Nəvvabın əsəri - Şuşanın tarixi

 

Şuşanın işğalından 20 il ötür

 

Uzun illər Qarabağın tarixi ilə əlaqədar böyük əhəmiyyət kəsb edən onlarla yazılı mənbə və sənədlər müxtəlif arxivlərdə, Əlyazmalar İnstitutunda, ayrı-ayrı insanların şəxsi kitabxanasında saxlanılıb. Bu dəyərli mənbələrin əksəriyyətindən də çoxumuzun xəbəri olmayıb. Bu səbəbdən də Qarabağın tarixi lazımınca, daha doğrusu, olduğu kimi araşdırılmayıb. Sovet hakimiyyəti illərində də bu məsələ ermənilərin xeyrinə olaraq ört-basdır edildi. Bir çox həqiqətlər millətimizdən gizlədildi. Yalnız ötən əsrin sonlarında bəzi tədqiqatçılar tərəfindən araşdırılaraq üzə çıxarılan tarixi, ədəbi, bədii, publisistik oçerklər çap edilməyə başladı. Bu sırada diqqəti çəkən üç mənbənin adını mütləq deməliyik. XVIII və XIX əsərlər arası Qarabağ tarixini əhatə edən Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si, Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi" və Əhməd bəy Cavanşirin "Qarabağ xanlığının siyasi vəziyyətinə dair (1747-ci ildən 1805-ci ilə qədər)" əsərləri çox az tirajla çapdan çıxdı və nadir kitablar sırasında öz yerini tutdu.

"Qarabağnamə"lərin müəllifləri əsasən Qarabağın tarixi coğrafiyasını, etnik tərkibini, baş vermiş siyasi hadisələri, o cümlədən bu gözəl torpaqda ucaldılan abidələrimizi, Qarabağ xanları tərəfindən salınan yaşayış məskənlərini geniş şəkildə qələmə alıblar. Bugünümüzlə səsləşən ən vacib məsələlərdən biri isə ermənilərin bu torpağa sonradan gəlmələri də məhz həmin mənbələrdə öz əksini tapıb. Bir məsələni də qeyd edək ki, Şuşanın tarixindən söz açanda Mir Möhsün Nəvvabın yazdıqlarına müraciət etmək bəs edər. Onun qələmə aldığı "1905-1906-cı illərdə erməni-müsəlman davası" haqqındakı müşahidələri bəs edər ki, bu dilbər guşənin başına gələn bəlalardan yetərincə xəbər tutaq.

Uzun illər bu sənədli tarixi əsər əlyazma şəklində Nəvvabın törəmələri tərəfindən mühafizə edilərək saxlanılıb. Yalnız dövlət müstəqilliyimizi qazandıqdan sonra Qarabağla bağlı bir sıra qaranlıq mətləblərə güzgü tutuldu. O zaman bu əsərin izinə düşən xeyirxahlar onu əldə edərək kitab şəklində çapa hazırladılar. Filologiya elmləri namizədləri Kamandar Şərifli və Arif Ramazanzadə Mir Möhsün Nəvvabın əski əlifba ilə yazdığı bu dəyərli abidənin qrafikasını təzələyərək 1993-cü ildə oxuculara təqdim etdilər. Həqiqətən də Mir Möhsün Nəvvabın bu əsəri Şuşanın tarixini və taleyini əks etdirmək baxımından çox dəyərli və qiymətlidir. Müəllif yazıya aldığı hadisələrin əksəriyyətinin şahididir. Eləcə də bir sıra əhvalat və məsələlər var ki, onları da yaxın adamlarından, qohum və əqrəbalarından eşidərək qələmə alıb.

Əsərin girişi də maraqla başlanır: "İzzətli və mehriban qardaşlarım, hüzurunuza böyük ehtiramla Nəvvab Mir Möhsün, mərhum Hacı Seyid Əhməd Ağamirzəzadə Qarabaği oğlu ərzi-əhval edir ki, bu vaxtlar, yəni... 1905-ci ildə Qafqaz vilayətində və bir para xarici ölkələrdə ermənilərlə müsəlmanlar arasında baş vermiş iğtişaşların və qırğınların bir parasını qələmə alaraq müxtəsər şəkildə yadigar qalmaq üçün Azərbaycan türkisində qələmə aldım". Əlbəttə, bu "yadigar" sözünün mətləbi aydındır. Nəvvab, əslində, baş vermiş iğtişaşların baiskarlarını gələcək nəslə çatdırmaq üçün böyük vətənpərvərlik və uzaqgörənlik edib. Əvvəlcə Şuşa qalasının yaranmasından söz açıb. Məlum olub ki, bu qalanın tikilməsindən öncə Pənahəli xan əvvəlcə Bayatda bir qala tikdirib, sonra Tərnəkütdə başqa bir qala bina edib. Lakin heç birinin coğrafi mövqeyi xanın xoşuna gəlməyib. Əyanlar ona məsləhət görüblər ki, gözəl havası olan, səfalı, hündür bir yer var ki, orada yeni bir qala tikdirə bilər. Bu yer mövqeyinə görə də, müdafiə baxımından da münasib idi. Beləliklə, Pənahəli xan öz əyanları ilə həmin yerə baxarkən görüb ki, çox hündür bir yerdir. Dörd ətrafı uca qaya və dağlarla əhatə olunub. "Uçan quşlardan başqa insan və heyvan həmin qayalarla qalxıb-enməyə qadir deyil. Bura yalnız iki tərəfdən - şərqdən və qərbdən gediş-gəliş yolları var" (M.M.Nəvvab). Pənahəli xan oranı bəyənir və fikirləşir ki, bura gözəl bir şəhər yeridir. Çətinlik törədən axar suyun və çayın olmaması idi. Xanın əmri ilə kankanlar əvvəlcə burada quyular qazıblar. Su çıxdıqdan sonra Pənahəli xanın əmrinə əsasən həmin yerdə qala tikilib. Uzun müddət həmin yer Pənahabad qalası adlandırılıb. Sonralar qalaya Şişə, nəhayət, Şuşa deyiblər. Qala get-gedə abadlaşaraq gözəl bir şəhərə çevrilib. Mənbələrdən də məlumdur ki, onu Avropanın ən məşhur şəhərləri ilə müqayisə edərək üstünlüyü Şuşaya veriblər. Burada zərbxana tikilərək pul - sikkələr kəsiblər. Pənahəli xanın vəfatından sonra taxt-taca hökmranlıq oğlu İbrahimxəlilə qismət olub. Ağa Məhəmməd şah Qacarın ordusu Qarabağa hücum etdikdən sonra İbrahimxəlil xan Dağıstana qaçıb.

Səməd Vurğunun "Vaqif" dramında deyildiyi kimi: "Keçdi pəncəmizə gözəl Qarabağ" söyləyən Ağa Məhəmməd şah Qacar İbrahimxəlil xanın oğlu Məhəmməd Həsən ağanın evini özünə iqamətgah seçmişdi. Bir gün ona xəbər gətirirlər ki, nökəri Səfərəli nəsə xəyanət edib. O da belə bir əmr verir ki, sabah müqəssirlərin hamısının başını kəsdirərək bir minarə tikdirəcək və Səfərəlinin başını lap yuxarıda qoyacaq. Nəvvab yazırdı: "Həmin Səfərəli şahın qapısında keşikçi durardı. O gecə bir yoldaşı ilə birlikdə şahın yatdığı evə daxil olub xəncərlə şahın qarnını yırtıb öldürüblər". Bu hadisə 1796-cı ildə baş vermişdir. Şahın qətlindən sonra qoşun İrana qayıtdı. İbrahimxəlil xan yenidən Şuşaya döndü. Bu xəbər Ağa Məhəmməd şahın vəliəhdi Fətəli şaha çatdırıldı. Yenidən İran qoşunları Qarabağa yeridildi. Bu zaman İbrahimxəlil xan Gəncədən - rus sərdarından kömək istəyib. Nəvvabın yazdığına görə, İran qoşunu bu döyüşdə zəiflik göstərərək geri qayıdıb. Vuruşdan sonra İbrahimxəlil xan öz atlıları ilə birlikdə geri dönərək qalaya gəlmək istəyib. Rus sərdarı isə gileylə bildirib ki, qalanızı çox tərifləyirlər. Amma siz məni dəvət etmirsiniz ki, qalaya tamaşa edim. Nəvvab ürək ağrısı ilə o hadisəni belə təsvir edib: "Yazıq xan safürəkliyindən rus sərdarının bu hiyləsini anlamayıb. Buyurub ki, nə eybi var, Gəncəyə bir neçə gün gec gedərsiniz". Beləliklə, xanın yanına düşüb Şuşaya daxil olan sərdar rus dilində öz əsgərlərinə "işarəmi gözləyin" deyib. Onlar şəhərə daxil olduqdan sonra sərdarın işarəsi ilə rus əsgərləri şeypur çalmağa başlayıblar. Xan buna təəccüblənəndə sərdar onun qarşısına gələrək söyləyib ki, biz artıq qalanı zəbt etdik. Əgər sən rus padşahına bu qala və bütün dövlətinlə tabe olursansa, hakimiyyət əlində qalacaq. Yox, tabe olmaq fikrində deyilsənsə, sənə üç saat möhlət verilir. İmarətindən nə ehtiyacın varsa, götür get. Bu xəyanətdən təsirlənən xanın hər yerdən əlacı kəsilir. Yaxınlarını, lazım olan əşyalarını götürərək nökərləri və qoşunları ilə qaladan çıxır. Amma bir tədbirə də əl atır. Fətəli şaha (İrana) bir məktub yazıb Qurani-Şərifin arasına qoyaraq ona göndərir. Həmin məktubda bildirir ki, rus sərdarı hiylə ilə onun başına hansı bəlanı gətirib. Şah bu hadisədən xəbər tutan kimi 12 minlik qoşunla xanın köməyinə gəlir. Casusları sayəsində rus sərdarı bu işdən agah olan kimi bir neçə yüz əsgəri toplayaraq Qala divarlarındakı bir bürcün altında yerləşən lağımdan keçərək Şuşakəndə girir. Onların bələdçiləri də ermənilər olub. İbrahimxəlil xanı və onun ailəsini atəşə tutublar. Mir Möhsün Nəvvab bildirir ki, onun babası Əmiraslan bəy də o zaman xanın yanında olub. Atılan güllələrdən bir neçəsi İbrahimxəlil xana dəyib. Əmiraslan bəy xan qızı Gövhər ağanı özü ilə apararaq təhlükəsiz bir yerdə gizlədib. İbrahimxəlil xanın ölümündən sonra rus dövləti Qafqaz məmləkətinə hakim oldu.

Mir Möhsün Nəvvab 1905-1906-cı illərdə ermənilərin Azərbaycanın müxtəlif şəhər və kəndlərində, eləcə də ətraf bölgələrdə törətdiyi iğtişaşlarla bağlı çox təsiredici, tükürpədici məqamları qələmə alıb. Belə ki, Şuşa qalasının şərq tərəfində Bağrıqan adlı bir dağ var. Bu dağın niyə belə adlanması ilə əlaqədar Nəvvab yazırdı ki, o dağın yaxınlığında bir erməni yaşayırdı. Aban Koxa adlanan bu quldur öz əlaltılarına buyurmuşdu ki, harada əllərinə müsəlman düşsə, onun hüzuruna gətirsinlər. O, müsəlmanı üzü üstə yerə yıxar, sonra onun arxasının dərisindən dörd barmaq enində bıçaqla boynundan qom ətinəcən iki tərəfdə xətt çəkdirər və dərinin ucunu aşağı əyilmiş ağacın qüvvətli bir budağına bənd edib buraxardı. Ağacın budağı yuxarı qalxanda o yazıq müsəlmanın dərisi soyulardı və bağırtısı dağa düşərdi. Bu əhvalatı görənin də, eşidənin də bağrı qan olardı. Buna görə də həmin dağa Bağrıqan dağı deyərdilər.

Ermənilərin hansı xislətə və hiyləgərliyə, vəhşiliyə, bəd əmələ sahib olmasını Mir Möhsün Nəvvab belə səciyyələndirib: "Əvvəla, bunu bilmək lazımdır ki... ermənilər çox kinli, ədavətli, təkəbbürlü, xudpəsənd və xəmirləri fitnə-fəsadla yoğrulmuş adamlardır. Hansı vilayətdə ki bunlar tapılır, mütləq orada bir ədavət və iğtişaş olacaq. Qafqaz vilayətlərində nə qədər iğtişaş və münaqişələr baş verirdisə, onların birinci səbəbkarı... ermənilər olurdu". Beləliklə, Nəvvab ermənilərin ötən əsrin əvvəllərində Bakıda, İrəvanda, Tiflisdə, Naxçıvanda, Təbrizdə, Xorasanda, Qarsda, Şuşada törətdikləri iğtişaşlardan ətraflı bəhs edib. Ermənilərin vəhşiliklərindən söz açan Nəvvab bir hadisəni belə nəql edirdi: "Qarət və qan tökməklə məşğul olan erməni dəstələrindən biri Xaspolad adlı bir müsəlmanın dəyirmanında ağlagəlməz faciə törətdi. Onlar kişini güllə ilə öldürdükdən sonra qucağında dörd aylıq uşağı olan qadına yaxınlaşdılar... Övrət dedi ki, Allah xatirinə, məni öldürün, ancaq uşağa əl vurmayın. Ermənilərdən ikisi irəli çıxıb "qorxma, uşağı öldürməyəcəyik", - dedilər. Onlar körpəni qadından alıb bələyini açdılar. Ermənilərin hərəsi uşağın bir ayağından tutub qüvvətlə çəkdilər. Uşaq iki para oldu. İki yerə bölünmüş uşağın parçalarını qadının üstünə atdılar..." Ermənilər uşaq qatili olmaqlarını illər boyu təsdiqləyiblər.

Mir Möhsün Nəvvabın bu qaniçənlərə üz tutaraq dediyi nəsihətlər də bu gün üçün çox aktualdır. Bu sualların ahəngindəki mənalar da çox düşündürücüdür. "Erməni tayfasına nəsihətlər" adlanan bölmədə oxuyuruq: "Əvvəla, bu tayfadan sual edirəm ki, bu qədər mərdiməzarlıq və nahaq qanlar tökməkdə, mülklərin və malların talan və tarac edilməsində, yanıb xarabazarlığa çevrilməsində mətləbiniz nədən ibarətdir?

Əgər məqsədiniz padşahlıq və kral olmaqdırsa, sizin bu təbiətinizlə və insafsızlığınızla, heyhat, ağlasığan iş deyil. Ağıllı və kamallı insanın sizin haqqınızda düşüncəsi belədir ki, belə səfeh hərəkətlərlə sizin tayfaya nəinki padşahlıq, heç koxalıq və kəndxudalıq da yaraşmır. Bu, dəfələrlə mötəbər dəlillərlə sübut olunmuşdur.

Birincisi budur ki, Allah-Taala zalıma iqtidar və ixtiyar verməz. Əgər pişiyə qanad versəydi, quşların toxumunu Yer üzündən kəsərdi. Hərgah, dəvəyə və filə qanad versəydi, tamam damlar dağılardı.

İkincisi, özünüzə məlumdur ki, bundan əvvəl erməni tayfası çox idi. İlan kimi çölü yumşaq, içi zəhərlə dolu olduğundan, basdığını kəsdiyindən, mürüvvətsizliyindən, həddini keçdiyindən və başqa xalqlara rəhm etmədiyindən, o qədər belə insafsızlıq və zülmkarlıqla məşğul olduğundan hansı millətin əlinə düşürdülərsə, əməllərinə görə onlara layiqli cəza verirdilər". Bu tövsiyədən sonra Mir Möhsün Nəvvab bir əlavə də yazıb: "Bir mötəbər ziyalı mənə danışdı ki, Almaniyanın dövlət xadimi və alimi deyib ki, əgər ermənilər bu cür yol tutub getsələr, çox tezliklə dünyanın üzündən yox olacaqlar. Siz ermənilər Allah-Taalaya dua edin ki, sizlərə rəhmli və insaflı ürək, xoş niyyət, fitnə-fəsadlardan uzaq, gözəl əməllər qismət edərək xasiyyətinizi dəyişdirsin və pis əməllərdən çəkindirsin. Bəlkə bu zaman insanlığa layiq sifətlər əldə edəsiniz. Yoxsa siz bu vəhşi təbiət və qəddarlıqla... padşah ola bilməyəcəksiniz. Nahaq qanlar töküb namərdliklə qəflətən insan məxluqunu öldürüb, burun-qulağını kəsib, başına nal çalmaqla və başqa növ vəhşiliklə millət olmaq mümkün deyildir. Belə qəddar və vəhşi adamlar nəinki millət olmaz, əksinə, o, həmişə zəlil və bütün məxluqatın ayaqaltısı olar. Siz xalqınız içərisində əkdiyiniz qəddarlıq toxumunun tezliklə barını görəcəksiniz. Bununla siz başqaları üçün qazdığınız quyuya, yəqin edin ki, özünüz düşəcəksiniz. Bir ağacın ki meyvəsi zülm ola, bir gün onun gövdəsinə balta çalacaqlar".

Bu fikirlərin yazılışından yüz ildən artıq vaxt keçir. Dünyada çox dəyişmələr, yeniləşmələr baş verib. Ermənilər elə iki yüz il bundan öncə hansı fəndgirlikdə, hiylədə, qansızlıqda, vəhşilikdə olublarsa, elə də qalıblar. Nahaq qanlara bais olmaqdan, qəddarlıqdan əl götürməyiblər. Mir Möhsün Nəvvabın Şuşası 20 ildir ki, erməni faşistlərinin işğalı altındadır. Bu böyük türk oğlu hələ o zaman necə də haqlı bir sual verirdi: "Bu qədər zülm, sitəmkarlıq, insafsızlıq və özbaşınalıqla bu əyalətdə (yəni Şuşada - F.X.) bayrağınızı qaldırmaq istəyirsiniz. Lakin ona layiq ola bilməyəcəksiniz. Çünki o bayraq ucalarsa, əvvəl onun altına başı-gözü mismarlanmış, burnu-qulağı kəsilmiş, başları daş və çəkiclə əzilmiş, bədənləri zülm odu ilə odlandırılmış şəxslərin övladları gəlib sizdən sorğu-sual edəcəkdir. Bunu yəqin bilin ki, bu zülmlərin əvəzi çox tezliklə onu törədənlərdən çıxılacaq. Allah-Taala bu zülmləri törədənlərə rəhm etməyəcəkdir!"

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 8 may.- S. 10.