Qubadlı rayonunun Böyük Vətən
müharibəsi iştirakçıları: Erməni faşizmi üzərində Qələbə günümüzü də qeyd
edəcəyik!
Mayın 7-də Qubadlı Rayon İcra Hakimiyyətinin binasında faşizm üzərində Qələbənin 67-ci ildönümü münasibətilə bir qrup veteranla görüş keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Qubadlı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Malik İsaqov veteranları bayram münasibətilə təbrik edərək bildirmişdir ki, bəşəriyyətin XX əsrdə üzləşdiyi ən qanlı müharibələrdən biri - İkinci Dünya müharibəsi olmuşdur. Bu müharibə özünün əhatə dairəsinə, cəlb edilmiş ölkələrin sayına, döyüşlərdə iştirak edən canlı qüvvənin və texnikanın miqdarına, həmçinin gətirdiyi fəlakətlərə, insan itkisinə görə özündən əvvəlki bütün müharibələrdən daha dəhşətli olmuşdur.
Azərbaycanlıların da faşist cəlladlarına qarşı qanlı mübarizədə əzmlə iştirak etdiyi diqqətə çatdırılmışdır. Bu müharibə zamanı 600 mindən artıq soydaşımız ordu sıralarına yola düşmüşdür. Onlardan demək olar ki, yarısı döyüşlərdə həlak olmuşdur. M.İsaqovun sözlərinə görə, həmin dövrdə Qubadlı rayonundan da 3500 nəfərə yaxın insan cəbhəyə yollanmış, onlardan təqribən yarısı həlak olmuşdur. O zaman arxa cəbhədə kənd əməkçilərimiz müharibənin çətinliklərini öz çiyinlərində daşımış, böyük qəhrəmanlıqlar göstərmişlər.
RİH başçısı xüsusi qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə hakimiyyətə gəlməsi veteranların qədir-qiymətini layiq olduqları səviyyəyə yenidən qaldırmış, veteranlara qayğı və diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Ulu öndər Heydər Əliyev demişdir: "Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər". Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qubadlı rayonunda da veteranlara qayğı daim rayon rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdən biridir. Rayonda veteran ailələrinin, müharibə iştirakçılarının məskunlaşma vəziyyətinin yaxşılaşdırılması, maddi köməyin göstərilməsi, vəfat edənlərin dəfni ilə bağlı məsələlərin həll edilməsi və s. məsələlər daim diqqət mərkəzində saxlanılır.
Tədbirdə müharibə veteranları şurasının sədri Abbasəli Hətəmxanov, şəhid atası Əhməd Əliyev və başqaları Azərbaycan dövlətinin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını dilə gətirmişlər. Bildirmişlər ki, bu gün biz faşizmin daha qorxunc bir təzahürü ilə üz-üzəyik. Artıq neçə ildir ki, erməni faşistləri torpaqlarımızı işğal etmiş, minlərlə insanımız görünməmiş vəhşiliklə qətlə yetirilmişdir. Faşizmin nə olduğu bizim üçün bu gün daha aydındır. Veteranlar vurğulamışlar ki, bizim hər birimiz erməni faşizmi üzərində Qələbə günümüzü də qeyd edəcəyik. Buna tam əminliyimiz var. Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət bu qələbəni təmin edəcəkdir.
Sonra tədbir bayram süfrəsi arxasında davam
etdirilmişdir. Müharibə
veteranlarına maddi yardım göstərilmişdir.
Azərbaycan.- 2012.- 8 may.- S. 8.