Ümummilli lider Heydər Əliyev daxili işlər orqanlarının fəaliyyətini xalqa və dövlətə xidmət işinə səfərbər etmişdir
Mayın 7-də Daxili İşlər Nazirliyində (DİN) ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, daxili işlər naziri general-polkovnik Ramil Usubov çıxış edərək ümummilli liderin Yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri olduğunu xatırlatmış, ulu öndərin anadan olmasının 89-cu ildönümü ilə bağlı tədbirlərin təkcə ölkəmizdə deyil, xarici dövlətlərdə də böyük ehtiramla qeyd edildiyini vurğulamışdır.
Mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. General-polkovnik Ramil Usubov bildirmişdir ki, 1990-1993-cü illərdə hakimiyyət başında olan rəhbərlərin səriştəsizliyi, qorxaqlığı, antimilli siyasət aparması ölkədə xaos və anarxiya yaratmış, Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. Bundan istifadə edən Ermənistan Dağlıq Qarabağı və ətraf rayonların işğalını davam etdirir, yüz minlərlə insanı öz ata-baba yurdlarından didərgin salırdı. Belə bir çətin şəraitdə Azərbaycan xalqı yeganə çıxış yolunu, gələcək taleyinin həllini iradəsinə, qətiyyətinə, təşkilatçılıq bacarığına, Vətənə bağlılığına dərindən bələd olduğu qüdrətli Heydər Əliyevdə görərək onu təkidlə respublika rəhbərliyinə dəvət etdi. Xalqın səsinə cavab verməyi, Vətəni düçar olduğu bəlalardan xilas etməyi müqəddəs borcu sayan ulu öndər 1993-cü il iyunun 15-də Azərbaycanın rəhbərliyinə qayıtdı və həmin gün tariximizə Qurtuluş günü kimi daxil oldu.
Bundan sonrakı mərhələni Azərbaycanın ən yeni tarixinin inkişaf dövrü adlandıran nazir "Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir" deyən ulu öndərin ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi amillərini ön plana çəkərək demokratik islahatların aparılması, konstitusion dövlət quruluşunun möhkəmləndirilməsi, əmin-amanlığın yaradılması, iqtisadi tənəzzülün dayandırılması, bütün sahələrdə itirilmiş mövqelərin qaytarılması və inkişafın əldə edilməsi istiqamətində fəal işin başlanğıcını qoyduğunu vurğulamışdır.
Qeyd olunmuşdur ki, ümummilli liderin dövlətin əsas sütunlarından və dayaqlarından biri adlandırdığı Azərbaycanın daxili işlər orqanları müstəqilliyin ilk illərində səriştəsiz adamların naşı rəhbərliyi ucbatından faktiki olaraq, iflic vəziyyətinə salınmışdı və əslində, cinayətkarlıqla mübarizə aparmaq iqtidarında deyildi. Belə son dərəcə təhlükəli vəziyyətdə qətiyyətli addımlar atan Heydər Əliyevin cinayətkarlıqla mübarizənin gücləndirilməsi, hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə kriminogen durumun nəzarətə alınması sahəsində qəbul etdiyi qərarlar, bu mühüm məsələlərin icrasına birbaşa nəzarəti və rəhbərliyi sayəsində ölkədəki hərc-mərcliyə, özbaşınalığa son qoyuldu.
Daxili işlər orqanlarının fəaliyyətini xalqa və dövlətə xidmət üçün səfərbər edən ümummilli lider nəticədə bu mühüm, vacib sahədə də qarşıya qoyduğu məqsədə çatdı. Daxili işlər orqanları və onun ayrılmaz hissəsi olan Daxili Qoşunlar öz Prezidentinin inamını doğrultdu və ölkədə uğurla həyata keçirilən quruculuq işlərinin və demokratik islahatların təhlükəsizliyinin təminatçılarından biri oldu. Hazırda Azərbaycan ictimai asayişin təmini baxımından dünyanın ən təhlükəsiz və əmin-amanlığın etibarlı qorunduğu ölkələr sırasındadır.
Daxili işlər naziri xüsusilə vurğulamışdır ki, Heydər Əliyev fenomeninin nəhəngliyi onun təkcə dövrünün qayğı və problemləri ilə yaşamaması, zamanı qabaqlayaraq çox-çox irəlini görməsi, gələcəkdə ölkəni uğurla idarə edə biləcək lider yetişdirməsindədir. Dahi şəxsiyyətin müəyyən etdiyi siyasi kursu xalqımız tam dəstəkləyərək onun davam etdirilməsini Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi, bütün fəaliyyətini Azərbaycan dövlətinin strateji maraqlarının aliliyinə və işıqlı gələcəyinə həsr edən Prezident İlham Əliyevə etibar etmişdir. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin rəhbərliyi ilə ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə etmişdir. Daxili işlər orqanları da yüksək diqqət və qayğı ilə əhatə olunmuşdur. Onların fəaliyyəti dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən yüksək qiymətləndirilir.
Təntənəli mərasimin sonunda tədbir iştirakçıları ulu öndərin zəngin həyat və fəaliyyətindən
bəhs edən, Azərbaycan Televiziyasının istehsalı olan "Vətənə, xalqa
həsr edilən ömür" adlı
sənədli filmə baxmışlar.
Azərbaycan.- 2012.- 8 may.- S. 7.