Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində rabitə
sistemində böyük nailiyyətlər
əldə olunmuşdur
Mayın 7-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndərin RİTN-in binasındakı büstünü ziyarət etmiş, önünə gül qoymuş, Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət guşəyə baxmışlar.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan, 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdaraq xalqı vətəndaş müharibəsindən xilas etməsi haqqında danışmışdır.
Ə.Abbasov demişdir: "Bu gün ölkəmizdəki bütün quruculuq və abadlıq işləri, həyata keçirilən iqtisadi və siyasi islahatlar, Azərbaycanın beynəlxalq nüfuzunun ildən-ilə artması, vətəndaşların firavan həyat şəraitində yaşaması məhz ulu öndərin ideyalarının və siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir. Ölkə başçısı müstəqil dövlətçilik tariximizin yeni mərhələsində Azərbaycanı məhz Heydər Əliyev ideyaları əsasında idarə etməklə, həm də bu ideyaları müasir dövrün tələblərinə uyğun surətdə inkişaf etdirir".
Ə.Abbasov bildirmişdir ki, ölkəmizdə başqa sahələr kimi, rabitənin də inkişafı Heydər Əliyevin bilavasitə adı və fəaliyyəti ilə bağlıdır. Nazir Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrünün 1970-1982-ci illərdə - ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf etdiyini, əsaslı islahatların və yenidənqurma işlərinin aparıldığını, rabitə sistemində böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırmışdır.
Ümummilli lider 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın milli rabitəsi yenidən inkişaf etməyə başlamış, ölkə rəhbərinin müdrik siyasəti nəticəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunmuş və rabitə sahəsinin inkişafında əsl dönüş yaranmışdır.
Tədbirdə çıxış edən digər natiqlər müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan nailiyyətlərdən bəhs etmişlər.
Qeyd olunmuşdur
ki, ümummilli liderin uzaqgörən siyasəti nəticəsində
əldə olunmuş nailiyyətlər
sonrakı illərdə ölkə iqtisadiyyatının
davamlı inkişafı üçün
möhkəm zəmin yaratmışdır.
Azərbaycan.- 2012.- 8 may.- S. 8.