Manilada Asiya İnkişaf Bankının Rəhbərlər
Şurasının 45-ci İllik
Toplantısı keçirilmişdir
İclasda qurumun 48-ci İllik Toplantısının Bakıda
keçirilməsi qərara alınmışdır
Mayın 2-5-də Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 45-ci İllik Toplantısı keçirilmişdir. İclasda Bakı şəhərinin AİB-in 2015-ci ildə keçiriləcək 48-ci İllik Toplantısına ev sahibliyi etməsinə dair yekdil qərar qəbul edilmişdir.
Toplantının rəsmi açılış mərasimində Filippin Respublikasının Prezidenti Benino Akino və AİB-in prezidenti Haruhiko Kuroda çıxış etmişdir. Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlərə toxunan natiqlər yoxsulluğun aradan qaldırılması istiqamətində atılan addımlardan danışmışlar. H.Kuroda 2011-ci ildə görülən işlər barədə hesabat verərək qurumun inkişafyönümlü region ölkələrinin inkişafına verdiyi töhfələrdən bəhs etmişdir.
Azərbaycanı toplantıda maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müzakirələrdə çıxış edən S.Şərifov Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən bəhs etmiş, son 8 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının 3 dəfə artdığını, neft gəlirlərinin səmərəli istifadə edilməsi hesabına ölkədə həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını qeyd etmişdir. Bu tədbirlər sayəsində yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə enmiş, əhalinin təbii artımı bərpa olunmuş, ölkə əhalisinin orta yaş həddi yüksəlmiş, göstərilən bir çox sosial və kommunal xidmətlərin həcmi artırılaraq onlara çıxış imkanı sadələşdirilmişdir.
Nazir bildirmişdir ki, Prezident İlham Əliyev növbəti 10 ildə qeyri-neft sektorunun sürətli inkişaf etməsi hesabına ÜDM-in 2 dəfə artırılmasını hökumət qarşısında əsas vəzifə kimi qoymuşdur.
S.Şərifov Mərkəzi Asiya Ölkələrinin Əməkdaşlıq Proqramının (CAREC) bundan sonra da AİB-in Rəhbərlər Şurası tərəfindən fəal olaraq dəstəklənməsinin vacibliyini vurğulamışdır. O qeyd etmişdir ki, bu proqram çərçivəsində Çin, Pakistan və Mərkəzi Asiya dövlətlərindən malların Azərbaycan ərazisi üzərindən nəql edilməklə Türkiyə və Cənubi Avropa bazarlarına çatdırılması istiqamətində işlər görülməlidir. Azərbaycanın CAREC proqramını dəstəklədiyini vurğulayan maliyyə naziri qeyd olunan nəqliyyat koridorunun inkişaf etdirilməsi işlərinə dövlət tərəfindən təxminən 6 milyard ABŞ dolları məbləğində vəsaitin səfərbər edildiyini iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Bu vəsait Xəzər dənizində ən iri ticarət limanının tikilməsinə, quru yük daşımaları üçün gəmilərin və dəmir yolu bərələrinin, neft məhsullarının daşınması üçün isə dəniz tankerlərinin alınmasına, Azərbaycanla Gürcüstanı birləşdirən magistral avtomobil yolunun 4 zolağadək genişləndirilməsinə, eyni zamanda, dəmir yolunun yenidən tikilməsinə, habelə Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Gürcüstanla Türkiyəni birləşdirən yeni dəmir yolu xəttinin çəkilməsi üçün Gürcüstan hökumətinə güzəştli kreditin təmin olunmasına yönəldiləcəkdir.
Azərbaycanın Asiya İnkişaf Bankı ilə hazırkı əməkdaşlığını yüksək qiymətləndirən S.Şərifov birgə layihələrə dəstək veriləcəyini qeyd etmişdir. Bildirilmişdir ki, infrastrukturun inkişafı, elektrik enerjisinin paylanması, su təchizatı və kanalizasiya xidmətləri, yol təsərrüfatının inkişafı bundan sonra da AİB ilə əməkdaşlığın əsas istiqamətlərini təşkil edəcəkdir.
Nazir AİB-in Rəhbərlər Şurasının 2015-ci ildə keçiriləcək 48-ci İllik Toplantısına Azərbaycanın ev sahibliyi etməsinə ölkənin cari iqtisadi vəziyyətinin, siyasi sabitliyin, eyni zamanda Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastrukturun imkan verdiyini vurğulamışdır.
Sonrakı müzakirələrdə AİB-in 2011-ci il üzrə illik hesabatının müzakirəsi, maliyyə hesabatlılığına və müstəqil auditorların rəylərinə daxili nəzarət üzrə İdarə Heyətinin hesabatı, 2012-ci il üçün büdcənin təsdiqi, xalis gəlirlərin müəyyən olunması, bankın tətbiq etdiyi qaydaların və tənzimləyici normaların nəzərdən keçirilməsi, Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlər, xüsusilə yoxsulluğun aradan qaldırılması və digər məsələlərə baxılmışdır.
Toplantıda Asiya regionunun inkişafyönümlü üzv ölkələri ilə yanaşı, səhmdar qeyri-region ölkələri - Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, İsveçrə, Danimarka və başqalarının nümayəndə heyətləri də iştirak etmişlər.
Bankın 67 üzv ölkəsini təmsil edən Rəhbərlər Şurasındakı nümayəndə heyətlərin rəhbərləri bank tərəfindən 2011-ci ildə görülən işləri yüksək qiymətləndirərək inkişaf etməkdə olan ölkələrə bundan sonra da kreditlərin verilməsi və texniki yardımların göstərilməsinin vacibliyini vurğulamışlar.
Müzakirələrin yekunu
olaraq Bankın Asiya İnkişaf Fonduna donor ölkələr tərəfindən əlavə
kapital ayrılması barədə qərar
qəbul olunmuşdur.
Azərbaycan.- 2012.- 8 may.- S. 6.