulmaq üçün 1929-1930-cu illərdə Gəncəyə
köçməyə məcbur olur. Beş il Gəncədə
yaşayıb- yaradan Əhməd Cavad özünə
qarşı edilən haqsız hücumlardan ruhdan düşməyərək,
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun
Türk və rus dilləri kafedrasında müəllim, dosent,
kafedra müdiri, Gəncə Dram Teatrında ədəbi hissə
müdiri vəzifələrində işləyir. 1933-cü ildə ona professor adı verilir. Ə.Cavad
1934-cü ilin iyun ayında Azərbaycan
Yazıçılarının Gəncə filialından
Bakıda keçirilən Şura Yazıçılarının
I qurultayına nümayəndə seçilir. Həmin
qurultayda Azərbaycan Yazıçılar İttifaqına
üzv qəbul edilir və "Azərnəşr"də
işləmək üçün dəvət alır. Yenidən Bakıya köçür, əvvəl Azərbaycan
Dövlət Nəşriyyatının tərcümə
şöbəsində redaktor, sonralar isə "Azərbaycanfilm"
studiyasında sənədli filmlər şöbəsinin
müdiri vəzifələrində çalışır.
Bakıda olduğu müddətdə daha məhsuldar
işləyən Əhməd Cavadı bu dəfə də
rahat buraxmırlar. Təkcə bu faktı
qeyd etmək kifayətdir ki, sovet dönəmində cəmi səkkiz
şeiri dərc edilib. Hər şeirindən
sonra yersiz şantaja, haqsız tənqidə məruz qalan
şair məcbur olub dünya klassiklərindən tərcümələr
edir. Bunu da ona çox görürlər.
Sinəsi söz dustağı, özü isə göz
dustağı olan Əhməd Cavad 1937-ci il mart ayının
21-də - Novruz bayramı günü müəllimi Hüseyn
Cavid və Vəli Xuluflu ilə bir gecədə bolşeviklər
tərəfindən
həbs edilir. Səkkiz
aya yaxın NKVD zirzəmisində işgəncələrə
məruz qalan Əhməd Cavadı 1937-ci il
oktyabrın 12-dən 13-nə keçən gecə döyə-döyə
qətlə yetirirlər. Yeri gəlmişkən, Azərbaycanın
tanınmış ziyalıları Bəkir Çobanzadəni,
Böyükağa Talıblını, Vəli Xuluflunu, Məmmədkazım
Ələkbərlini, Hənəfi Zeynallını, Xalid Səid
Xocayevi də həmin gecə güllələmişlər.
Azərbaycan 1991-ci ildə öz tarixi müstəqilliyini
bərpa edəndən sonra yüzlərlə Azərbaycan
ziyalısı, Azərbaycan yazıçısı kimi, Əhməd
Cavad yaradıcılığının da üzərinə
işıq düşdü. Kitabları çap
olundu, haqqında məqalələr yazıldı.
Müstəqil Azərbaycanın çiçəklənən
gələcəyini qabaqcadan görən ümummilli lider Heydər
Əliyev deyirdi: "Azərbaycanın gözəl himni var.
Sevindirici haldır ki, bu himn hələ 1918-ci ildə
yazılıb. Bunun müəllifi bizim
böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur.
Himnimizin sözlərini böyük şairimiz Əhməd
Cavad yazıb. Onun musiqisi də çox
gözəldir, sözləri də çox mənalıdır,
gözəldir. Mən xarici ölkələrə
səfər edərkən hər yerdə iki himn
çalınır - Azərbaycanın himni, bir də getdiyimiz
ölkənin himni. Hər ölkənin
himni özünə əzizdir. Öz
xalqının musiqisini, mənəvi xüsusiyyətlərini
əks etdirir. Bu, təbiidir. Ancaq mən hər yerdə müqayisə edib
görürəm ki, bizim himn müəllifləri bu himni nə
qədər böyük məharətlə yaradıblar.
Hər dəfə xarici ölkələrdə bu himni dinləyərkən
mən yenidən
iftixar hissi duyuram".
Ümummilli
liderin yüksək qiymət verdiyi, iftixar hissi duyduğu
Dövlət himnimizin sözlərini 1918-ci ildə milli
marş kimi Əhməd
Cavad yazmışdir. 1920-ci il yanvarın
30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər
Şurası cümhuriyyətin milli himninin hazırlanması
haqqında qərar qəbul etmiş və bu məqsədlə
Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan
edilmişdir. Təəssüflər olsun ki, 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin
süqutu sözləri Əhməd Cavadın olan Azərbaycanın
milli himnini qəbul etməyə imkan verməmişdi.
XX əsrin
əvvəllərində - 1920-ci ilin aprelində sovet
imperiyası tərəfindən müstəqil ölkəmizin
işğalı nəticəsində milli himnimizi qəbul etməyə
imkanımız olmasa da, bu şansı tarix bizə
ikinci dəfə - XX əsrin sonlarında təkrar verdi:
Parlament "Azərbaycan Respublikasının Dövlət
himni haqqında" qanun qəbul etdi. Qanuna əsasən,
1919-cu ildə böyük şairimiz Əhməd Cavad və
sevimli bəstəkarımız Üzeyir Hacıbəyov tərəfindən
hazırlanmış "Azərbaycan marşı" Azərbaycanın
Dövlət himni kimi təsdiq edildi.
Rəhman SALMANLI,
filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan.-
2012.- 6 may.- S. 11.