“Eurovision-2012” mahnı
müsabiqəsinin keçiriləcəyi
“Baku Crystal Hall” istifadəyə verilmişdir
Kompleksin açılışında Prezident İlham Əliyev iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də "Eurovision-2012" mahnı müsabiqəsinin
keçiriləcəyi "Baku Crystal Hall"un açılışında
iştirak etmişlər.
Dövlət başçısı kompleksin
rəmzi açılışını
bildirən lenti kəsdi.
Azərbaycan Prezidentinə və xanımına "Baku Crystal Hall"da
görülən işlər,
eləcə də müsabiqəyə hazırlıqla
bağlı ətraflı
məlumat verildi. Bildirildi
ki, 25 min nəfərlik
tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Kompleksdə gələcəkdə başqa
beynəlxalq tədbirlərin
keçirilməsi də
mümkündür. "Baku Crystal Hall"un əhəmiyyətini
artıran mühüm
amillərdən biri də onun Dövlət
Bayrağı Meydanı
ətrafında yerləşməsidir.
"Baku
Crystal Hall" Prezident İlham
Əliyevin Bakı şəhərində müasir
idman-konsert kompleksinin inşa edilməsi haqqında 2011-ci il
iyulun 11-də imzaladığı
sərəncama əsasən
inşa olunmuşdur.
Bu il yanvarın
15-də isə Avropa Yayım Birliyi müsabiqənin məhz
"Crystal" sarayında keçirilməsi ilə bağlı qərar qəbul etmişdir.
Almaniyanın Düsseldorf şəhərində
"Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində
43 ölkə arasında
möhtəşəm qələbə
qazanan Azərbaycan
2012-ci ilin mayında bu yarışmanı Bakıda keçirmək hüququ qazanmışdır.
Özlüyündə böyük mədəniyyət
hadisəsi olan, lakin siyasi və
iqtisadi əhəmiyyəti
ilə daha çox önəm daşıyan bu hadisə göstərdi ki, Qərblə Şərqin kəsişməsində
yerləşən Azərbaycan
bütün dövrlərdə
diqqət mərkəzində
olmuşdur. Bu uğurun
əhəmiyyətini artıran
əsas cəhətlərdən
biri də Avropanın musiqi həyatında mühüm
hadisə olan "Eurovision"un tarixdə ilk dəfə Cənubi Qafqazda keçirilməsi ilə bağlıdır. "Eurovision"u
regiona gətirən Azərbaycan bu uğura müstəqil olduğu 20 il
ərzində müsabiqəyə
cəmi 4 dəfə qatılmaqla nail olmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 8 may.- S. 1.