İlk dəfə Beynəlxalq caz günü keçirilib

 

 İncəsənətin ayrı-ayrı sahələrinin yarandığı günlər əlamətdar hadisələr kimi qeyd edilir. Təqvimə  belə günlərdən  biri də əlavə edilib: 30 aprel - Beynəlxalq Caz Günü.

Bu tarixi və əlamətdar gün münasibətilə aprelin 30-da beynəlxalq aləmdə  keçirilən tədbirlər  silsilə xarakteri  daşıyıb. Cazın universal azadlıq və yaradıcılıq dili kimi xüsusi rolunun tanınması əlaməti olaraq 2011-ci ilin sonunda UNESCO tərəfindən qərar qəbul edilib.

Dünya caz bayramı münasibətilə aprelin 27-də UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirilən tədbirdə Azərbaycanın tanınmış incəsənət ustaları da iştirak edib. Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyindən mətbuata verilən məlumatda göstərilir ki, tədbirin təbliğat materiallarında Heydər Əliyev Fondu ilə yanaşı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin loqoları  yerləşdirilib.

Adıçəkilən beynəlxalq tədbirdə musiqişünas Turan Məmmədəliyevanın "Azərbaycanda caz" adlı təqdimatı ilə yanaşı, pianoçu Salman Qənbərovun rəhbərlik etdiyi caz qrupunun ifasında 1930-cu ildə çəkilmiş "Lətif" səssiz filmindən  fraqmentlər nümayiş etdirilib. Gənc musiqiçi İsfar Sarabskinin axşam konsertindəki çıxışı da maraqla və alqışlarla qarşılanıb. O, Azərbaycanın parlayan gənc ulduzu kimi təqdim olunub.

 

 

Azərbaycan.- 2012.- 6 may.- S. 11.