İnşa
yazı müsabiqəsinin qalibləri
mükafatlandırılmışlar
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə orta ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında təşkil olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
AzərTAc xəbər verir ki, bununla bağlı mayın 7-də "Gülüstan" sarayında keçirilən mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onun mənalı həyat yolundan və ictimai-siyasi fəaliyyətindən bəhs edən film göstərilmişdir.
Milli Məclis deputatlarının, ali məktəb rektorlarının, təhsil işçilərinin və şagirdlərin iştirak etdikləri mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov müsabiqə haqqında məlumat vermişdir.
Respublikanın bütün idarə və müəssisələrində, təhsil ocaqlarında müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirildiyini söyləyən nazir bildirmişdir ki, bunlardan ən böyüyü orta ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında təşkil olunmuş inşa yazı müsabiqəsidir.
İlk inşa yazı müsabiqəsinin 2007-ci ildə təşkil olunduğunu bildirən M.Mərdanov demişdir ki, müəyyən edilmiş qaydaya əsasən bu müsabiqələr hər il Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev Fondunun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə keçirilir.
Nazir qeyd etmişdir ki, builki inşa yazı müsabiqəsinin yekun mərhələsi aprelin 17-də ulu öndərin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın adını daşıyan liseydə keçirilmişdir. Müsabiqənin birinci mərhələsində "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur", "Ulu öndər Heydər Əliyevi düşünərkən" nominasiyaları üzrə 700 minədək məktəbli, yekun mərhələsində isə 112 şagird iştirak etmişdir. Onların inşa yazılarını Təhsil Nazirliyi tərəfindən yaradılmış komissiya qiymətləndirmişdir. Müsabiqə iştirakçılarından 5 nəfəri birinci, 8 nəfəri ikinci, 13 nəfəri üçüncü yerlərə, 54 nəfəri isə həvəsləndirici mükafata layiq görülmüşlər.
Nazir onu da diqqətə çatdırmışdır ki, həvəsləndirici mükafata layiq görülmüş şagirdlərin, Naxçıvan Muxtar Respublikası üzrə qaliblərin inşa yazıları, eləcə də Rusiya Federasiyasının Həştərxan şəhərindən daxil olmuş yazılar "Heydər Əliyev məktəblilərin gözü ilə" adı altında kitab şəklində çap edilmişdir.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov bildirmişdir ki, ulu öndərin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirilən tədbirlər kütləviliyi ilə seçilir. Bu tədbirlər, eləcə də orta ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında təşkil olunmuş inşa yazı müsabiqəsi ulu öndərə ümumxalq məhəbbətinin bariz nümunəsidir.
Ə.Əhmədov qeyd etmişdir ki, bu müsabiqə intellekt yarışması olmaqla yanaşı, həm də ictimai məzmun daşıyır. Azərbaycan gəncləri ulu öndərin zəngin siyasi irsini, ideyalarını mənimsəməklə vətənpərvərliyi öyrənirlər. Bu müsabiqə həm də cəmiyyətin aparıcı qüvvəsi olan sağlam gənclərin formalaşmasından xəbər verir.
Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən Ə.Əhmədov müsabiqənin gənc nəslin yetişməsinə əvəzsiz töhfələr verəcəyinə əminliyini diqqətə çatdırmışdır.
Heydər Əliyev Fondunun təmsilçisi İlqar Mustafayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Rusiya Federasiyasının Həştərxan şəhərində ulu öndərin adını daşıyan məktəbin direktor müavini Tatyana Viktorova müsabiqənin əhəmiyyətindən danışmış və qalibləri təbrik etmişlər. Çıxışlarda vurğulanmışdır ki, ulu öndərin təhsilə hər zaman göstərdiyi diqqət və qayğı bu gün bəhrəsini verməkdədir.
Sonda müsabiqə qaliblərinə xüsusi
diplomlar və qiymətli hədiyyələr təqdim
olunmuşdur.
Azərbaycan.- 2012.- 8 may.- S. 6.