Konqresmen Bill
KASSİDİ: “Dostluğumuzu
mədəni mübadilələr və ticarət
artımı hesabına genişləndirməliyik”
"Bizim məqsədimiz ABŞ ilə Azərbaycan arasında dostluğu genişləndirməkdir". Bu bəyanatla ABŞ Konqresinin üzvü Bill Kassidi Vaşinqtonda keçirilən Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyinə həsr edilən ikigünlük konfransda çıxış etmişdir.
Luiziana ştatından seçilən respublikaçı konqresmen bildirmişdir ki, bu dostluğu mədəni mübadilələr və ticarət artımı hesabına genişləndirmək lazımdır.
Konqresdə Türkiyə üzrə işçi qrupunun üzvü olan B.Kassidi konfransın işində iştirak edən Azərbaycan nümayəndə heyətinə müraciətində demişdir: "Siz bunların hamısını etməyə səy göstərirsiniz. Buna görə mən sizə minnətdarlığımı bildirirəm. Hər iki tərəf üçün ümumi narahatlıq yaradan mövzu beynəlxalq təhlükəsizlik, xüsusilə də enerji təhlükəsizliyidir. Şübhəsiz ki, Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır.
Biz Kosovo və Əfqanıstanda birgə uğurlu səylərimizi nəzərdən keçirərkən qeyd etmək istəyirəm ki, qarşıda hələ təkcə Mərkəzi Asiya bölgəsində deyil, Qərbi Avropa və digər yerlərdə də birgə atacağımız addımlar vardır. Qarşımızdakı sual isə ondan ibarətdir ki, bu ümumi rolumuzu necə canlandıra bilərik? Zənnimcə, biz çox şeyə qarşılıqlı təmaslar yolu ilə nail ola bilərik. Birgə nahar zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ilə söhbətimiz oldu. Gördüm ki, onlar ABŞ-ın beynəlxalq səviyyədə oynadığı rolu məndən daha yaxşı başa düşürlər. Biz qarşılıqlı yardım, münasibətlərimizdəki boşluqların aradan qaldırılması yolları barədə müzakirələr apardıq. Deyə bilərəm ki, bu mənada biz hamımız səfirlərik. Səfirlər isə təkcə öz ölkəsinin mədəniyyətini təmsil etmirlər, həm də işlədikləri ölkələrin baxışları və mövqelərini də ifadə edirlər. Ona görə mən sizlərə həm öz ölkəmizin, həm də mənim ölkəmin səfirləri olduğunuz üçün minnətdarlığımı bildirirəm.
Ümid edirəm ki, bu konfransda aparılan müzakirələr bir-birimizi daha yaxşı anlamaq üçün gözəl fürsət olacaqdır. Burada olduğunuz üçün sizə təşəkkürümü bildirir, sizi ABŞ-da salamlayır və bir gün təmsil etdiyim Luiziana ştatında görməyi arzu edirəm.
Şəfəq AKİFQIZI
Azərbaycan.- 2012.- 8 may.- S.
9.