Axşamlar günəş batsa
da, səhərlər dan
yeri ağarır
Şuşanın
işğalından 20 il ötür
Məşhur rus musiqi nəzəriyyəçisi V.Vinoqradov 1939-cu ildə "Üzeyir Hacıbəyov və Azərbaycan musiqisi" adlı kitabında yazırdı: "Şuşa musiqi istedadlarının beşiyi idi. Bu füsunkar təbiətli yerin xoş avazlı xanəndələri Zaqafqaziyadan kənarlarda da şöhrət qazanmışdır. Şuşa musiqiçiləri Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər". Həqiqətən də musiqi mədəniyyətimizin inkişafında şuşalı xanəndələrin böyük xidmətləri olub. Məlahətli səsləri ilə fərqlənən və sevilən sənətkarların sırasında əhəmiyyətli yer tutan, böyük muğam ustadı və bilicisi, təsnif, eləcə də xalq mahnılarımızın mahir ifaçısı Zülfü Adıgözəlovu yad etməmək mümkün deyil. Azərbaycan musiqi tarixində "Segah"ın atası İslam Abdullayev sayılıb. Ondan sonra isə bir çox xanəndələr də bu muğama öz möhürünü vurublar. Lakin Zülfü Adıgözəlovun "Segah"ı tamamilə başqa məziyyətlərə malikdir. Bir fərəhli faktı da qeyd edək ki, Azərbaycan vokal sənətinin inkişafında Adıgözəlovların müqayisəolunmaz xidmətləri var. Bu nəslin XX əsrin əvvəllərindən başlayan sənət xidməti indi də səmərəli şəkildə davam edir.
Ata
Zülfü Adıgözəlov 1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olub. İlk təhsilini Ağcabədidə alıb. Əslində, ona uşaqlıqda Zülfüqar adı veriblər. Yayda yaylağa, qışda arana gedərmişlər. Həmişə də bülbüllərə, cəh-cəh vuran quşlara qoşularaq onlarla yarışa qatılarmış. Şirin oxumağına görə valideynləri onu "Zülfü" deyə çağırıblar. Bu adın ahəngində bir incəlik, məhəbbət və səmimiyyət olub. Həyətdən, bağçadan başlayan "konsert proqramları" sonra öz auditoriyasını genişləndirib. Qarabağın el məclisləri Zülfüsüz keçmirdi. 1926-cı ilin sonlarından başlayaraq o, bir xanəndə kimi Gəncə toylarında da fəal iştirak edirdi.
Sonra gənc Zülfünün həyatında maraqlı hadisə baş verib. Şuşa məclislərinin birində Cabbar Qaryağdıoğlu Zülfünü dinlədikdən sonra onu Bakıya işləməyə çağırıb. Beləliklə də Zülfü Adıgözəlov Bakıda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qurban Pirimov, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski kimi sənətkarların qarşısında imtahan verib. Onun ifasındakı "Çahargah" hamını heyran edib. Uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında çalışması Zülfü üçün əsl sənət məktəbi olub.
Zülfü Adıgözəlov təkcə xanəndəlik etmirdi. O, 1929-1932-ci illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, bu səhnədə bir sıra rollar yaratmışdır. Musiqi tədqiqatçısı Firidun Şuşinski yazırdı: "Cəsarətlə demək olar ki, əgər Cabbar Qaryağdıoğlu muğam mülkünün baş memarı idisə, Zülfü də bu mülkün əvəzolunmaz rəssamı idi". Belə bir fikir var ki, Cabbar Qaryağdıoğlu "Mahur"a, İslam Abdullayev "Segah"a, Seyid Şuşinski "Çahargah"a adlarını yazdıqları kimi, Zülfü də "Rast" muğamına öz silinməz möhürünü vurub. Zülfü Adıgözəlov "Rast" muğamına məlahətli səsi, həzin nəfəsi, incə xalları, qəribə xırdalıqları ilə yeni forma və məna gətirdi. O, "Segah" ustası idi. Zülfünün həzin nəfəsində, zəngulələrində, nisgilli guşələrində qəribə bir əfsun var idi.
Onu dinləyənlər söyləyirlər ki, Zülfü sadəcə oxumurdu. Sanki avazı ilə şirin nağıl söyləyirdi. Bu səbəbdən də xalq arasında çox sevilirdi. Ömrünün son illərində musiqi məktəblərində çalışan Zülfü Adıgözəlov hətta Mütəllim Mütəllimov, Sahib Şükürov, Sürəyya Qacar, Əbülfət Əliyev, Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Tələt Qasımov kimi mahir xanəndələrin müəllimi olub. Ondan dərs alanlar həmişə söyləyirdilər ki, nə qədər gözəl oxusalar da, Zülfünün muğamlarda işlətdiyi nadir və çətin üsulları təkrar edə bilməyiblər.
Onun ifa etdiyi, lentə və qrammofon vallarına yazdırdığı "Rast", "Mahur hindi", "Segah-Zabul", "Bayatı-Şiraz", "Humayun" muğam dəstgahları, bir sıra təsnifləri, xalq mahnıları musiqi xəzinəmizin təkrarolunmaz, nadir inciləridir.
Azərbaycan kinosunun inkişafında da Zülfü Adıgözəlovun xidmətləri var. "Səbuhi", "Bakılılar", "Kəndlilər" filmlərinin çəkilişinə dəvət alan unudulmaz xanəndəmiz bu məşhur filmlərdə məlahətli səsini əbədiləşdirib.
Cəmi 65 il ömür sürən Zülfü Adıgözəlov həm Azərbaycan vokal sənətinin inkişafında böyük xidmət göstərib, həm də özündən sonra onun yolunu yaşadacaq övladlarına bu şərəfli işi ürəklə etibar edib.
Oğullar
Ustad xanəndənin ailəsində böyüyən Vasif ilk sənət məktəbini məhz evlərində keçib. Atasının yaxın dostları olan Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov, Əliağa Vahid, Xan Şuşinski, Əhməd Bakıxanov kimi sənətkarlar Vasif Adıgözəlovun yaddaşında unudulmaz şəxsiyyətlər kimi yaşayıblar. Onun laylası da muğam idi, qibləsi də... Həyatı boyu uşaqlığından gələn bu müqəddəs hisslərə həmişə bağlı olub. Bəlkə də buna görə Vasif Adıgözəlovun bəstəkar kimi uğurları ardıcıl olaraq bir-birini əvəz edirdi.
Ötən yüzilliyin musiqi tarixində əhəmiyyətli yer tutan bəstəkar Qara Qarayevin Vasif Adıgözəlovun müəllimi olması isə gənc musiqiçinin gələcək həyat yolunu dəqiq müəyyənləşdirdi. Vasif Adıgözəlov Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki orta ixtisas musiqi məktəbində oxuyurdu. Xatirələrində yazır ki, fənn müəllimi bəstəkar Midhət Əhmədov gəncin fortepiano pyeslərinə qulaq asandan sonra ona məsləhət görüb ki, bu əsərləri Qara Qarayevə göstərsin. Vasif müəlliminin dediklərinə əməl edib. Gənclərə həmişə qayğı və həssaslıqla yanaşan Qara Qarayev Vasifin həmin əsərlərini dinlədikdən sonra ilk sualı bu olub: "Bəstəkar olmaq istəyirsənmi?" Əslində, bu, sualdan çox istedadlı bir musiqiçinin həyat yolunu düzgün istiqamətləndirən dahi bəstəkarın uzaqgörənliyi idi. 1953-cü ildə konservatoriyaya daxil olan Vasif Adıgözəlovun bəxti həm də onda gətirib ki, o, Qara Qarayevin sinfində oxuyub.
Ötən əsrin 60-cı illərində Azərbaycan musiqisinin inkişafında istər gənc, istərsə də tanınmış bəstəkarlar həqiqətən böyük fədakarlıqlar göstərirdilər. Bu dövrdə yaranan əsərlərdə bir təkamül vardı. Vasif Adıgözəlova ilk uğuru "Qəhrəmanlıq" simfonik poeması gətirdi. Hətta Moskvada gənc bəstəkarların əsərlərinə keçirilən baxışda maestro Niyazinin dirijorluğu ilə səslənən konserti də birinci dərəcəli diploma layiq görüldü. Vasif Adıgözəlov çox gərgin işləyən məhsuldar bəstəkar olub. 60-cı illərin simfonik musiqi sahəsində ərməğanı çoxdur. İlk operası "Ölülər" olub. Əsər əvvəlcə televiziyada göstərilib. Sonra isə 1963-cü ildə yenə də Moskvada Niyazinin dirijorluğu ilə səsləndirilib.
Bədii ifadə keyfiyyətinə görə Azərbaycan xor sənətində yeni bir mərhələnin də başlanğıcını Vasif Adıgözəlov qoyub. Onun "Odlar Yurdu" oratoriyası Azərbaycan Dövlət mükafatına layiq görülüb. Üçüncü konserti, "Qarabağ şikəstəsi" oratoriyası da mədəniyyətimizin yeni səhifəsini yazdı. İki irihəcmli əsəri - "Segah" simfoniyası və "Xan qızı Natəvan" operası bəstəkara növbəti şöhrəti qazandırdı. Rəngarəng və məhsuldar yaradıcılığa malik bəstəkarın əsərləri Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Rika, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının konsert salonlarında dəfələrlə səsləndirilib, lentə, vala, kompakt diskə yazılıb.
Görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlov dövlət müstəqilliyimizi qazandıqdan sonra bəstəkarlar arasında ilk dəfə olaraq əməyi yüksək dəyərləndirildi. Unudulmaz Heydər Əliyevin fərmanı ilə Vasif Adıgözəlovun anadan olmasının 60 illiyi ilə əlaqədar ona "Şöhrət" ordeni verildi. Prezidentin fərdi təqaüdünə layiq görüldü. 2005-ci ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən "İstiqlal" ordeni ilə təltif edildi. Bu xoş münasibətin və qayğının nəticəsi olaraq Vasif Adıgözəlov həm də türklərin ən böyük əsərini - "Çanaqqala" oratoriyasını yazdı. İllərdir ki, bu əsər Türkiyənin bütün rəsmi bayramlarında, əlamətdar günlərində səsləndirilir. 200 nəfərlik musiqiçinin ifa etdiyi bu möhtəşəm əsər Vasif Adıgözəlov yaradıcılığında səciyyəvi hal olan vətən sevgisini, övlad vəfasını, böyük amallar uğrunda mübarizəni vəhdət şəklində ifadə edir.
Zülfü Adıgözəlovun sevimli övladlarından biri də Rauf idi. O da bütün varlığı ilə musiqiyə bağlı idi. Musiqi aləmi ecazkar bir qüvvə ilə Raufu özünə çəkirdi. Ailədəki mühit Rauf Adıgözəlovu da əbədi olaraq musiqiyə bağladı. O, 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. Gözəl skripkaçı idi. Elə həmin il də gənc ifaçıların I Zaqafqaziya müsabiqəsində iştirak etmişdi. Təhsilini daha da mükəmməlləşdirmək üçün P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında da oxudu. Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster köməkçisi vəzifəsində çalışdı.
Məlahətli, ürək titrədən səsə malik olan Rauf Adıgözəlov mahnı janrının inkişafında da öz əməyini əsirgəmədi. Bir tərəfdə orkestrdə çalışır, kamera ansamblında işləyir, o biri tərəfdə də bəstəkar mahnılarına, romanslara öz nəfəsi ilə yeni həyat verirdi. Yumşaq və həzin səsə malik olan Rauf Adıgözəlov klassik və müasir bəstəkarların əsərlərini özünəməxsus bir zərifliklə ifa edirdi. 1991-ci ildə əməkdar incəsənət xadimi adına layiq görülən Rauf Adıgözəlov Azərbaycan Dövlət Koservatoriyasında gənc kadrların yetişməsində böyük zəhmət çəkmişdi. O, bu təhsil ocağında dosentlikdən professora qədər yüksəlmişdi. 1966-cı ildən Dövlət Kamera Orkestrində solist kimi çalışırdı.
Daha çox
vokal və skripka
ifaçısı kimi məşhur olan Rauf Adıgözəlov
müxtəlif ölkələrdə konsert
proqramı ilə çıxış edərdi. O, 1996-cı ildə
Misir Musiqi Akademiyasına professor kimi
dəvət almışdı.
Xoş sorağı tez-tez eşidilirdi. Amma Bakısız
darıxırdı. Belə nisgilli
günlərin birində
izin alaraq doğma şəhərə
öz əzizləri ilə görüşmək
üçün gəldi.
Amma taleyin qismətinə bax ki, bu
görüş əbədi
və son oldu.
Nəvə
Adıgözəlovlar nəslinin layiqli davamçısı Yalçın Vasifoğlu pianoçu kimi Bülbül adına orta ixtisas məktəbini bitirərək 1982-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano ixtisası üzrə professor Rauf Atakişiyevin sinfində təhsil almışdır. Sonralar azərbaycanlı gəncin sorağı Leninqrad Dövlət Konservatoriyasından gəldi. O, burada dirijorluq ixtisasına yiyələndi. Eləcə də opera simfonik dirijorluğunu maestro İ.A.Musindən öyrəndi. Təhsilini başa çatdırdıqdan sonra doğma şəhərə qayıdan Yalçın Adıgözəlov filarmoniyada Üzeyir Hacıbəylinin adını daşıyan simfonik orkestrdə dirijor kimi fəaliyyətə başladı. Bu kollektivlə həm doğma vətəndə, həm də müxtəlif xarici ölkələrdə klassik simfonik və müasir, xüsusilə də azərbaycanlı bəstəkarların əsərləri ilə yanaşı, Qərb sənətçilərinin musiqilərinin səsləndirilməsinə də dirijorluq etdi. Şöhrəti Azərbaycanın hüdudlarından kənarda dolaşan Yalçın Adıgözəlov 2001-ci ildən İstanbul Opera və Balet Teatrının dirijorudur. İstedadlı musiqiçi bir çox ölkələrin (Rusiya, ABŞ, İspaniya, Avstriya, Belçika, Rumıniya...) aparıcı simfonik orkestrləri ilə əməkdaşlıq edir. O, dəfələrlə dünyada tanınan musiqiçilərlə bir səhnədə çıxış edib. Hazırda Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru olan Yalçın Adıgözəlov Rusiyanın böyük simfonik orkestrləri ilə birgə ABŞ və Rusiyada buraxılmış səkkiz kompakt disk yazdırıb. Ona bir səadət də qismətdir ki, atası, bəstəkar Vasif Adıgözəlovun Akademik Opera və Balet Teatrında səhnəyə qoyulan "Natəvan" operasının musiqi rəhbəri və dirijoru olub. Həqiqətən də ömür itmir, bitmir, davam edir. Zülfüdən başlanan yol bu gün Yalçın Adıgözəlovun fəaliyyətində dünya ölkələrinin möhtəşəm konsert salonlarına yönəlib. Nə xoş ki, Adıgözəlovların evində hələ balaca Zülfülər, Vasiflər, Rauflar... böyüyəcək. Axşamlar günəş batsa da, səhərlər dan yeri ağarır!
F.XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 8 may.- S. 10.