DİN-in Arif Heydərov
adına Sıravi və Kiçik Rəis
Heyəti Hazırlayan Məktəbində dinləyicilərin and içmələrinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir
Mayın 7-də Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində 2012-ci tədris ilinin ikinci toplanışının buraxılışına və ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin and içmələrinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov iştirak etmişdir.
Məktəbin rəisi, polis polkovniki Əli İbrahimov bu münasibətlə sıra meydanına düzülmüş şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə nazir müavininə raport verdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səslənmişdir.
Polis polkovniki Ə.İbrahimov dinləyicilərin peşə, mənəvi və fiziki hazırlığının artırılması məqsədi ilə adıçəkilən məktəbdə həyata keçirilmiş məqsədyönlü tədbirlər və bu sahədə əldə olunmuş uğurlu nəticələr barədə danışmışdır.
Tədbirdə çıxış edən nazir müavini polis general-leytenantı Əsgər Ələkbərov təntənəli mərasimin 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 67-ci və ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsinə təsadüf etdiyini xatırladaraq DİN rəhbərliyi və şəxsən daxili işlər naziri general-polkovnik Ramil Usubovun adından əlamətdar hadisələr münasibətilə şəxsi heyəti təbrik etmiş, onlara seçdikləri çətin, lakin şərəfli peşədə uğurlar arzulamış, xidmətləri boyunca ulu öndərin ideallarına, ölkəmizin Prezidentinin siyasətinə, Vətənə və xalqa sədaqətli olmalarını tövsiyə etmişdir.
Qeyd olunmuşdur ki, istər ümummilli lider Heydər Əliyev, istərsə də dövlət başçısı İlham Əliyev cəmiyyət həyatının bütün sahələrinin uğurlu inkişafının ən vacib amillərindən biri kimi respublikamızda ictimai asayişin və təhlükəsizliyin etibarlı şəkildə qorunmasını, sabitliyin dönməzliyinin təmin edilməsini dəfələrlə öz nitqlərində vurğulamış, cinayətkarlıqla mübarizədə daxili işlər orqanlarının fədakar xidmətini hər zaman yüksək qiymətləndirmişlər. Həm də belə diqqətəlayiq fəaliyyətin nəticəsidir ki, məhz Azərbaycan nəinki MDB, həmçinin Şərqi Avropa məkanında əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığına və açılmasına görə ilk yerlərdən birini tutur.
Nazir müavini təntənəli şəkildə and içərək polis əməkdaşı kimi fəaliyyətə başlayan dinləyicilərin üzərinə sabitliyin, əmin-amanlığın nümunəvi qorunması, cinayətkarlıqla mübarizə sahələrində məsul vəzifələrin düşdüyünü demişdir. Polis general-leytenantı Ə.Ələkbərov müdavimlərin məktəbdə qazandıqları bilik və vərdişləri təcrübədə uğurla tətbiq edəcəklərinə, daxili işlər orqanlarının ən yaxşı ənənələrinin davamlı olacağına əminliyini bildirmiş, gənc əməkdaşlara Vətənə məhəbbət, dövlətçiliyə sədaqətlə xidmət etməyi, çətinliklərə mərdliklə sinə gərmələrini, öz üzərlərində işləmələrini, peşəkarlıqlarını daim artırmalarını tövsiyə etmiş, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra dinləyicilər təntənəli şəkildə "Polis andı"nı qəbul etmişlər.
Mərasim şəxsi heyətin nizami addımlarla tribuna
önündən keçməsi ilə başa
çatmışdır.
Azərbaycan.- 2012.- 8 may.- S. 7.