Azərbaycan Prezidenti İlham Əliyev Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin açılışında iştirak etmişdir

 

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin açılışında iştirak etmişlər.

Dövlət başçısı Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti və xanımı elektromobillərlə yeni bulvarın ərazisini gəzdilər, burada yaradılmış şəraitlə tanış oldular.

Bakının əvəzsiz incilərindən olan Dənizkənarı Milli Park maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, paytaxtın tarixi və müasir simasını təşkil edən xüsusi təbii kompleksdir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə baş verən sürətli sosial-iqtisadi inkişaf meqapolisə çevrilməkdə olan Bakının simasını nəzərəçarpacaq dərəcədə dəyişmişdir. Təbii ki, bu, Dənizkənarı Milli Parkdan da yan keçməmişdir. Şəhərsalma, istirahət və turizm infrastrukturu, gözəlləşən paytaxtımızın ekoloji təhlükəsizliyi Dənizkənarı Milli Parkla bağlı strategiyanın həyata keçirilməsi üçün daha böyük imkanlar açmışdır.

Dövlət başçısının Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması ilə bağlı tapşırıqları əsasında şəhərimizin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 20 hektar, uzunluğu 1,8 kilometr olan yeni bulvar tikilmişdir. Bu, Prezident İlham Əliyevin Azərbaycanın müasir simasının yaradılması istiqamətində həyata keçirdiyi tədbirlər silsiləsinin mühüm tərkib hissəsidir. Aparılan quruculuq və abadlıq işləri sayəsində paytaxt Bakı tədricən öz görkəmini dəyişmiş və dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirmişdir.

Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın "Azneft" meydanından Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin yenidən qurulmasını nəzərdə tutan layihənin icrasını daim diqqət mərkəzində saxlamışdır. Mütəmadi olaraq əraziyə gələn dövlət başçısı işlərin yüksək keyfiyyətlə görülməsinə dair tapşırıq və tövsiyələrini vermişdir. Bu çərçivədə paytaxtda həyata keçirilən abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi yeni bulvarın ərazisində yerləşən köhnə zavodlar, sosial və iqtisadi səmərəsini itirmiş, böyüyən paytaxtın tələblərinə cavab verməyən, ən çox da ekoloji tarazlığı pozan müəssisələr başqa yerə köçürülmüşdür. Bununla da yeni bulvarın yaradılması üçün bütün maneələr aradan qaldırılmışdır.

Məlumat verildi ki, üç növbədə aparılan yenidənqurma və abadlıq işləri nəticəsində ərazidə yaşıllıq zolağından avtomobil yolunadək uzanacaq daha bir xətt inşa olunmuşdur. Bu xətt bulvar ərazisində hərəkət edən avtomobillər, qatarlar, kiçik ölçülü gəzinti avtobusları üçün nəzərdə tutulmuşdur. Yeni ərazidə xüsusi xətt də salınmışdır ki, bu da velosiped sürənlərə maneəsiz hərəkət etmək imkanı verir. Ərazidə həm kölgəlik yaradan ağaclar, həm də xüsusi gözəlliyi olan nadir bitki nümunələri əkilmiş, müasir işıqlandırma sistemi qurulmuşdur. Yaxın gələcəkdə burada istirahət obyektləri, attraksionlar da quraşdırılacaqdır.

Diqqətə çatdırıldı ki, bulvarda uzunluğu 450 metr olan estakada dənizin içərilərinə doğru daha 100 metr uzadılmışdır. Gələcəkdə isə bulvarın uzunluğu 25 kilometrə çatdırılaraq Zığ və Şıx çimərliklərini birləşdirərək böyük bir istirahət zonasına çevriləcəkdir. Bulvarda taksi katerlər vasitəsilə Xəzərdə yerləşən adalara səyahət etmək də mümkün olacaqdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəhər əhalisinin və Bakıya gələn qonaqların istifadəsi üçün nəzərdə tutulan gəzinti gəmilərində yaradılan şəraitlə də tanış oldular. Bildirildi ki, Dənizkənarı Milli Parkın genişləndirilməsi çərçivəsində əhalinin Xəzər dənizində gəzintisi də diqqət mərkəzində saxlanılmış və bu məqsədlə paytaxta 3 yeni gəmi gətirilmişdir.

Dövlət başçısı yeni bulvar xətti boyunca salınan piyada keçidlərinə də baxdı.

Qeyd edək ki, Prezident İlham Əliyev 2012-ci il aprelin 27-də Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında növbəti sərəncam imzalamışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 8 may.- S. 1.