Fransa Respublikasının yeni
seçilmiş Prezidenti
zati-aliləri cənab
Fransua Ollanda
Hörmətli cənab Olland!
Fransa Respublikasının
Prezidenti vəzifəsinə
seçilməyiniz münasibətilə
Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə
Fransa arasındakı
ənənəvi dostluq
və əməkdaşlıq
münasibətlərinin inkişafına
xüsusi əhəmiyyət
veririk. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək
səviyyəsi, siyasi,
iqtisadi və humanitar sahələrdə
səmərəli əməkdaşlığımız
məmnunluq doğurur.
Bu gün beynəlxalq
qurumlar, Avropa strukturları çərçivəsində,
eləcə də enerji təhlükəsizliyinin
təmin edilməsi istiqamətində birgə
işimiz ölkələrimiz
arasında, həmçinin
çoxtərəfli qaydada
əməkdaşlığı səciyyələndirən amillərdəndir.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun
həmsədri kimi Fransanın rolu böyükdür. Biz sülhyaratma
prosesində ölkənizin
öz səylərini
daha da artıracağına,
bu işə Sizin şəxsən
töhfələr verəcəyinizə
ümidlər bəsləyirik.
Sizə
möhkəm cansağlığı,
xoşbəxtlik, dost Fransa
xalqının rifahı
naminə qarşıdakı
fəaliyyətinizdə uğurlar
diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 may 2012-ci il
Azərbaycan.- 2012.- 8 may.- S. 2.