Bişkekdə akademik Ramiz Mehdiyevin qırğız dilində nəşr edilmiş Gorus-2010: absurd teatrı mövsümü kitabının təqdimatı keçirilmişdir

 

T.Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin qırğız dilində nəşr edilmiş "Gorus-2010: absurd teatrı mövsümü" kitabının təqdimatı keçirilmişdir.

Azərbaycanın Qırğızıstandakı səfirliyinin Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF) ilə birlikdə təşkil etdiyi tədbirdə Qırğızıstan Prezidenti Administrasiyası protokol şöbəsinin müdiri Akram Madumarov, səfirliyimizin əməkdaşları, elm adamları, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diaspor təşkilatlarının fəalları, jurnalistlər iştirak etmişlər.

Səfir Arif Ağayev iştirakçılara kitabın əhəmiyyəti barədə məlumat vermiş, Azərbaycan tarixinin Qırğızıstanda öyrənilməsi baxımından   onun müstəsna rolundan danışmışdır. O, kitabın tərcümə olunması və nəşrinə göstərdiyi dəstəyə görə TDSDF-nin sədri Nüsrət Məmmədova və kitabın tərcüməçisi, tanınmış şair Mukan Asanaliyevə  minnətdarlığını bildirmişdir.

Xalq şairi, Qırğızıstan Qəhrəmanı, Toktoqul adına Dövlət mükafatı laureatı Sooronbay Jusuyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermiş, Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu, ermənilərin bu torpaqları hansı yollarla ələ keçirməsini, ümumiyyətlə, Ermənistan dövlətinin Azərbaycanın tarixi torpaqlarında yaradılmasından danışmışdır. O bildirmişdir ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağı və digər rayonları qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır.

Akademik Askar Kakeyev Azərbaycanın sürətli iqtisadi inkişafından danışmış,  ölkənin regionda lider dövlətə çevrildiyini xüsusi qeyd etmişdir. O demişdir ki, bütün bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün daxili və xarici siyasətin nəticəsində mümkün olmuşdur.

Mukan Asanaliyev əsərdə tarixi faktlara geniş yer verilməsindən söz açmış, kitabı qısa müddətdə tərcümə etdiyini bildirmişdir.

TDSDF-nin sədri Nüsrət Məmmədov Azərbaycan həqiqətlərinin qırğız xalqına çatdırılmasında kitabın rolundan danışmış, qırğız xalqının tarixinin Azərbaycanda nəşr edilməsinin vacibliyini vurğulamışdır.

Tədbir böyük konsert proqramı ilə başa çatmışdır.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 8 may.- S. 2.