Almaniyanın Maqdeburq şəhərində Şuşanın işğalına həsr edilmiş tədbir keçirilmişdir

 

 Almaniyanın Maqdeburq şəhərinin Bazar İqtisadiyyatı İnstitutunda Azərbaycanın bu ölkədəki səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə Şuşa şəhərinin işğalının 20  illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Zaxsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin və Almaniya Diaspor Mərkəzi Şurasının təşəbbüsü ilə baş tutan mərasimdə Şuşa şəhərində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev iştirakçılara Şuşada ermənilər tərəfindən törədilmiş dəhşətli hadisələr barədə məlumat vermişdir.

Tədbirdə xalqımızın mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərində tarixi abidələrin, mədəniyyət ocaqlarının, xəstəxanaların və s. dağıdılıb talan edildiyi haqqında geniş məlumat verilmişdir. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparılmış, mövzu ilə bağlı suallar cavablandırılmışdır.

Sonra mərasimdə Prezident İlham Əliyevin 2012-ci il 9 aprel tarixli "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında" sərəncamı oxunmuşdur.

Tədbir iştirakçılarına Azərbaycanın xəritəsi, ərazisi, təbiəti və s. haqda ətraflı məlumat verilmişfilm nümayiş etdirilmişdir.

 

 

Vüqar SEYİDOV

 

Azərbaycan.- 2012.- 8 may.- S. 7.