Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş tədbir keçirilmişdir

 

Mayın 7-də Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

Müəllim və tələbələrin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin rektoru professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin zəngin həyat və siyasi fəaliyyətindən danışmışdır. 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayeva görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən bəhs etmiş, ulu öndərin gənclər və təhsil siyasətinə daim böyük önəm verdiyini xatırlatmışdır.

Tələbələr ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmişlər.

Sonra "Qafqaz Universiteti ilin adamını seçir" layihəsinin nəticələri açıqlanmışdır. Sorğunun nəticələrinə əsasən, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında göstərdiyi xidmətlərə görə "İlin adamı" mükafatına M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayeva layiq görülmüşdür.

Professor N.Paşayeva sorğuda onu Azərbaycanın beynəlxalq arenada tanınmasında göstərdiyi xidmətlərə görə "İlin adamı" seçdikləri üçün tələbələrə təşəkkürünü bildirmiş, onlara təhsildə uğurlar arzulamışdır.  

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 8 may.- S. 7.