Haqqın səsi

 

Əhməd Cavad - 120

 

Əhməd Cavad haqqında düşünəndə ədəbiyyatşünas-alim Yaşar Qarayevin bir fikri yada düşür: "İntibah"  deyəndə ilkin xatırlanan Nizami olur. "Məhəbbət"  deyəndə birinci Füzulinin adı çəkilir. "Cümhuriyyət"  deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür. Üçrəngli bayraq emblemi var tariximizdə. Üçrəngli poeziya bədii yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur". Müstəqil Azərbaycan dövlətinin himni, ilk marşı, üçrəngli bayrağa yazılmış ilk şeir məhz Əhməd Cavadın adı ilə bağlıdır. Əhməd Cavad cümhuriyyət dövrünün tərənnümçüsü idi. Şair kimi yaşadı, şair kimi də qətlə yetirildi.

Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin, Seyid Hüseynin, Mikayıl Müşfiqin, Ülvi Rəcəbin, Abbas Mirzə Şərifzadənin və neçə-neçə digər dəyərli insanın ömrünə balta çalmış, həyatını zülmə döndərmiş 1937-ci ilin qara tufanının qurbanlarından biri də Əhməd Cavad olmuşdur. O Əhməd Cavad ki, adı çəkilən kimi bu gün dilimizin əzbəri, ruhumuzun qidası olan himnimiz qeyri-ixtiyari olaraq xəyalımızda səslənir:

 

Azərbaycan, Azərbaycan,

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

 

Ürəyimizin sevincinə, soydaşlarımızın həmrəyliyinə, qürurumuza çevrilmiş bu misraların müəllifi Əhməd Cavad, ona böyük bədii musiqi təsiri verən Üzeyir Hacıbəylidir - Azərbaycan Xalq Cümhuriyyətinin himni kimi həyata vəsiqə alan, bir müddət qara tufanların repressiyasına məruz qalıb yenidən həyata qayıdan möhtəşəm himnimiz. Nəqəratdakı dönə-dönə təkrarlanan "Azərbaycan" nidası dahi Üzeyir bəyin musiqisi ilə birləşərək təsiredici harmoniya yaradıb. Bu ünsiyyət o qədər qüdrətlidir ki, hər dəfə himnimiz səslənəndə varlığımızda anlamadığımız hisslər baş qaldırır. Və nə qədər gözəl deyilib: "Minlərlə can qurban oldu, sinən hərbə meydan oldu". Gör neçə ildir ki, biz bu meydanın sahibiyik. İllərdir işğal olunmuş torpaqlarımızın fərağını çəkib qurtara bilmirik.

Hələ elləri dolaşan "Çırpınırdı Qara dəniz" mahnısı (musiqisi Üzeyir Hacıbəylinindir) türklüyümüzün, mübarizəmizin əks-sədasıdır. Sovet dövründə Əhməd Cavad barəsində elə də dərin məlumatımız olmayıb. Yalnız müstəqilliyimiz bərpa edildikdən sonra müəyyən ədəbiyyatşünaslar, tədqiqatçılar, araşdırmaçılar Əhməd Cavad haqqında müxtəlif tədqiqatlar, kitablar çap etdirdilər. Əhməd Cavadın həyat və yaradıcılığı ilə ən məhsuldar məşğul olan ədəbiyyatşünas alim filologiya elmləri doktoru Əli Saləddin olub. Sonra bu işi mükəmməl davam etdirən akademik Bəkir Nəbiyevin 2004-cü ildə işıq üzü görmüş "Əhməd Cavad" kitabı bu sırada ən əhatəli monoqrafiyalardan biridir. Əhməd Cavadın keşməkeşli və faciəli həyatı, dövrü, mühiti Bəkir Nəbiyevin tədqiqatında daha geniş şərh edilmişdir.

Babaları Cənubi Azərbaycandan olan Əhməd Cavad Məhəmmədəli oğlu Axundzadə 1892-ci il may ayının 5-də Şəmkirin Seyfəli kəndində anadan olub. Altı yaşında ikən atası vəfat etmiş Əhməd Cavad ilk təhsilini mollaxanada alıb. Sonra ailələri Gəncəyə köçüb. Əhməd Cavad buradakı Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında oxuyub. Müsəlmanların oxuduğu bu seminariyada uşaqlara, əslində, mükəmməl orta təhsil verilirdi. Əgər orada dərs demiş ziyalıların, müəllimlərin adlarını çəksək, həmin məktəbin hansı səviyyədə olması oxucuya bəlli olar: Hüseyn Cavid, tənqidçi Abdulla Sur, Şeyxülislam Pişnamazzadə və başqaları. Əhməd Cavad bu seminariyada ərəb, fars, rus dillərini mükəmməl öyrənib. Hələ seminariyada oxuyarkən şeirlər yazan Əhməd Cavadın bu istedadı müəllimlərinin diqqətini çəkmişdir. 1912-ci ildə təhsilini bitirərək müəllimlik şəhadətnaməsi alan Əhməd Cavad əmək fəaliyyətinə başlamışdır. Həmin dövrdə Azərbaycanda erməni daşnaklarının törətdiyi iğtişaşlardan insanlar min bir əzaba düçar olurdular. Daşnaklar Ərzurum, QarsBatumda xüsusi qətllər törətmişlər. İnsanlar bir tərəfdən də yoxsulluqdan, aclıqdan əziyyət çəkirdilər. Belə mürəkkəb bir zamanda xeyriyyə fəaliyyəti göstərmək üçün Batuma yola düşmüş, orada gələcək həyat yoldaşı olacaq Şükriyyə xanımla rastlaşmışdır. Şükriyyə Batum zadəganlarından olan Süleyman bəyin qızı idio zaman Qızlar gimnaziyasında oxuyurdu. Tale elə gətirir ki, Əhməd Cavad Şükriyyəni Gəncəyə qaçırmalı olur.

1917-ci ildə Rusiyada oktyabr çevrilişi baş verdi. Belə bir qarışıq zamanda Azərbaycanın vətənpərvər övladları 28 may 1918-ci ildə Xalq Cümhuriyyətinin yarandığını elan etdilər. Bu gün məhəbbətlə oxuduğumuz himnimizo vaxt doğuldu. Təəssüf ki, ilk dövlət müstəqilliyimiz uzun sürmədi. 1920-ci ilin aprelində XI qırmızı ordu Azərbaycanı işğal etdi. Cümhuriyyətin süqutundan sonra Əhməd Cavad Qusarın Xuluq kəndinə köçərək müəllim işləmişdi. Taleyin qəribəliyinə bax ki, vaxtilə Əhməd Cavadla bir kənddə müəllim işləyən Mir Cəfər Bağırov sonralar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin başçısı olmuşdur. Üstündən 16-17 il keçdikdən sonra Əhməd Cavadın repressiyaya məruz qalmasında Mir Cəfər Bağırovun xüsusi rolu olmuşdur.

Əhməd Cavad 1922-ci ildə Bakıda Pedaqoji Ali Məktəbə daxil olub. Bir il sonra onu həbs edib ittihama çəkirlər ki, guya Mirzəbala Məhəmmədzadənin Türkiyəyə getməsində onun köməyi olub. İttiham sübuta yetmədiyindən Əhməd Cavad azad edilib. "Maarif və mədəniyyət" jurnalında işləyə-işləyə Ali Pedaqoji İnstitutu bitirən Əhməd Cavadın sonrakı pedaqoji fəaliyyəti ali məktəblərlə bağlı olmuşdur. O, bir müddət Azərbaycan Politexnik İnstitutunda, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Gəncə) dərs demiş, rus dili üzrə Azərbaycanın ilk professorlarından biri olmuşdur. Həmin dövrdə mətbuatda müntəzəm çap olunan Əhməd Cavadın əleyhinə hücumlar başlamışdı. Ötən əsrin 30-cu illərindən sonra mətbuatda Əhməd Cavadın ünvanına nəinki tənqid, hətta təhqir dolu yazılar çap edilmişdi. Mətbuat səhifələrində Əhməd Cavada çirkab atanlar özləri də yaxşı bilirdilər ki, o, mənəviyyat və təmizliyi ilə çoxundan yuxarıda dayanır. Şairin əsərlərini "əksinqilabi yazılar" adlandıraraq onu hər tərəfdən tənqid və təhqir atəşinə tuturdular.

1935-ci ildə Gəncədən Bakıya qayıdan Əhməd Cavad "Azərnəşr"də fəaliyyətini davam etdirib. Ona qarşı hücumlar burada da səngiməyib. Xüsusilə də Yazıçılar İttifaqının plenumlarında Əhməd Cavadı kəskin tənqid edirdilər. Əhməd Cavad bütün bu zərbələrə mərdliklə dözür, əleyhdarlarının adi ədəbi faktlara kəskin siyasi don geydirmələrinə təmkin göstərirdi. Hücumlar isə öz nəticəsini verirdi. 1937-ci il iyunun 3-də onu Yazıçılar İttifaqının üzvlüyündən çıxarırlar. Beş gün sonra isə həbs edirlər. Həmin dövrdə qəzetlərdə çıxan materialların yalnız sərlövhələrini xatırlamaq kifayətdir: "Sonadək ifşa etməli", "Sıralarımızı təmizləyin", "Amansız olmalı", "Səhvlərimiz haqqında". Maraqlıdır ki, bu yazıların müəllifləri dünənə qədər yaşayan, Sovet hökumətindən kifayət qədər bəhrələnən yazıçı və tənqidçilər idi. Əslində, Əhməd Cavad şeirlərinin birində özünün portretini çox ustalıqla yaratmışdı:

 

 Mən çeynənən bir ölkənin

Haqq bağıran səsiyəm.

 

Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan çox qüdrətli bir insana "xalq düşməni" kimi bir damğa vuruldu. Şairin evində aparılan axtarış zamanı mənzilindən əmlakını, hətta həyat yoldaşı Şükriyyə xanımın daş-qaşını, bəzək əşyalarını da müsadirə etmişdilər.

Əhməd Cavad 1937-ci il oktyabrın 12-də güllələnib. 45 yaşlı nakam şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olub. Şükriyyə xanım həyat yoldaşının qətlindən sonra "vətən xaininin arvadı" kimi uşaqları ilə birlikdə həbs edilib. Yeddi ildən sonra sürgündən azad edilən Şükriyyə xanıma Bakıda yaşamaq qadağan olunub. Yalnız 1955-ci ilin dekabrında bu ailə bəraət alıb.

Bir faktı da qeyd edək ki, Əhməd Cavadın övladlarından Aydın, Tuqay, Yılmaz Axundzadələr atalarına layiq oğul oldular.

Əhməd Cavadın dillər əzbəri olan bir mahnısını xatırladırıq:

 

 Bir gülsən, dərmişəm gənclik bağından,

Bir gülü, çiçəyi dərmərəm sənsiz.

Kam aldım ömrümün oğlan çağından,

Bir bağa, bağçaya girmərəm sənsiz.

 

Əhdinə vəfalı olan Əhməd Cavadın bu mahnısı indi sevənlərin dilindən düşmür. Dünyaya yeni Şükriyyələr, Əhmədlər gəlir. Arzusunda olduğu azadlığa qovuşmuş Azərbaycanın hər yerindən, hər bucağından Əhməd Cavad ürəyindən doğulmuş misralar Üzeyir Hacıbəylinin musiqisinə qoşularaq qanad açmaqdadır.

Bütün türk ellərində yaxşı tanınan və sevilən Azərin illərdir ki, Əhməd Cavadın "Çırpınırdı Qara dəniz"ini böyük şövq və həvəslə oxuyur:

 

Fırtınalar dursun yana,

Yol ver türkün bayrağına!

 

Ehey, qarı düşmən! Sənin də məğlub gününə az qalıb. Müğənni necə deyir: "Türkün şanlı bayrağını Qarabağdan asacağıq". Bax, onda ruhu dincələr Əhməd Cavadın, Üzeyir Hacıbəylinin, Vaqifin, Bülbülün...

 

 

 Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 6 may.- S. 11.